Cavid Hüseynov son söz dedi: “Elşən Rasimi ana söyüşünə görə vurub” - FOTOLAR

Bu gün Səbail Rayon Məhkəməsində ann.tv saytının əməkdaşı Rasim Əliyevin döyülərək, öldürülməsi ilə bağlı həbs edilən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti iclası davam etdirilib.
Musavat.com-un məhkəmə prosesində iştirak edən əməkdaşl xəbər verir ki, prosesdə Cavid Hüseynov son sözlə çıxış edib.
C.Hüseynov bildirib ki, ona qarşı irəli sütülən ittihamlar əsassızdır: "Mənim günahsız olduğum sübuta yetirilib. Qohumum Elşən Rasimi ana söyüşünə görə vurduğunu deyib. Mən də hadisədən xəbərsiz olmuşam. İşi hüquq-mühafizə orqanlarından gizlətmək barədə düşünməmişəm. Günahsızlığım sübut olunduğundan barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm. 16 ildir ki, profesional futbol oynayıram. Heç vaxt heç bir jurnalistlə problemim olmayıb.
Mən şəhid oğluyam. Atam döyüşə gedəndə 3 övladını bu xalqa tapşırıb. Mən də dövlətim, xalqım üçün mübarizə aparıb, bayrağımızı qaldırmışam. Ancaq indi düşdüyüm vəziyyətə baxın".
C.Hüseynovun çıxışından sonra məhkəmə müşavirəyə yollandı və növbəti proses mayın 31-nə təyin edildi.
Xatırladaq ki, prokuror futbolçuya 4 il iş istəmişdi.
Qeyd edək ki, Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Rasim Əliyevi öldürməkdə təqsirləndirilən şəxslər Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevə isə aprel ayının 1-də hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən E.İsmayılov 13 il, C.Məmmədov 11 il, A.Əliyev 12,5 il, K.Mədətov 9 il və S.Mustafayev 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumat üçün onu da qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.