​Cavanşir Paşazadə: “Doqquz bacımdan biri kran işlədən olub” – MÜSAHİBƏ

 
Milli Məclisin deputatı Cavanşir Paşazadə Teleqraf.com-un suallarını cavablandırıb:
 
- Artıq bir neçə ildir Aşura günü ilə əlaqədar məscidlərdə qanvermə aksiyası keçirilir. Siz özünüz də ötən gün “Təzəpir” məscidində qan verdiniz. Ancaq sosial şəbəkələrdə yayılan videolarda başyarma, zəncirvurma ənənələrinin qaldığının şahidi olduq. Cənub bölgəsindən seçilən deputatsınız, sizcə, qanvermə aksiyaları böyük əksəriyyətin Aşura günü ilə bağlı fikirlərində dəyişiklik edə bilib?
 
- Təbii ki, insanların Aşura günü ilə bağlı fikirlərində böyük dəyişiklik hiss olunur. Nəinki “Təzəpir” məscidində, bütün respublikamızda qanvermə aksiyaları keçirildi. Ötən gün Türkiyədə idim, orada təriqət məsələlərinin olduğunu desələr də, sünni və şiələr qan verdilər. Bizə dedilər ki, Azərbaycandakı qanvermə aksiyasını biz də keçiririk. Əlbəttə, açıq şəkildə sinədöymə, zəncirvurma, baş yarmaq, qan çıxarmaq xurafat dövründə qalan ənənələrdir, bunların dinlə, İmam Hüseynlə heç bir əlaqəsi yoxdur. Bu, insanların qurduğu şeylərdir. Diqqət etməliyik ki, belə hərəkətləri edəndə nə qədər günah qazanırıq? Analarımız, bacılarımız, gəlinlərimiz olan yerdə gənc oğlanın yarıçılpaq şəkildə bədənini nümayiş etdirməsinin günahı savabından çoxdur. Dünyada İslama şübhəli, kölə təfəkkürlü baxılması belə hərəkətlərdən doğur. Vaxtilə mətbuat geniş yayılmayıb, elmi işlər görülməyib deyə bu cür cahil yanaşmalar yayılıb. Azərbaycanda din dövlətdən ayrıdır, ancaq dindar dövlətdən ayrı deyil. Ölkədə böyük əksəriyyət müsəlmandır. Düşünürəm ki, zamanla bu məsələlər öz yerini tapacaq, insanlar anlayacaqlar ki, sivil formada, qanuni şəkildə icazə verilən yerlərdə Aşura mərasimlərini keçirmək lazımdır.
 
- Avrasiya İslam Şurasının Zirvə toplantısında iştirak üçün İstanbulda olduğunuzu dediniz. Hərbi çevrilişə cəhddən sonrakı Türkiyənin durumu necədir? Ümumi mənzərə haqda danışmanızı istərdim...
 
- Türkiyədə dövlət əleyhinə hərbi çevriliş cəhdini böyük faciə sayıram. Bu hadisənin qarşısının alınması tək qardaş xalqın işi deyil, yuxarıdakı Allahın köməyi ilə Türkiyə bəladan xilas oldu. Belə dəhşətli hadisə Türkiyə xalqı üçün faciəli nəticələrə gətirib çıxara, Azərbaycan üçün də öz təsirini göstərə bilərdi. O hadisələrdən sonra bir neçə dəfə Türkiyədə olmuşam. Doğrudan da Türkiyə xalqı öz dövlətinin siyasətini, ölkə rəhbərini dəstəkləyir. FETÖ-nun əsl siması açıldı, əvvəllər cəmiyyət arasında dindar kimi tanınırdılar, insanlar gördü ki, dinin içində böyük siyasət aparılıb, camaat deyilən kəsim artıq xalqın içərisində inamını itirdi. Xalqın əhval-ruhiyyəsində böyük fərq hiss etdim. Çox şükürlər olsun ki, Türkiyədə hər şey nizamlanıb.
 
- Zaman-zaman FETÖ uzantılarının Azərbaycanda olduğu barədə fikirlər səslənib. Hazırda Azərbaycanda FETÖ təhlükəsi varmı?
 
- Hesab edirəm ki, Azərbaycanda təhlükə törədəcək səviyyədə deyildi. FETÖ uzantıları vardı, burada universitetləri fəaliyyət göstərirdi, onların müəllimləri, təsiri altında olan insanlar vardı. İddia etmirəm ki, FETÖ-çülər indi də Azərbaycanda var, ancaq ola da bilər. Aidiyyatı orqanlar bu məsələ ilə məşğul oldular, o tip insanlar nəzarətdə saxlanır. Düşünürəm ki, FETÖ Azərbaycan dövlətinin apardığı siyasətə zərərverici qüvvə ola bilməz. Hər hansı təhlükə olsa belə, müvafiq qurumlar bunun qarşısını alacaq, onların əl-qol açmasına imkan verməyəcək.
 
- Yeri gəlmişkən, dini zəmində hakimiyyəti və Konstitusiyanı dəyişdirməyə cəhd edənlərlə bağlı cəzalar sərtləşdirilir. Belə addımlar atılması hansı zərurətdən doğdu?
 
- Söhbət İslam dinindən getmir, bu, dünyada gedən proseslərlə bağlıdır. İslam dini pərdəsi altında bəzi xoşagəlməz işlər görülür, dünyada terror törədilir. Azərbaycan inkişaf edir, ölkəmiz elə coğrafi mövqedə yerləşir ki, biz əvvəlcədən önləyici tədbirlər görməliyik. Həqiqi dinlə məşğul olan insan üçün heç bir problem ola bilməz. Dini etiqad azadlığı haqqında qanunvericiliyə olan dəyişikliklər fırıldaqla məşğul olan insanlar üçün narahatlıq yarada bilər. Bu cür qanun layihələri də fırıldaqla məşğul olan insanların qarşısını almaq üçündür.
 
- Qafqaz Müsəlmanları İdarəsinin sədri, qardaşınız Allahşükür Paşazadənin ölkəmizə turist kimi gəlib dini məsələlərə qarışan qonaqların diqqətdə saxlanmasının vacibliyi barədə açıqlaması birmənalı qarşılanmadı. Şeyx konkret hansısa qrupları nəzərdə tutur, yoxsa ümumilikdə müvafiq orqanlara çağırış idi?
 
- Mən şeyx həzrətlərinin mövqeyinə münasibət bildirmək istəməzdim. Allahşükür Paşazadənin qardaşı olsam da, onun fikrilərinə düzəliş etmək niyyətim yoxdur. Sadəcə olaraq öz şəxsi fikirlərimi açıqlaya bilərəm. Şeyx həzrətləri 90-cı illərdə ölkəmizin üzləşdiyi problemləri, çətinlikləri görən insandır. Bəzi dövlətlər haqda deyirdik ki, qardaşdır, onun siyasətini dəstəkləyək, ancaq sonradan gördük ki, bizi hər tərəfdən yıxmaq istədilər. Dövlətimizin təhlükədə olmasına şərait yaradan insanlar rəhbər strukturlara gəldilər, həm din, həm də siyasi sahədə dövlətimizə ziyan vurdular. Bu gün belə fikirlər ona görə deyilir ki, daha ayıq-sayıq olmalıyıq. Ölkəmizə qonaq gələnlər müsəlmanlardır, onlar məscidlərdə namaz qıla, dini ayinləri icra edə bilərlər. Azərbaycanın öz siyasəti, daxili qanunları var, dövlətimiz qanunlarımız çərçivəsində nizamlanır. Gələn turistin bizim vətəndaşlara “düzgün namaz qılmırsınız” diktəsini etməyə ixtiyarı yoxdur. Onlara heç kəs o ixtiyarı verməyib desin ki, filan məsələdə hüquqlarınız pozulub, bunu dövlətdən tələb edin. İstər bütpərəst, istərsə də atəşpərəst olsun kimsə xarici ölkəyə gedirsə, həmin ölkənin qanunlarına əməl etməlidir. Azərbaycan qanunlarına hörmət etməyən kəslər mütləq nəzarətdə saxlanmalıdır. Dövlətin təhlükəsizliyinin təminatı üçün bu məsələlərdə diqqətli olmalıyıq.
 
- Ölkəmizdəki dini durum barədə nə deyə bilərsiniz? Hansısa dini qruplaşmalar tərəfindən təhdid varmı?
 
- Diqqət etsəniz, cənab prezidentin çıxışlarında ən önəmli məsələlərdən biri multikulturalizmlə bağlıdır. Nəzərə alaq ki, bu il Azərbaycanda multikulturalizm ili elan olundu. Yeganə dövlətdir ki, Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradıldı, dünyada gedən proseslər fonunda böyük işlər aparılır. Azərbaycanın dövlət başçısı və birinci xanım, millət vəkili Mehriban xanım Əliyeva görün nə qədər işlər görüblər. Məscidlər bərpa edilir, nəinki paytaxtımızda, regionlarda məscidlər tikilib insanlarımızın xidmətinə verilir. Bu, böyük vəsait tələb edir. Məscidlərin tikilməsi və onların saxlanmasına sərf edilən maliyyə vəsaiti bəlkə də Ermənistanın illik büdcəsi qədərdir. Azərbaycanda həqiqi dinlə məşğul olmaq üçün heç bir problem yoxdur. Din pərdəsi altında başqa işlərlə məşğul olanlar narahatlıq keçirirlər. Azərbaycanda din və etiqad azadlığı var, dindarlarımız üçün hər bir şərait yaradılıb. Aşura mərasimlərindən danışdıq, dövlət deyir ki, mərasimi aidiyyatı və ayrılmış yerlərdə keçirin. Bəzi dini ölkələrdə dini mərasimləri dövlət səviyyəsində keçirirlər, bizimkilərə də diktə edirlər ki, niyə sizdə belə keçirilmir? Başa düşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir, biz isə dindar millətik. Biz dini azlıqlara heç bir fərq qoymuruq, onlar ölkəmizdə azad şəkildə yaşayıb dini ayinlərini icra edirlər. Ancaq hər şey qanunvericiliyə uyğun şəkildə, xurafata yol vermədən, həddində olmalıdır.
 
- Parlamentin yeni sessiyası başlayıb. Hansı qanun layihələrinin qəbulunu vacib sayırsınız?
 
- Milli Məclisin işi qanun layihələrinin hazırlanması və onları qəbulundan ibarətdir. Artıq yeni sessiyanın 2-ci iclası olacaq. 30 məsələ gündəliyə salınıb. Bu məsələlərin hər biri zəruridir. Bəzən olur ki, bir neçə il əvvəl qəbul olunan qanuna dəyişiklik etmək ehtiyacı yaranır. Bəzən ittiham edirlər ki, bir iclasda necə olur 30 məsələ müzakirə edilir? Parlament yeni sessiya güclü şəkildə başlayıb. Bəzi qanunlarda hansısa maddələrdə söz və ya cümlə dəyişikliyi olur, o gündəlikdəki məsələlərin sayını artırır. Bəzilərinə elə gəlir ki, söz dəyişikliyi də müzakirələrə səbəb olmalıdır. Əslində isə hansısa qanun layihəsi və ya qanuna dəyişiklik barədə ilk növbədə komitə iclaslarında geniş müzakirələr aparılır, sonda parlamentin plenar sessiyasına tövsiyə edilir. Millət vəkilləri də qanun layihəsinə baxır və onu xalqımız üçün lazımi sayır, bu səbəbdən bəzən mövqe bildirmədən onun lehinə səs verir. Hesab edirəm ki, qəbul etdiyimiz hər bir qanun millətimiz üçün vacibdir və Azərbaycan xalqının gələcəyinə hesablanıb.
 
- Oktyabrın əvvəlində Roma Papası Azərbaycanda səfərdə idi. Papa Frensiskdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın mövqe gözlənsə də, ümumi sülh çağırışları etdi. Onun səfərini necə qiymətləndirirsiniz?
 
- Papanın Azərbaycana səfəri bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. 2 gün müddətində dünyanın gözü Azərbaycanın üzərində idi. Azərbaycandan öncə Ermənistana səfər etmişdi, oradakı ab-havanı, insanların dolanışıq tərzini, ümumi vəziyyəti görəndən sonra Azərbaycana gəlib inkişafımızın, xalqımızın yaşayışının şahidi oldu. İlk dəfə idi ki, Papa məsciddə oldu, bu da Azərbaycanda baş verdi. Təbii ki, Qarabağla bağlı konkret mövqe gözləyərdik, ümumi şəkildə sülh arzusunda olduğunu söylədi, görünür, bu siyasi prosesə qarışmaq istəmədi.
 
- Hər il nobelçilərin seçim prosesi Azərbaycanda da maraqla izlənilir. Hacı Allahşükür Paşazadənin namizədliyi Sülh nominasiyası üzrə Nobel Mükafatı Komitəsinə təqdim edilmişdi, qardaşınızın namizədliyi hətta ekspertlər qrupundan keçib gizli səsverməyə də buraxılmışdı, gözləntiləriniz necə idi?
 
- Vallah mən də bu xəbəri mətbuatdan oxumuşdum. Hər bir dövlətin nümayəndəsinin, hansısa qurum liderinin namizədliyi irəli sürülə bilər. Minlərlə namizədin adı verilir, ancaq yalnız 1 nəfərə mükafat təqdim edilir. Mən şeyx həzrətlərinin namizədliyinin verildiyini mətbuatdan oxumuşdum, heç nəticənin necə olduğunu bilmədim.
 
- Qardaşınızı bu mükafata layiq bilirsiniz?
 
- Azərbaycan vətəndaşları çox gözəl bilir ki, o, xalqımız üçün dini sahədə sabitlik üçün nüfuzundan istifadə edib böyük işlər görüb. Ağıllı insanlar, onun gördüyü işləri başa düşənlər üçün qardaşım Nobelə layiqdir. Bunu mən qardaşı olduğu üçün demirəm, mən də Azərbaycan vətəndaşlarından biriyəm.
 
- Şeyxin qardaşı olmaq daha çox xeyrinizə işləyib yoxsa ziyanınıza?
 
- Bu, mənim istəyimlə və ya seçimimlə olan bir şeydir, Allah-təalanın verdiyi taledir, həyat belə gətirib ki, Allahkşükürlə qardaşıq. Bir məsələ var ki, mən neyləsəm də mənim deyil, ad şeyxindir. Bu, təbii ki, belə də olmalıdır. Kənardan asan görünə bilər. Çətin odur ki, gərək çox şeylərdən, dünyada gedən proseslərdən özünü gözləyəsən. Fikir bildirəndə diqqətli olmalıyam ki, sonra müəyyən qədər müzakirələrə səbəb olmasın, çünki başqa cür yozula bilər. Ona görə bu qardaşlığın asan tərəfi olmaqla yanaşı çətinlikləri daha çoxdur.
 
- Bildiyim qədərilə ailədə 9 bacı, iki qardaşsınız, bacılarınız arasında ictimai şəxs kimi tanınan varmı?
 
- Bacılarım arasında həkim, tibb bacısı olanı, zavodda işləyəni var. Hətta bacımın biri kran idarəçisi olub. 
 
- SSRİ dövründə?
 
- Bəli, bacımın biri Sumqayıtda “DSK” zavodunda böyük yükləri, betonları daşıyan kranı idarə edib, indi yaşlıdır, təqaüdçüdür.
 
- Olubmu qardaşınıza hücum etmək üçün sizi hədəf alıblar? Mediada haqqınızda zaman-zaman müxtəlif iddialar ortaya atılır. Hazırda məhkəmə istintaqı aparılan məşhur iş adamı Rza Zərrabla iş birliyində suçlanırdınız...
 
- Jurnalist hərdən fikirləşir ki, kimin adını yazsam, yazı çox oxunar.
 
- Rza Zərrabla tanışlığınız var?
 
- Yox, tanımıram. Vaxtilə bu haqda çox yazırdılar, insandır yazır da, nə deyə bilərik, belə hallar olur.
 
- “Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin ölümü ölkədə geniş müzakirələrə səbəb olub. Bir qrup insan onu qəhrəman sayır, bəziləri düşünür ki, “qanuni oğru” cəmiyyət üçün qəhrəman hesab oluna bilməz. Siz onun 40 mərasimində iştirak etmişdiniz, onu tanıyırdınızmı? Bu müzakirələrə münasibətiniz necədir?
 
- Təbii ki, onu tanıyıram. Lənkəranlıyam, bu şəhərdən deputat seçilmişəm, borcum odur ki, seçicilərimin dərdinə şərik olum. Həm də Rövşən Lənkəranski ilə müəyyən qədər qohumluq əlaqəm var. Həmkəndliyəm, haradasa qohumluğumuz var. Hələ atası, babası ilə şəxsi münasibətlərimiz vardı. Rövşən Lənkəranskinin qəhrəman olub-olmadığını deyə bilmərəm. Atası öldürüləndə Rövşənin yaşı çox az idi, atası ilə bağlı o hadisəni törətdi (Atasının qətli ilə bağlı keçirilən məhkəmə iclasında törətdiyi əməl barədə danışan müttəhim məhkəmə zalında qətlə yetirdiyi şəxsin ailəsini də məhv etməyi özünə söz verdiyini bildirir. Bu zaman Rövşən Canıyev tapançadan 4 atəş açmaqla müttəhimi öldürüb – red.) və buna görə də cəmiyyət içərisində hörmət qazandı. O yaşda qeyrət məsələsinə görə belə addıma əl atması çətin idi. Çoxları ola bilsin ki, o dövrdə onun hərəkətini başqa cür başa düşüb. Onun atası çox yaxşı adam idi, insanlara köməklik edirdi, nahaq yerə, heç nədən güllələndi. Atasının Azərbaycan mentalitetinə uyğun şəkildə qisasını alması Rövşənə böyük rəğbət gətirdi. Cəza çəkdiyi cəzaçəkmə müəssisəsində də hörmət qazanmışdı. Kimsə onu oğru dünyasının nümayəndəsi kimi qəbul edirsə, o məsələyə qarışmıram. Mən onu insanlara əl utan insan kimi tanıyırdım, eşitdiklərimə görə, doğrudan da atasına layiq bir oğul olub. Bir sözlə, Rövşəni haqqı nahaqqa verməyən insan kimi tanıyıram.