​“Çalışacağıq ki, İslam aləmini birləşdirək” – İlham Əliyev

 
“2016-cı il tarixdə dərin islahatlar ili kimi qalıb, iqtisadi böhran vəziyyətindən çıxış yolu tapılıb”.
Məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.
Turkustan.info xəbər verir ki, dövlət başçısı 2017-ci ili Azərbaycanda İslam Həmrəyliyi ili elan edib.
İclasda çıxış edən dövlətimizin başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var: “Biz bu Oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
İlham Əliyev bildirib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: “Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkə haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər. Bəzən bir-biri ilə yol getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Bax budur bizim siyasətimiz. Bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm”.