​Cahangir Hacıyevin son sözündə şok ifadələr: “Hacı Məmmədov işində məndən 20 milyon istədilər”- Tam mətn

 
C.Hacıyev: “Mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun”
 
"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə məhkəmə prosesi oktyabrın 10-da davam etdirilib.
 
Musavat.com-un məhkəmə prosesində iştirak edən müxbiri xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində Cahangir Hacıyev son sözlə çıxış edib.
 
“Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam”
 
O, çıxışında istintaqın düzgün aparılmadını və özünün də istintaqdan yayınmayaraq həqiqətlərin açılması üçün bacardığını etdiyini söyləyib: “Bu iş 1 il 6 aydır davam edir. Ötən il aprelin 1-də məni çağırdılar. Xaricdə olsam da qayıtdım. Dövlət ittihamçısı belə bir ifadə işlətdi ki, o zaman mən şahid qismində çağırıldığım üçün gəlmişəm. Guya gəlməyə də bilərdim. Ancaq qətiyyən belə deyil. İstənilən halda gəlib istintaqla əməkdaşlıq edəcəkdim. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam. Çağırılanda gəldim və xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək etdim”.
 
Cahangir Hacıyev cinayət işinin özünün müavini olmuş Emin Mustafayevin ərizəsi əsasında açıldığını və onun kimlərsə tərəfindən idarə olunduğunu bildirib.
 
“Cinayət işi idarə heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, axı sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübaqrizə İdarəsinə müraciət etmisən? Sənə bu göstərişi kim verib? Nə vaxtdan mülki işlərə “Bandotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən, yoxsa himayədarların?”.
 
“Azərbaycan 350 milyon da burada itirdi”
 
Əvvəlki proseslərdə də olduğu kimi, C.Hacıyev yenə də maliyyə nazirini ittiham edib: “Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir. Bütün bunlara baxmayaraq, istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində. Bu məsələ dövlət başçıları səviyyəsində- Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi, bankın menecmenti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı. Yaxud metallom zavodu ilə bağlı “Qazprom”la danışıqlar aparılmışdı, 2 milyard kubmetrlik qazla bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı. Metallom zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə metallom zavodu işləmir? Yaxud da başqa bir misal - Albaniya neftayrıma zavodu haqda. Şirkət də tapılmışdı, amma buna da imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.
 
“7500-8000 adama stop qoyulub”
 
C.Hacıyev həbs edildikdən sonra ailəsinin terrora məruz qaldığını, bacısının heç bir günahı olmadığı halda ölkədən çıxışına stop qoyulduğunu söyləyib: “Cinayət işi başlanan gün- mayın 2-də Azad Cavadov həbs edildi. Bununla nəinki Azərbaycanda, həmçinin qonşu ölkələrdə də misli görünməyən terror baş verdi. Bu günün özündə də 7500-8000 adama stop qoyulub. Bir çoxlarına da 500-800 dollar kreditə görə. Bizim yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da stop qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə ASAN xidmət və digər qurumlar təsdiq etmədi? Bütün bunlara terror deməyək, bəs adın nə qoyaq?”
 
“30 vəsatətimizdən biri də təmin olunmadı”
 
Sabiq bankir həm istintaqda, həm də məhkəmədə işin düzgün araşdırlmamasından gileylənib: “Mən istintaqa 11 dəfə ifadə vermişəm. Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır? “Bandotdel”in ümumiyyətlə bank sistemindən anlayışı yoxdur. Anlayışı olmayan qurum istintaqı necə apara bilər? Gördüyünüz iş göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər.
 
30 vəsatətimizdən biri də təmin olunmadı. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etməkdənsə, biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil dəstədən söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istəmədi. Azad Cavadovun evinə iki ay sonra silah atdıqları kimi, heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar”.
 
“47 milyonu gözəllik salonlarına xərcləmək fiziki olaraq...”
 
Ailə üzvlərinin gözəllik salonlarına, istirahətə xərclədiyi pulların məhkəmə zalında səsləndirilməsinə narazılığını bildirən sabiq bankir bunun qeyr-etik olduğunu söyləyib: “Kreditlərə gəlincə isə, Moskvada törəmə bankın işçilərindən soruşmaq lazım idi ki, bu vəsaitlər hara gedib? Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəlllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də həmin kreditlər çoxdan ödənilib. Mənə ittiham olaraq verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhimlər alınıb. Prokuror da Samir Şərifovun dediklərini təkrarlayır və deyir ki, bu bir cibdən o biri cibə qoyulmadır. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da “Bandotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun (maliyyə nazirinin müavini - İ.M) iştirakı ilə bu məsələ müzakirə olundu.  Azər Bayramov orda dedi ki, bu qədər vəsait səhimlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adama bu barədə bir-bir sual verək?”.
 
“Mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun”
 
C.Hacıyev mənimsənildiyi deyilən pulların bir hissəsinin Maliyyə Naziriliyinin və Beynəlxalq Bankın indiki rəhbərliyinə aid olan şirkətlərdə olduğunu söyləyib: “Bunu yoxlasaydınız, görərdiniz. O, zaman Vergilər Nazirliyi tərəfindən bu işlə bağlı 80-dən artıq cinayət işi başlanmışdı. Onlar daha peşəkar işləmişdilər. Həmin işlərə baxsaydınız, görərdiniz ki, vəsaitlər hara gedib.
 
Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt da yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Jurnalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər”.
 
“Kişinin heyfini qadından almazlar”
 
Soz sözünün davamında Böyük Britaniyada yaşayan arvadının arxasınca əməliyyat qrupunun göndərilməsi haqda danışan C.Hacıyev bunları əlavə edib: “Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər. Maliyyə Nazirlyinin qeyri-rəsmi sözçüsü olan bəzi saytlar mənim milyardalarımdan, təyyarələrimdən yazır. Hardadır mənim təyyarələrim? Tapa bildiniz? “Qarlı aşırım” romanında yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar. Onlar nə “İnterpol”u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də neft fondundan da 1 milyard alıblar. Mənim rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub neft fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bank sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bu günlərdə “Bank Standart”ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də”.
 
“Bu günün sabahı da var”
 
C.Hacıyev vaxtı ilə özünün və tələbə yoldaşı Azad Cavadovun birgə həyata keçirdikləri layihələrin indi prezidentə yeni layihələr kimi təqdim edildiyini də açıqlayıb: “Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyifslənmirəm. Əksinə, fəxr edirıəm ki, minlərlə iş yeri yaratmışam. Yüzminlərlə adama çörək vermişəm. “Aqrarkredit” prezidentə müəyyən müəssisələri təqdim edir. Yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimi. Halbuki həmin işləri biz görmüşük. Məsələn, Xaçmazda 5 min hektar fındıq bağı barədə prezidentə məruzə edirsiniz. Halbuki, həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq - ümumiyyətlə iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2 həftə ərzində Rusiyada törəmə bankı açdıq. Rusiyanın 1300 bankı var idi. Bizim bank qısa müddətdə ilk yüzlükdə idi. Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt-Peterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyini nəticə. Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Buna başqa məna verməyin, ümummili liderin bir sözü var idi ki, “dünya mübarizə dünyasıdır”. Ancaq yaddan çıxarmayın ki, bu günün sabahı da var”.
 
“Samir Şərifov “Azərinşaat”a ayrılan 350 milyonu götürüb”
 
C.Hacıyev bu işə görə Britaniya vətəndaşının Azərbaycandan çıxışına qadağa qoyulduğunu və bir müddət də həbs edildiyini söyləyib: “Hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. “İnter”in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar? 
 
Biz həm istintaqla əməkdaşlıq etdik, həm də cinayətin harda olduğunu göstərdik. Siz araşdırmadınız. Deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.
 
Məhkəmə prosesində digər təqsirləndirilən İbrahim Hüseynov da son sözlə çıxış edib. O, irəli sürülən ittihamlarla razı olmadığını söyləyib.
 
Növbəti məhkəmə prosesinin vaxtı açıqlanmayıb.
 
Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib.
 
Prokuror Fərid Nağıyev Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il, Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası tələb edib.
 
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.