Cahangir Hacıyevi azadlığa aparan yolu bağlı saxlayan gerçəklik

Maliyyə nazirinin keçmiş bankir haqda açıqlamasının ilginc pərdəarxası; Hacıyev iki qruplaşma arasında mübarizənin qurbanıdır?..
Bakı Apelyasiya Məhkəməsində Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin apelyasiya şikayətinə baxılıb. Məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, mayın 27-də Nərimanov rayon Məhkəməsində keçirilmiş iclasda həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb. Apelyasiya şikayəti həmin qərardan verilib. Şikayətdə qərarın ləğv edilməsi və azadlığa buraxılması istənilib.
Yada salaq ki, C.Hacıyev barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə artırılıb. C.Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.
C.Hacıyevin həbsdə saxlanılması haqda məhkəmə qərarı “Beynəlxalq bank işi” üzrə həbs olunan şəxslərin azadlığa buraxılması ərəfəsinə təsadüf etmişdi. Bundan başqa C.Hacıyev vəkili Əfqan Məmmədov vasitəsi ilə ittiham üzrə banka olan borcunu ödədiyini açıqlamışdı. Ə.Məmmədov bildirmişdi ki, C.Hacıyev 42 milyon manat mənimsəməkdə ittiham olunub. Bu vəsait bankın səhmlərini almaqdan ötrü istifadə olunub və ondan bu ziyanı ödəməyi tələb ediblər. Bununla əlaqədar C.Hacıyev Beynəlxalq Bankın 80 milyon manat məbləğində səhmlərini qaytarıb.
Vəkilin həmin açıqlamasından sitat: “Həm də bu, təkcə onun deyil, ailə üzvlərinin və digər qohumlarının da səhmləri idi. Qaytarılmış səhmlərin məbləği ona qarşı irəli sürülmüş iddialardan iki dəfə çoxdur. İstintaqla razılaşmaya əsasən, səhmlər qaytarıldıqdan sonra Hacıyevə qarşı iddialar ləğv edilməli idi, amma belə bir şey baş verməyib”.
Əfqan Məmmədov demişdi ki, müvəkkilindən alınan 42 milyondan çox səhm hesabına bəzi şəxslərin kredit borclarını ödəyib. Qalan səhmlərin harada olduğu məlum deyil.
Vəkilin açıqlamasından növbəti sitat: “Müştərim niyə həbs edildiyini başa düşmür. O, istintaqdan gizlənməyib, bütün dindirmələrə gəlirdi və ondan tələb olunan hər şeyi yerinə yetirib. Bunu etdikdə isə onu həbs ediblər. Onu 42 milyon mənimsəməkdə ittiham edirdilərsə, o da 80 milyon qaytarıbsa, hansı mənimsəmədən söhbət gedir? Kim-kimin vəsaitini mənimsəyib?”
Vəkilin bu fikirləri C.Hacıyevin həbsdə olan yaxın ətrafının azad edildiyi günlərə təsadüf etmişdi. Ona görə də C.Hacıyevin də tezliklə azad edilməsi haqda məlumatlar da inandırıcı görünürdü. C.Hacıyev barəsində məhkəmə qərarı açıqlandığı gün isə maliyyə naziri Samir Şərifov Beynəlxalq Bankdakı durum haqda suallara cavab olaraq bildirdi ki, bankda fırıldaqçılıq, saxtakarlıq olub. S.Şərifov ad çəkməsə də, onun Beynəlxalq Bankın həbsdəki rəhbərini hədəf götürdüyü bəllidir.
S.Şərifovla C.Hacıyevin təmsil olunduğu qruplaşma arasında illərdir ki, toqquşmalar baş verir. S.Şərifov “Amerikanın səsi”nə müsahibəsində deyib: “Bilirsiniz, problemli kreditlərin qaytarılması üçün xüsusi tədbirlər görülür. Bu tədbirlərdə bəzi hallarda həm də hüquq-mühafizə orqanları iştirak edir. Çünki bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub. Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz, bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə beynəlxalq praktikaya uyğun surətdə problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur”.
Göründüyü kimi, maliyyə nazirinin açıqlamasında C.Hacıyevin ittihamında yer alan 41 milyondan deyil, 10 dəfə artıq məbləğdən söhbət gedir. Dolayısı ilə C.Hacıyevin Beynəlxalq Banka rəhbərliyi dövründə bankdan 400 milyon manatın fırıldaqçılıq və saxtakarlıqlamənimsənildiyi ortaya qoyulur. Belə bir halda 41 milyon əvəzinə 80 milyon ödəyən C.Hacıyevin tezliklə azad ediləcəyi haqda gözləntilərin doğrulması da real görünmür.