Cahangir Hacıyevdən sonra Beynəlxalq Bankla bağlı daha bir qalmaqal - Çirkli pullar, terrorçuluq

 
Bir zamanlar rəhbəri Cahangir Hacıyev olan Beynəlxalq Bankın Moskva filialı çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsində ittiham olunur
 
Məlum olub ki, Rusiyanın hüquq-mühafizə orqanları bu istiqamətdə bir neçə aydır araşdırma aparır.
 
Musavat.com-un əldə etdiyi məlumata görə, Sankt-Peterburq şəhərində yerləşən "Azərbaycan Beynəlxalq Bankı-Moskva" ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-qərb baş idarəsinin rəhbərliyinə müraciət edib.
 
Bir nüsxəsini əldə etdiyimiz məktubda deyilir ki, hüquq-mühafizə orqanları "İnTransServis" ASC ətrafında araşdırma apararkən bankın fəaliyyətilə bağlı bir sıra qanunsuzluqlar üzə çıxarıblar.
 
Məktubda yazılır ki, araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin- çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.
 
Araşdırmaların nəticəsinə istinadən qeyd edilir ki, eyni adamların yaratdığı "bir günlük" şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin şübhəli pul köçürmələrini də "Azərbaycan Beynəlxalq Bankı-Moskva" həyata keçirib.
 
Ciddi ittihamların qeyd edildiyi məktubda Mərkəzi Bank rəhbərliyinə müraciət edilir.
 
Həmin məktubda rəhbərlikdən xahiş olunur ki, "Azərbaycan Beynəlxalq Bankı-Moskva"ya vəzifə öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasının qarşısını alan qanunlara əməl olunmasının zəruriliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.
 
Qeyd edək ki, bankın Moskva filialı ilə bağlı araşdırma haqda sabiq bankir Cahangir Hacıyev də danışmışdl.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edən Cahangir Hacıyev bu baş verənlərə görə maliyyə naziri Samir Şərifovu və bankın indiki rəhbərliyini günahlandırmışdı.
 
Həmin vaxt Hacıyevin dedikləri aşağıdakı kimi idi: "Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə yalan məlumatlar verib, təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın rəhbərliyi barəsində "çirkli pulların yuyulması" ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də də təcridxanadan mən idarə etmişəm?
 
Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri "cinayətkar qrup kimi" təqdim etməyə öyrəşmisiz. Maliyyə Nazirliyinin rəhbərliyi bu gün leqal yollarla deyil, bu gün cinayətkar aləmlə əlbir olub, "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nı ayaqda tutmağa çalışır".
 
Bildirək ki, C.Hacıyev 15 il rəhbəri olduğu bank milyonlarla manatın mənimsənilməsində təqsirləndirilərək 15 il azadlıqdan məhrum edilib.

Загрузка...
Загрузка...