Cahangir Hacıyev niyə həbsdən çıxa bilmədi? - təfsilat

Beynəlxalq Bankın keçmiş rəhbərinin həyat yoldaşının həbsinin qaranlıq məqamları var
Beynəlxalq Bankın ətrafında cərəyan edən proseslər qəribə məcraya yönəlir. Politika.Az xəbər verir ki, 3 milyard dollar yeyintidə ittiham olunan bankın sabiq rəhbəri Cahangir Hacıyev gah səhhəti, gah da verəcəyi şok açıqlamaları ilə diqqət mərkəzinə düşsə də, onun həbsdən azad olunma şansı elə də yüksək dəyərləndirilmirdi.
Amma son bir həftədə proseslər fonunda baş verənlər belə bir ümidin artması ilə yanaşı, Hacıyevin da artıq azadlığa bir addım yaxınlaşdığı görüntüsünü yaratmışdı. Çünki Beynəlxalq Bankdan külli miqdarda kredit götürmüş iş adamlarından biri həbsdən azadlığa buraxılmışdı.
Politika.Az xəbər verir ki, Cahangir Hacıyevin dirəniş göstərməsi, nələrisə açıqlayacağı xəbərdarlığı gözlənilmədən başqa bir məcraya yönəlməyə başladı. Hətta saytımız vasitəsi ilə məlumat da yaymışdıq ki, Beynəlxalq Bankın həbsdə olan prezidenti yaxın günlərdə azadlığa çıxacaq. Elə bu yazının ardından maliyyə naziri Samir Şərifov «Amerikanın Səsi» radiosuna açıqlama verərək, Cahangir Hacıyevi və onun rəhbəri olduğu bankı dövlətə qarqı dələduzluq etməkdə ittiham etdi. Bu açıqlamanın ardından isə Hacıyevin həyat yoldaşı həbs olundu. Və bütün bu müəmmaların arxasında nələrin dayandığı kifayət qədər baş gicəlləndirməyə başlayıb.
Qeyd edək ki, Cahangir Hacıyev 3 milyard dollar söhbətindən yaxısını çoxdan qurtarıb. O, həmin pulların böyük qisminin kredit şəklində verildiyini deyib və yığılması üçün də problem olmadığını vurğulayıb. Lakin bütün bunlara baxmayaraq, həmin pulun böyük bir qisminin hələ də ortalıqda olmadığı aşkarlanıb. Həmin pul banka təhvil veriləmədən isə Hacıyevin azadlığa çıxacağı inandırıcı görünmür.
Politika.Az xəbər verir ki, işin ilginc tərəfi isə odur ki, bu məsələdə maraqlı tərəflər var və onlar bankın sabiq rəhbərinin azadlığa çıxmasında maraqlı deyillər. Xüsusən də, bu məsələdə maliyyə naziri Samir Şərifovun Cahangir Hacıyevə qarşı aqressiv davrandığı diqqəti çəkir. Bəzi məlumatlara görə, nazirlə bankin arasında hüsumət hələ əvvəldən də olub. Lakin tərəflər arasındakı narazılığın üzə çıxmaması üçün hər iki şəxs bir xeyli əziyyət çəkiblər. Hazırda isə ox artıq yaydan çıxıb.
Bildirək ki, Samir Şərifovun son dövrlər adı müxtəlif məsələlərdə hallanır. Məsələn, onun ləğv edilmiş DSMF-nin keçmiş rəhbəri Elman Mehdiyevi öz yanına çəkən maliyyə naziri onun əliylə Səlim Müslümova qarşı cəbhə açmağı düşünür. Çünki baş nazir olmaq üçün ona hazırkı məqamda ciddi komanda lazımdır.