Cahangir Hacıyev məhkəmənin təxirə salınmasını istədi

 
"Beynəlxalq Bank işi"nə görə həbs edilənlərin cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
 
Musavat.com xəbər verir ki, buna səbəb təqsirləndirilənlərdən Cahangir Hacıyevin vəkillərinin prosesdə iştirak etməməsi olub.
 
C.Hacıyev bildirib ki, vəkillərindən biri səhhəti ilə bağlı ölkə xaricinə gedib. Digər vəkili isə şəxsi işlərinə görə prosesdə iştirak edə bilməyib.
 
Sabiq bankir məhkəmədən xahiş edərək qeyd edib ki, başqa vəkil istəmir və öz müdafiəçiləri gələnə qədər məhkəmə təxirə salınsın.
 
Məhkəmə prosesi sentyabrın 19-na təxirə salınıb.
 
Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.