Cahangir Hacıyev dövləti 3 milyard manat xərcə salıb

Beynəlxalq Bankı xilas etmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (MB) ayrılan 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. Mərkəzi Bankın  ötənilki fəaliyyət hesabatında belə yazılıb. Hesabat Mərkəzi Bankın saytında dərc olunub.Hesabata əsasən  borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə, çox güman, bu il alınacaq. Borc illik 0.15 faizlə cəlb edilib.
Xatırladaq ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev və komandası bankın milyardlarla manat aktivlərini iqtisadi perspektivləri olmayan layihələrə ayırıb, habelə dolaşıq offşor mexanizmlərlə mənimsəyib. Nəticədə ölkənin ən iri bankı müflis olma təhlükəsi qarşısında qalıb. Hazırda Beynəlxalq Bank işi üzrə istintaq davam edir, Cahangir Hacıyev və bankın talanmasına görə məsuliyyət daşıyanların bəziləri həbsdədir.
Prezident İlham Əliyev ötən il iyulun 15-də Beynəlxalq Bankın müflis olmasının v beləliklə də ölkənin maliyyə sistemində böhran yaranmasının qarşısını almaq üçün bankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərin özəlləşdirilməyə hazırlanması haqqında fərman imzalayıb.
Fərmanda deyilirdi ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.
Bu səbəbdən problemli aktivlər BB idarəçiliyindən çıxarılaraq ixtisaslaşmış quruma - dövlətə məxsus «Aqrarkredit» QSC bank olmayan kredit təşkilatına verilib. Habelə banka dövlət büdcəsi hesabına güzəştli borc verilib.
Göründüyü kimi dövlətin Beynəlxalq Banka ayırdığı borc uzunmüddətlidir, illik cəmi 0.15 faizlə verilib və hazırda beynəlxalq maliyyə bazarlarında bu cür güzəştli şərtlərlə vəsait tapmaq mümkün deyil.
Ancaq Azərbaycan dövləti Cahangir Hacıyevin və onun daxil olduğu mafiyanın vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün həmin 3 milyard dolları simvolik faizlə banka borc verməli olub. Hansı ki, həmin vəsaiti iqtisadiyyata səmərə gətirəcək sahələrə yönəltmək olardı.