"Cahangir Hacıyevə 15 il iş verdilər, amma Beynəlxalq Bankın itirdikləri qayıtdımı?"

 
 
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə bu dəfəki söhbətimizdə bir çox məsələlərə işıq tutduq. Millət vəkili qanunvericilik aktlarındakı tutarsızlıqlardan, gələn ilin büdcə layihəsinə, investisiya layihələrinə qədər bir çox məsələlərlə bağlı mövqeyini bizimlə bölüşdü. Açığını desəm, qarşımda öz üzərində işləyən, problemləri dərinləməsinə araşdıran, bütün mövzularla bağlı mövqeyi olan millət vəkilini gördüm.
 
Qüdrət bəylə 1 saatlıq söhbətimizdə ən çox diqqəti cəlb edən məsələ isə Naxçıvanla bağlı dedikləri oldu.
 
BAXCP sədrinin müsahibəsini oxuculara təqdim edirik:
 
 - Mətbuatdan oxuduğuma görə, 2018-ci il büdcəsi layihəsinə etiraz etmisiniz. Əsas iradınız isə, deyəsən, idman obyeklərinin tikintisinə əlil və şəhid ailələrindən, o cümlədən qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasından çox vəsait ayrılmasına olub. Ümumiyyətlə, tikintiyə sosial müdafiə və sosial təminata iki dəfədən də artıq vəsait ayrılmasını ciddi tənqid etmisiniz. Maraqlıdır ki, sizin etirazınızın üzərindən çox keçməmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov mətbuata açıqlamasında, bir neçə il ərzində ünvanlı sosial yardımların tamamilə ləğv ediləcəyinin anonsunu verdi. Sanki Prezidentin neft erasının bitdiyini bildirməsinə baxmayaraq, hökumət hələ də özünü neft bumu rahatlığında hiss edir.
 
- Dediyiniz kimi, MM komitələrinin iclasında büdcə layihəsi müzakirə olunanda mən sizin toxunduğunuz məsələlərlə bağlı öz narahatçılığımı bildirdim. Əvvəla, istər büdcə layihəsini hazırlayanlar, istərsə də müdafiə edənlər bir qayda olaraq onu sosial yönümlü büdcə kimi qiymətləndirirlər. Bizə təqdim olunan büdcə layihəsi zərfinin birinci cildində sahələr üzrə ayrılmış vəsaitin məbləği göstərilir və başqa mənzərə yaradır.
 
Məsələn, layihənin 8.6 bəndində sosial müdafiə və sosial təminata cəmi 2 milyard 197 milyon manat ayrılması nəzərdə tutulur. 8.11.1 bənddə isə tikintiyə  4 milyard 927 milyon manat ayrılır. Tikintiyə sosial müdafiədən 2 dəfədən çox vəsait ayrıldığı halda, onu  necə sosial yönümlü adlandırmaq olar. Bu layihə daha çox tikinti yönümlüdür .
 
Məntiqlə, büdcədə hansı sahəyə daha çox vəsait ayrılırsa, yönümü də buna görə müəyyənləşdirilir. Layihənin müdafiəçiləri isə başqa sahələrə ayrılmış vəsaitin də nəticə etibarilə əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyi məntiqindən çıxış edərək, onu sosial yönümlü kimi qiymətləndirirlər. Ona qalsa, bütün  sahələr insanlarının təhlükəsizliyinə və rifahının yaxşılaşmasına xidmət edir. Onda niyə büdcəni sosial, aqrar, sənaye və s. yönümlü kimi kateqoriyalara ayırırıq? Sosial yönümlü deyiriksə, deməli sosial müdafiə və təminata daha artıq vəsait ayrılmasını nəzərdə tuturuq.
 
Açıqı, mən tikintiyə bu qədər vəsaitin ayrılmasının əleyhinəyəm.
 
Hesablama Palatasının büdcə layihəsiylə bağlı təqdim etdiyi rəydə sahələrə vəsait ayrılmasıyla əlaqədar cədvəllər verilib. Həmin rəyin “Dövlət investisiya proqramına daxil olan investisiya layihələrinin sahələr üzrə proqnozlaşdırılan vəsaitlərin həcmi və mənbəyi” adlanan 72 saylı cədvəlinə diqqət yetirsəniz, görərsiniz ki, idman obyektlərinin tikintisinə 244 milyon manat dövlət əsaslı vəsait qoyulması nəzərdə tutulur. Cədvəldə qaçqınların və məcburi köçkünlərin sosial yaşayış şəraitlərinin yaxşılaşdırılmasına dair tədbirlərə isə 200 milyon manat Dövlət Neft Fondundan ayrılması proqnozlaşdırılır. Xarici kreditlər hesabına isə 42 milyon ayrılır. Mən də komitələrin iclasında sual verdim ki, 42 milyonu kim götürəcək? Hansı bankdan, hansı faizlə götürüləcək? Kim qaytaracaq? Tikintiyə necə yönəldiləcək? Bütün bunlara mütləq aydınlıq gətirilməlidir.
 
Fikrimcə, idman obyektlərinin inşaatına qaçqın və məcburi köçkünlər üçün mənzil tikintisindən daha artıq vəsaitin ayrılması tamamilə yolverilməzdir. Ona görə ki, son illər ərzində kifayət qədər idman obyektləri tikilib...
 
- Maraqlı məqama toxundunuz. Ümumiyyətlə, hökumətin idmana xüsusi diqqət ayırması başa düşülən deyil. Bəzən xaricdən muzdlu idmançılar gətirilib Azərbaycan milli komandaları yaradılır, sonra onlara vəd edilən pullar verilmir, ciddi narazılıqlara, beynəlxalq arenalarda nüfuzdan düşməyimizə yol açılır. İdman komplekslərinin tikintisinə ayrılan vəsaitlər də deyiniz kimi analşılan deyil.
 
- Ən pisi odur ki, həmin komplekslər şəhər və rayonların girəcəyində heç kimin yaşamadığı ərazilərdə inşa edilirlər. Faktiki olaraq gənslərin, uşaqların oraya getməsi də müşkülə çevilir.
 
Yeri gəlmişkən, prezident seçkilərində mən seçicilərlə görüşmək üçün Lənkərana getmişdim. Orada bir Olimpiya kompleksi var idi. Kompleks şəhərin mərkəzindən xeyli aralıda salınmışdı. Şəhər mərkəzindən oraya piyada yürümək mümkün olmadığından maşınlarla getdik. Maraqlıdır ki, Lənkəran şəhər mərkəzindən Olimpiya kompleksinə avtobus da işləmir. Komplekslə tanış olanda gördüm ki, bina baxımsızlıqdan uçub dağılır, istilik sistemi istidafəyə yararsızdır, döşəmə sıradan çıxıb. Bunu mən o zaman televiziya çıxışımda da dedim. Dedim ki, boş yerə xərc çəkib o kompleksi niyə inşa ediblər? Bu yaxınlarda həmin binanı söküb yerində yeni kompleks tikdilər və yenidən açılışı oldu...
 
- Yenə həmin uzaqlıqda. Deməli, kompleksə gedib-gəlmək problemi hələ də öz qüvvəsindədir...
 
- Təəssüf ki, elədir. Ümumiyyətlə, Olimpiya komplekslərinin  şəhərlərin girəcəyində salınmaları həm də  həmin rayonlara gələn qonaqların gözünü oxşamağa xidmət edir.  Qış aylarında yalnız bu komplekslərdəki yeməkxanalar fəaliyyət göstərir. Bu kimi binaların əvəzinə qaçqınlar üçün yaşayış massivləri salmaq daha məqsədəuyğundur. Bilirsiniz ki, hazırda 4 min 600-dən çox qaçqın ailəsi qəzalı vəziyyətdə olan binalarda yaşayır. İlk növbədə hökumət bu ailələrin yaşayış şəraitini yaxşılaşdıran addımlar atmalıdır.
 
İnsafən, onu da vurğulamaq lazımdır ki, Mehriban xanım I vitse-prezident təyin olunandan sonra bu məsələlərə xüsusi diqqət ayırır. Paşa Holdinq onun təşəbbüsü ilə qaçqınlar üçün ev tikir. Dəqiq məlumatım var ki, Bakı şəhəri, Nərimanov rayonunda tikinti ilə məşğul olan şirkətlər Mehriban xanımın çağırışına səs verərək, inşa etdikləri binalarda qaçqın ailələrinə mənzillər ayırırlar. Bütün bunlar yaxşı hallardır. Amma dövlət büdcəsində qaçqınlara mənzil tikintisi üçün 200 milyon manatlıq vəsait ayrılması kifayət qədər azdır. Qəzalı binalarda yaşayan bu insanların həyatları 25 ildir ciddi risk altındadır. Hər il bu insanlara bina tikmək üçün 200 milyon vəsait ayrılsa, qaçqınların hamısının evlə təmin olunması neçə ilə başa gələ bilər? Allah Tala insana nə qədər ömür verib ki?
 
- Qüdrət bəy, bəlkə hakimiyyət səhiyyə və təhsil ocaqlarına ayırdığı vəsaiti də sosial təminat sahəsinə aid edir. Xüsusilə dövlət xəstəxanaları və səhiyyə ocaqlarının xidmətlərindən aztəminatlı ailələrin, təqaüdçülərin yayarlandığı sirr deyil. Bəlkə hökumət də bunu nəzərə alıb həmin sahələrin tikintisinə, təmirinə ayrılan vəsaitləri də sosial yönümlü investisiya hesab edir?
 
- Bayaq dediyim kimi, istənilən sahəyə ayrılan vəsaiti o cür qiymətləndirmək olar. Hökumətin büdcə layihəsində nəzərdə tutulan xərclərə nəzər salanda təhsil və səhiyyə sistemində də tikinti işlərinə daha çox diqqət ayrıldığını görə bilərik. Sənəddə Respublika üzrə şəhər və rayonlarındakı səhiyyə obyektlərinin tikintisi və təmirinə  194 milyon, ali təhsil müəssisələrinin təmiri və tikintisinə  45.5 milyon manat ayrılır. Üst-üstə, 240 milyona yaxın vəsaitdən söhbət gedir. Bu vəsait də qaçqın və köçkünlərə ayrılandan artıqdır. Axı, niyə səhiyyə obyektlərini dövlət tikməlidir?
 
- Bəs, kim tiksin?
 
- Məncə, mövcud səhiyyə ocaqlarını özəlləşdirməklə dövləti bu yükdən xilas etmək olar. Bu yaxınlarda deputat həmkarım Fazil Mustafa ilə birlikdə 5 nömrəli xəstəxanada yatan dostumuzun ziyarətinə getmişdik. Şəhərin düz mərkəzində yerləşən bu xəstəxana dağılıb gedir. İçəri girməli deyil. Bu cür xəstəxana saxlamaqdansa, onu özəlləşdirmək lazımdır.
 
- Bəs, xəstəxanalar özəlləşdiriləcəksə, insanların pulsuz səhiyyə xidməti almaq hüquqları necə təmin olunacaq?
 
- Azərbaycan yaxın zamanlarda məcburi tibbi sığortaya keçməlidir. Bu istiqamətdə müəyyən addımlar atılsa da, proses gecikdirilir. İmkansız insanlara gəldikdə isə onlar dövlət hesabına sığorta olunmalıdır. Necə ki, bunu ABŞ da Obama etdi. Biz sadəcə, bütün dünyada mövcud olan və gözəl nəticələriylə seçilən bu sistemin qarşısında dayanan maneələri ortadan qaldırmalıyıq.  Sosialist təsərrüfat sistemi, dövlət mülkiyyətində olan müəssisələr özünü doğrultmadı. Dövlət mülkiyyəti həm hamınındır, həm də heç kimindir. Ona görə də indiki kimi baxımsız xəstəxanalar, təhsil ocaqları ortaya çıxır. İctimai münasibətlərə, iqtisadiyyata bu cür sovet yanaşması özünü doğrultmadı ki,  SSRİ kimi nəhəng dövlət dağıldı.
 
Hələ mövcud olanlar bir yana, niyə yeni təhsil və səhiyyə ocaqları dövlət hesabına tikilməlidir? Lazımdır ki, ölkədə universitetlərin və səhiyyə ocaqlarının tikilməsi üçün münbit şərait yaradılsın. Vətəndaşlar və özəl şirkətlər bu istiqamətdə iş görsünlər. Əgər vətəndaşların buna imkanı çatmasa, dövlət nəzərdə tutulan layihələrə kreditlər ayıra bilər. Həmin müəssisələr fəaliyyətə başladıqdan sonra aldıqları kreditləri geri ödəyərlər. Geri qayıdan həmin vəsait başqa sahələrə yönəldilər. Başqa bir sahibkara kredit verilər. Sahibkarların ucuz kreditlərə çıxışını təmin etmək üçün Neft Fondunun vəsaitlərinin bir hissəsi Azərbaycandakı kommersiya banklarında yerləşdirilməlidir.
 
- Üstəlik, həmin özəl müəssisələr bir müddətdən sonra dövlətə vergi də ödəyər. Həm dövlət büdcəsinin yükü azalar, həm də həcmi artar...
 
- Bəli. Özü də bu siyasət yalnız səhiyyə və təhsil sistemiylə məhdudlaşmamalıdır. Xidmət sahələri də eyni prinsiplə özəlləşdirilməlidir. Mən MM-in komitə iclasında məsələ qaldırdım ki, Azərqaz, Azərişıq, Azərsu, Azəristiliktəchizat, Bakubus və s. kimi müəssisələr də özəlləşdirilməlidir. Dövlətin xidmət sahələrini öz nəzarətində saxlaması başadüşülən deyil. Bunun heç bir normal izahı yoxdur. Axı, özəl şirkətlər həm bu sahələrə özləri investisiya qoyacaqlar, həm də büdcəyə vergi ödəyəcəklər. Amma indi dövlət xidmət müəssisələrinin fəaliyyəti üçün büdcədən mütəmadi vəsait ayırır. Bəzi hallarda sözgedən müəssisələr banklardan da kredit götürüb qaytara bilmirlər. Dövlət bir də onların bank borclarını ödəyir.
 
Dövlət mülkiyyətinin səmərəsiz idarə olunması ilə bağlı ən əyani nümunə Beynəlxalq bankdır. Bilirsiniz ki, bu bankın da əsas səhmdarı dövlət idi. Ona görə də bank rəhbərliyi girovsuz 100 milyonlarla dolları ayrı-ayrı dələduzlara kredit kimi verə bilirdi. Beynəlxalq bank hansısa şəxsin özəl mülkiyyəti olsaydı, bu kimi hallara imkan yaradılardımı?  Nəticədə nə oldu? Beynəlxalq bankın sahibini tutub 15 il iş verdilər, dövlət isə bankın xarici kreditorlara 400 milyondan artıq borcunu bu il büdcənin hesabına ödədəməli olacaq.
 
Biz vaxtilə Beynəlxalq bankın özəlləşdirilməsi məsələsini də dəfələrlə parlamentdə qaldırırdıq. Amma milyardlarla dollar zərərə düşəndən sonra indi biz deyənə gəlirlər.  Cahangir Hacıyevə 15 il iş verdilər, amma Beynəlxalq bankın itirdikləri qayıtdımı?
 
- Dərd burasındadır ki, ölkədə real problemlər xirtdəyə qədər yığıldığı halda, hökumət nədənsə xəyali proyektlərin arxasınca düşür. Bəzən adama elə gəlir, Beynəlxalq bank da hökumətin bu xəyali proyektlərinin qurbanı oldu. Məncə, bu məsələdə bank rəhbərliyindən çox, hökumətin xəyalpərəstliyinin rolu az olmayıb. Necə fikirləşirsiniz, gələn ilin büdcəsində də xəyali proyektlərə vəsait ayrılıb?
 
- İlk öncə onu deyim ki, Beynəlxalq bankın tənəzzülündə kimin günah payının daha çox olduğunu müəyyənləşdirə biləcək tərəf biz deyilik. Buna məhkəmə orqanları qiymət verməlidirlər, verirlər də. Mənim dediyim odur ki, həmin bank vaxtında özəlləşdirilsəydi, onun valyuta ehtiyatları perspektivsiz layihələrə sərf olunmazdı. Problemin kökü burdadır. Əsl məsələ böyük müəssisələrin özəlləşdirilməsindən çəkinməyimizdir. Əgər bundan çəkiniriksə, heç olmasa uzun müddətliyinə - 99, 100 illiyinə müəssisələr əməli idarəetməyə, icarəyə verilməlidir.
 
O ki qaldı gələn ilin büdcəsində xəyali, perspektivsiz layihələrin olub-olmamasına, bizim fikrimizcə, bu cür hallar yenə də mövcuddur. Komitənin iclasında da sözlədiyim kimi, buna misal olaraq Neftçalada İranla birgə abtomobil zavodunun tikilməsini gəstərə bilərəm. Kimə lazımdır o zavod?
 
- Naxçıvanda da biri tikilib. İndi deyəsən, müştəri qıtlığından fəaliyyətini dayandırır.
 
- Naxçıvandan əvvəl Şamaxıda biri tikilmişdi. İranla birgə inşa olunan bu zavodda “Peykan” buraxılırdı. Heç kim almadı. Üstəlik, bu zavod yığma sexindən başqa bir şey deyildi. Avtomobillərin hissələri İrandan gətirilib burda montaj edilirdi. İndi də həmin müəssisə tam fəaliyyətsiz, ağzı günə qalıb, avadanlıqları paslanır.
 
Yaxud dediyiniz kimi, Naxçıvanda da avtomobil zavodu var. Buraxdığı maşınlar xarici görkəminə görə kifayət qədər göz oxşayır. Naxçıvanda ondan taksi kimi istifadə edirlər. Mən taksi sürücülərindən soruşmuşam, keyfiyyətindən ağız dolusu danışıblar. Buna baxmayaraq, Azərbaycan insanı bu maşınları almır. Maşın istehsalı üzrə tanınmış brend şirkətlər var. Yaponiya, Cənubi Koreya, ABŞ, Almaniya şirkətlərinin mallarına daha çox üstünlük veririk.  Hətta Prezident də göstəriş verdi ki, bütün dövlət müəssisələri Naxçıvan istehsalı olan həmin avtomobillərdən alsın. Bu tapşırıq da nəticə vermədi.
 
Üstəlik, indi avtomobillərin də xarakteri dəyişilir. Dünya tədricən, karbohidrogen yanacaqlı maşınlardan imtina edib elektirik mühərrikli avtomobillərə keçməyə başlayıb. Siz bir jurnalist kimi araşdırsanız, görərsiniz ki, dünyada artıq 2 milyona qədər elektrik maşınları istehsal olunub.  Mütəxəssislərin hesablamasına görə, 2040-ci ilə qədər bu rəqəm 900 milyona çatacaq. Dünyanın bütün brend markaları artıq yeni, elektriklə hərəkət edən maşın istehsalına keçməyə çalışırlar. Belə bir vəziyyətdə Neftçalada 3-cü bir avtomobil zavodu açmağın mənası nədir? O müəssisəyə ayrılan vəsait küçəyə atılan puldur və batıb gedəcək. Onun əvəzinə elektriklə işləyən avtomobil zavodu tiksəydilər, daha perspektivli olardı. Baxmayaraq ki, buna da ehtiyac yoxdur. Eyni müəssisəni Naxçıvandakı zavodun bazasında da yaratmaq olar.
 
- Yeri gəlmişkən, Milli Məclis komitələrinin büdcə layihəsiylə bağlı keçirdikləri iclasında Naxçıvanla bağlı çıxış etmisiniz. Bu məsələni də orda qaldırmısınızmı?
 
- Bəli, qaldırmışam. Komitələrin iclasındakı çıxışım zamanı dedim ki, Naxçıvanda kənd təsərrüfatı təyinatlı topraqlar çox azdır. Burda mütləq sənaye inkişaf etdirilməlidir. Naxçıvanda sənayenin inkişafı üçün Neft Fondundan ciddi investisiya qoyulmalıdır. Naxçıvan sənayesinin gücü isə arzulanan səviyyədə deyil və bu rəsmi statistikadan da sezilir. Təsəvvür edin, Muxtar Respublikanın 355 milyonluq büdcəsinin 282 miyonu, yəni 80%-i Azərbaycan büdcəsindən verilir. Cəmi 77 milyon manat yerli imkanlar hesabınadır. Bunları mərkəzi hökumətdən giley kimi söyləmirəm. Hər bir ağlı başında olan adam başa düşür ki, Prezidentin Naxçıvana xüsusi diqqəti və dəstəyi olmasa, Muxtar Respublikada həyat dözülməz hala gələr. Yəni Naxçıvanı ayaqda saxlayan Azərəbaycan büdcəsindən ayrılan 282 milyon manat dotasiyadır. Bu vəsait olmasa Naxçıvanda həyat ümumiyyətlə imkansızlaşar. Mən çıxışımda onu da qeyd etdim ki, zamanında Naxçıvan əhalisinin əhəmiyyətli qismi Bakıya və qonşu ölkələrə köçmək məcburiyyətində qalıb. Təsəvvür edin, İstanbulda artıq ayrıca Naxçıvan məhəlləsi var. Onlar artıq ölülərini də İstanbulda dəfn edirlər. Uşaqlar sənədləri olmadığına görə orada məktəbə də  gedə bilmirlər. Toyu da orda edirlər...
 
- Bir sözlə, qul həyatı yaşayırlar...
 
- Başqa ölkələrə, o cümlədən Rusiyaya da köçənlər də az deyil. Bir çox Naxçıvan gənci hərbi xidmətini başa vuran kimi öz dədə-baba yurdunu tərk edir.  Çünki iş yeri yoxdur.
 
- Sizcə, Naxçıvanda yeni işləri yaratmaq mümkündür?
 
- Əlbəttə, mümkündür. Adi bir misal çəkim. Sovet dövründə tək Culfa rayonunda 3 şərab zavodu var idi: ikisi bizim kənddə - Əbrəqunusda, biri də Yaycı kəndində. Üstəgəl, mənim deputat seçildiyim Ordubad rayonunda Konserv zavodu, baramaçılıq təsərrüfatları fəaliyyət göstərirdi. İndi bunların heç biri yoxdur.
 
- Halbuki, coğrafiya da eynidir, ekoloji şərait də. Üstəlik, Naxçıvanın dünya ilə geniş əlaqələri yaranıb. Türkiyə, İran vasitəsilə istənilən yerlərə çıxıb, Naxçıvan mallarının bazarını yaratmaq olar.
 
- Bəli, mən də ona görə deyirəm ki, Naxçıvanda sənaye inkişaf etdirilməsə, yeni iş yerləri açılmasa, vəziyyət çox acınacaqlı olacaq. Mən indidən həyəcan təbili çalıram. Biz nə qədər Respublika büdcəsindən pul ayıracağıq ki, orda xərclənsin? Biz çalışmalıyıq ki, Muxtar Respublikaya ciddi layihələrə investisiyalar yatırılsın, Naxçıvan özü-özünü dolandırsın, dotasiya almasın. Naxçıvan blokada vəziyyətindədir, bu, başa düşüləndir. Amma Naxçıvanın başqa üstünlükləri də var, axı. Naxçıvan iki qonşu ölkəylə həmsərhəddir. Bu imkanlardan faydalanmaq lazımdır...
 
- Naxçıvanın iqtisadi inkişafı üçün konkret nə təklif edirsiniz? (ovqat.com)
 
(Ardı var)

Загрузка...
Загрузка...