Çağırsa ellər, gedərsinizmi davaya..? - Bakı sakinləri arasında VİDEOSORĞU

Aprelin 2-dən başlayaraq, cəbhə bölgəsində atəşkəs rejiminin pozulması və savaşın başlaması, son 3 gündə əsgərlərimizin şəhid olması qarşılığında ordumuzun bəzi əlverişli mövqeləri və yaşayış məntəqələrini azad etməsi, bunun cəmiyyətdə doğurduğu əks-səda həm də Azərbaycan ictimaiyyətinin Qarabağ məsələsində nə qədər həssas və vətənpərvər olduğunu göstərdi.
Qadın-kişi, yaşlı-cavan, hər kəs müharibəyə getməyə, ordumuza dəstək verməyə hazır olduğunu ifadə etdi. Ölkə ictimaiyyəti iqtidarlı-müxalifətli vahid mövqe nümayiş etdirdi.
Turaninfo.az olaraq, gənclər arasında vətənpərvərlik əzmini öyrənmək üçün biz də Bakı şəhərində sorğu keçirdik. Sorğuda iştirak edən gənclər vətən uğrunda döyüşə hazır olduqlarını dedilər. Gənclərdən biri isə hərbi biletini üstündə gəzdirdiyini, əmr verilən kimi dərhal cəbhəyə yollanacağını dedi. 
Hətta Azərbaycanda təhsil alan türkiyəli tələbələr belə, Azərbaycan torpaqları uğrunda döyüşməyə hazır olduqlarını dedilər: “Harada bir türk varsa, oranı vətən kimi sevməlisən. Ya bura, ya Türkiyə - bizim üçün fərqi yoxdur. Azərbaycan üçün döyüşə getməyə hazırıq, təhsilimizi yarımçıq qoyub, gedərik. Düzdür, Azərbaycan Ermənistandan dəfələrlə güclüdür, zatən qalib gələcək. Ancaq üçüncü bir dövlət buna müdaxilə etməməlidir”.
Gənclərin öz üzlərini Azərbaycan bayrağının rəngində boyaması da diqqətimizdən yayınmadı. Sorğu zamanı bir daha aydın oldu ki, Azərbaycan gəncinin vətənə sevgisi qibtə ediləcək qədər böyükdür.
Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.