Cabbar Qaryağdıoğlu və Seyid Şuşinskinin gizli üzü- Xan Şuşinskinin xatirələri

Baxış sayı: 
202

 
 
 
Deyilənə görə, məşhur xanəndə Xan Şuşinski həm də canlı ensiklopediya idi. Azərbaycan klassik xanəndəlik məktəbinin, musiqi xadimlərinin nümayəndələrinin demək olar ki, hamısı haqqında çox yaxşı və kimsənin bilmədiyi xatirələri olub.
 
Moderator.az həmin xatirələrdən ikisini təqdim edir: Siz bu xatirələrdə  xanəndələr Cabbar Qaryağdıoğlu və Seydid Şuşinskinin gizli portret cizgiləri ilə tanışa biləcəksiniz:
 
“Cabbar Qaryağdı oğlunu ilk dəfə 1920-ci ildə Şuşada konsertdə görmüşəm. Onun haqqında çox eşitmişdim. Onu görməyə can atırdım. Nəhayət Cabbar əmi ilə Şuşada böyük bir toyda iştirak etdim. Səhv etmirəmsə, toy Hacı Dadaşın zalında vurulurdu. Toyun padşahı Əllaf Kərbəlayı Şükür Cabbar əmidən mənim oxumağımı xahiş etdi... Nə isə, mən oxudum. Onun çox xoşuna gəldi. Məni bağrına basıb gözləri yaşarmış halda dedi: - səsindən muğayat ol, sən yaxşı xanəndə olacaqsan... Cabbar əmi professor idi. Şairliyi də var idi. Özündən mahnı düzəldirdi, qəzəl yazırdı. Ona qulaq asanda fərəhlənərdim. Çox yırtıcı oxuyan idi. Bir muğamı azı 3-4 saat oxuyardı. Özü də hər mənəm-mənəm deyən xanəndə ondan sonra oxuya bilməzdi. Çünki oxumağa bir şey qalmazdı ki, oxuya. Ona görə ki, rəhmətlik Cabbar bir muğamın içində 12 muğamın hamısını oxuyardı. Heç kəsə heç nə qalmazdı. Buna görə də bəzən ona “kəmfürsət Cabbar” deyərdilər. Muğamdan-muğama elə sərbəst keçərdi ki, istiliyi-soyuqluğu hiss olunmazdı. Bu adamın fikri-zikri oxumaq idi. Bir gün oxumasa idi bağrı çatlardı. Bəzən onlara gedəndə görərdin güzgünün qabağında oturub özü ağzında havanı çalıb oxuyur. Mütaliyə eləməyi çox sevərdi. Bir gün qəzet, özü də urus qəzetlərini oxumasa idi yatmazdı. Kişi həqiqi alim idi...
 
«Seyid haqqında çox eşitmişdim. İlk dəfə onun ilə Ağdaşda bir məclisdə iştirak etdim. Seyid ilə qabaq-qabağa oturub oxudum. Seyid çox səliqə ilə geyinərdi. O, həm də ziyalı idi. Onun Tiflisdə mehmanxanası, restoranı və “mersedes” markalı avtomobili var idi. O, Tiflis məclislərinin birində elə oxumuşdu ki, ona qızıl qaval bağışlamışdılar. O bütün muğamları çox ustalıqla oxuyurdu. Xüsusilə onun “Çahargah”ına söz ola bilməz. Şuşada bir toyda şirin “Mənsuriyyə” oxuduğu yerdə toyun «padşahı» qəfildən dilləndi: - Ağa, “özündənbəy” məclisə gəlir, onu təriflə ki, ucuzluq olsun. Ağa, bir dəqiqənin içində “Mənsuriyyə”dən “Orta segah”a keçdi və bəyi tərif etdi. Mən yerimdə quruyub qaldım... Bu əhvalatı Cabbar əmiyə söylədim. Cabbar heç təəccüblənmədi, çiyinlərini çəkib dedi: - Belə bir məharət yalnız Seyiddə ola bilər.
Ağdamda Çəmənli Məşədi Səfərin məclisində Seyid məni oxutdu, mənə qızıl saat bağışladı və ağladı”.
 
Elmin Nuri

Загрузка...
Загрузка...