“Bəzən, yeni çəkilən filmləri görəndə televizoru söndürürəm”- Ənvər Həsənov

 
 
 
 
Dünən Azərbaycan kinosunda bir çox məşhur rolları — Cəlal (“Yeddi oğul istərəm”), Murad (“Uşaqlığın son gecəsi”), Şahbaz (“Dərviş Parisi partladır”)- yaratmış Əməkdar artist Ənvər Həsənovun 67 yaşı tamam olub.
 
Ömrünün 52 ilini Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasına həsr edən Ənvər Həsənov hazırda orada şöbə müdiri kimi çalışır.
 
Əməkdar artist Moderator.az saytına açıqlamasında bu gün də özünə doğma saydığı kinostudiyaya sadiq qaldığını, burdan heç yana getmək istəmədiyini bildirib. Sən demə, tanınmış aktyoru yeni çəkilən film və seriallarda məhz bu səbəbdən görə bilmirik; Ənvər Həsənov ancaq kinostudiyanın çəkdiklərinə və oradakı fəaliyyətinə diqqət ayırmaq istəyir:
 
 
 
“Mən yenə “Azərbaycanfilm” Kinostudiyasında çalışıram, Kinoyayım şöbəsinin müdiriyəm. Qıraqdan təkliflər var, adamın Allahı var, bu günlərdə də bir təklif gəldi. Mənim kino aləmimlə bağlılığım, gördüyüm gözəl sənətkarlar ki var,  təəssüf ki, indiki cavanlar gəlib hələ o səviyyəyə çatmayıblar. Öyrənmək, öyrənmək və yenə də öyrənmək lazımdır. Mən də nədənsə, yeni filmlərdə çəkilə bilmirəm. Bilirsiniz ki, bu gün Azərbaycanda xeyli “prodakşn”lar var və filmlər çəkirlər. Əlbəttə ki, mənim də çəkilməyə, maaşa tələbatım var, ancaq təəssüf ki, indikilər məni o dərəcədə cəlb eləmir. Mən  52 il ərzində 70 filmə çəkilmişəm. Tamaşaçılar məni o filmlərlə seviblər. Onların bu gün bəyənmədiyi filmləri mən də bəyənmirəm. Heç baxmıram da, televizoru söndürürəm. Bir az şitlik, ləhcələrlə danışmaq kimi qüsurlar var. Bu, sənət deyil. Əsl sənət realist məktəbdi. Çox təəssüflər olsun ki, bizim hələlik, “Axırıncı aşırım”, “Yeddi oğul istərəm”, “Nəsimi” və s. kimi filmlərimiz çəkilmir. Nə zamansa olacaq, hələ bilinmir.
 
Kinoya 15 yaşımdan gəlmişəm. İndi isə 68 yaşa keçdim. Bütün həyatım, nəfəsim kinostudiya ilə bağlıdır. Mənə tamaşaçı sevgisini kinostudiya qazandırdı. Paytaxtdan kənardayam, amma üç gündür ki, telefonum susmur. Zəng edir, ad günümlə bağlı təbrikləyir, tamaşaçı sevgisini bildirirlər. O tamaşaçılar ki, məni bu dərəcədə sevir, bunun özü bir xoşbəxtlikdir. Məni yaşadan tamaşaçı məhəbbətidir. Mən Xalq artisti deyiləm, xalqın artistiyəm!"
 
Elmin Nuri

Загрузка...
Загрузка...