“Bəzən gün ərzində iki-üç nazir bizdən yazı ilə bağlı xahiş edir” – Azər Ayxan

“Hamı indi facebookda artisliklə məşğuldu”
Modern.az saytı “Yeni Müsavat” qəzeti baş redaktorunun 1-ci müavini Azər Ayxandan müsahibə götürüb. Minval.İnfo həmin müsahibəni təqdim edir.
–  Öncə oxucuların sizi daha yaxından tanıması üçün özünüz haqqında qısa məlumat verə bilərsinizmi?
–  Tovuzda anadan olmuşam. Rayonun Yuxarı Öysüzlü kəndində Məmmədqara Məmmədov adına 1 saylı orta məktəbi bitirmişəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışam.
– Siz də jurnalist təhsili almamısınız…
– Azərbaycanda, xüsusilə də Sovet dövründə heç orta səviyyədə də jurnalist təhsili almaq imkanı yox idi. Çünki o təhsili verən müəllimlər Sovet kadrları olub. SSRİ dövründə jurnalistikanın hansı işlərlə məşğul olduğu, daha doğrusu, jurnalistikadan başqa hər şeylə məşğul olduğu əksəriyyətə məlumdu. Əslində Sovet jurnalistikası antijurnalistika olub. Televiziyalar və qəzetlər Mərkəzi Komitədən göndərilən təlimatlar üzrə yalnız təbliğat-təşviqat işlərini görüb. O sistemin yetirməsi olan müəllimlərdən dərs alıb, yaxşı jurnalist olmaq sizcə, mümkündümü? Müasir Azərbaycan mətbuatı, jurnalistikası az-çox milli azadlıq hərəkatı dalğasında ortaya çıxdı. İlk vaxtlar aşırı dərəcədə partiyalı mətbuat idi. Amma buna baxmayaraq, müstəqil mətbuat sayılırdı. Sonralar qəzetlərdə müəyyən standartlara cavab verməyə çalışıldı. Və bu prosesdə, əsasən də 1990-2000-ci illər aralığında çox ciddi redaktorlar, reportyorlar, köşə yazarları yetişdi.
– Sözünüzdən belə çıxır ki, SSRİ dövründə mətbuat olmayıb?
– Əlbəttə olmayıb. Sovet jurnalistikası işini yalan və inkar üzərində qururdu. Pambıq tarlalarından, mal-qara otlaqlarından, fermalardan, süd sağımından, qoyun qırxınından, taxıl zəmilərindən, ot biçinindən başqa hansı mövzulardan yazılıb ki Sovet dövründə?! Bir də “ABŞ pis dövlətdi, SSRİ yaxşı hökumətdir” tezisi o dövrkü mətbuatın aparıcı mövzusu idi. Qəza olurdu, gizlədilirdi, təbii fəlakət baş verirdi, xalq məlumatlandırılmırdı. Mən orta məktəbi Sovet dövründə oxumuşam. 10 il yalanla başımızı qatıblar. Universitetin 2-ci kursunda oxuyurdum, SSRİ dağıldı. Amma sonuncu kursa kimi biz Sovet təhsil proqramı üzrə oxuduq. Ona görə də “mən jurfakı bitirmişəm” deyib, öyünməyə, hava atmağa gərək yoxdu. Qərb təhsilli müəllimlər, müstəqil medianın təmsilçiləri Jurnalistika fakültəsində dərs deməyincə, bu sahədə nailiyyət olacağı mümkünsüz görünür. Jurnalistika fakültəsini bitirib “Yeni Müsavat”a işləməyə gələn gənclər olub. Aylarla çalışdım, mən onlara 300 işarəlik xəbər yazdıra bilmədim.
“Azərbaycanda, xüsusilə də Sovet dövründə heç orta səviyyədə də jurnalist təhsili almaq imkanı yox idi “
– “Yeni Müsavat”dan başqa harda işləmisiniz?
– 1991-ci ilin oktyabrında “Yeni Müsavat” qəzetinə gəldim və müəyyən müddət burada işlədim. 1996-cı ildə “7 Gün” qəzetində 1 il reportyor olaraq çalışdım. Sonra yenidən “Yeni Müsavat” qəzetinə qayıtdım. 1998-99-cu illərdə “Müxalifət” qəzetinin direktoru olmuşam. 2005-ci ilin yanvar ayından “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müaviniyəm.
– Maraqlıdır, ailənizdə jurnalistika sahəsinə marağı olan başqaları da varmı?
– Rauf bəyin kiçik qızı Aytən jurnalistika təhsili alıb, magistraturanı Londonda oxudu. Hazırda APA İnformasiya Agentliyində çalışır. Oğlu Ərhunun bu sahəyə çox ciddi marağı var. Amma o film sahəsinə istiqamətlənib. Yaşına görə çox gözəl filmlər çəkir. Çəkdiyi qısametrajlı filmlər ABŞ-da müsabiqədə 1-ci yerə çıxıb.
– Bəs sizin övladlarınız?
– Oğlumun özünü yazı ilə ifadə etmək istedadı var. Lakin o, hazırda iqtisadiyyat üzrə təhsil alır. Jurnalistikaya gəlməyə isti yanaşmadı. Açığı, mən də bu məsələdə onunla həmfikirəm. Qızımın da jurnalist istedadının olduğunu sezmişəm. Fəqət, o da fərqli sahəyə meyllidir. Orta məktəb şagirdidi. Şərt deyil ki, ata jurnalistdisə, həkimdisə, mühəndisdisə, övladları da o sahəyə üz tutmalıdır.
– Övladlarınızdan bəhs etmişkən, ailəniz haqqında bir az ətraflı məlumat verə bilərsiniz?
– Həyat yoldaşım hüquq təhsillidir, amma işləmir. Oğlum Çexiyada Çarlz Universitetində maliyyə-iqtisadiyyat fakültəsində təhsil alır. Qızım orta məktəbin 10-cü sinifində oxuyur.
– “Yeni Müsavat”ın saytı yaradılan zaman qəzetin arxa planda qalacağı ilə bağlı qorxu oldumu?
– Elə proses var ki, onu zaman diktə edir – istəyib-istəməməyindən asılı olmayaraq. Biz sayt yaratmasaydıq, guya “Yeni Müsavat” qəzetinin tirajı 50 min olacaqdı? Xeyr! Artıq dünya o qədər qloballaşıb, texnologiya o dərəcədə inkişaf edib ki, insanlar xəbər, müsahibə oxumaq üçün köşklərdən qəzet almırlar. Bunun üçün kompüter arxasına keçməyə də gərək yoxdu. Hərənin cibində onu dünyaya bağlayan bir telefon cihazı var və o cihazla bütün informasiyaları ala bilirik.
– Sayta xəbər yerləşdirilir və müəyyən müddətdən sonra haralardansa zəng edirlər ki, filan xəbəri çıxarın. Bu cür hallar sizə nə zamansa problem yaradıbmı?
IMG_0702.jpg (670 KB)
– Bizə daha çox hansısa xəbərin, yazının getməsi üçün xahişlər olur. Bu cür xahişlər sıravi vətəndaşdan da gəlir, deputatdan da, məmurlardan da, QHT sektorundan da, həmkarlarımızdan da. Bəzən gün ərzində iki-üç nazir bizdən yazılarla bağlı xahiş edir – ya şəxsən, ya da mətbuat xidmətlərinin rəhbərləri, köməkçiləri vasitəsilə. Tutaq ki, hansısa nazir, məsələn, bir agentliyə müsahibə verib, yaxud beynəlxalq tədbirdə çıxışı olub, onun bizdə də getməsini xahiş edirlər. Bəzən deputatlar seçicilərlə görüşlərini, Milli Məclisdəki çıxışlarını verməyimizi istəyirlər. Əksər vaxt o yazıları, xəbərləri veririk. Çünki “Yeni Müsavat”, musavat.com bir qrupun yox, hər kəsin qəzeti, saytıdı. Çalışırıq bütün təbəqələrdən olan oxucu bizi oxusun. Zatən işimiz budur – istehsal etdiyimiz xəbər, yazı daha çox oxunsun. Qəzetçinin, xəbərçinin bundan böyük hədəfi yoxdu, ola da bilməz.
– Sizcə, öndə olub tanınmaq, yoxsa “gözəgörünməz” qalmaq yaxşıdır?
– Qarşıma tanınmaq və tanınmamaqla bağlı xüsusi məqsəd qoymamışam. Məşhurluq üçün xüsusi olaraq çalışmıram. Əslində məşhurluq insana mane olan məsələdir.
– Maraqlıdır, digər kütləvi informasiya vasitələrində özünüzü sınamaq istəmisiz? Məsələn, televiziya sahəsində…
– Televiziyada özümü sınamaq istərdim. Amma məni televiziyaya buraxan kimdir? Rauf Arifoğlu məni buraxar heç?! (gülür). İkinci tərəfdən, “Yeni Müsavat”ın təsir gücü istənilən televiziyadan geri qalmır. Mən burda da özümü kifayət qədər ifadə edə bilirəm. Gələcəkdə “Yeni Müsavat” Media qrupunun internet televiziya layihəsinin olacağına şübhə etmirəm.
– Müsahibəyə gəlməzdən qabaq sosial şəbəkə hesabınızı nəzərdən keçirmək istədim, amma hesabınızı dondurduğunuzu gördüm. Facebook-dan imtina etmisiniz, yoxsa müvəqqəti gedişdir?
– Artıq iki aydan çoxdur, Facebook-dan istifadə etmirəm. Oradakı aşırı neqativlik adamı usandırır. Hətta o qədər neqativdir ki, Facebook-dan işi keçən jurnalistlər belə ondan imtina etmək məcburiyyətində qalır.
– Facebook-suz həyat necədi?
– Pis deyil. Əvvəllər deyirdilər ki, sosial şəbəkələr cəmiyyətin gerçək simasını göstərir. Bu fikirlə razı deyiləm. Hamı bu platformada oynayır, artistlik edir. Şərq mentalitetidi, yaxud Azərbaycan standartıdı, nədir, bilmirəm, insanlarımız kamera görəndə, diktofon görəndə şəxsiyyətin ikiləşməsi, hətta üçləşməsi baş verir. Facebook da belədi. Burda hər kəs gerçək kimliyini maskalamağa çalışır. Heç kim sosial şəbəkədə özü deyil. Adam tanıyıram, yaramazın biridir. Evdə arvadına, uşağına söz keçirə bilmir. Qonşularıylaküsülüdü. Valideynindən bir dəfə xeyir-dua, alqış almayıb. Dələduzluğu həyat tərzinə çevirib. Di gəl, Facebook-a girəndə aslana dönür. “Qəhrəmana” çevrilir. Ölkə qurtarmaqdan, vətən xilas etməkdən danışır. Özünü idarə edə bilməyən adamlar ölkə idarə etmək iddiasına düşürlər. Sosial şəbəkələrdə insanlar elə artistliklər edirlər, az qalsın, özləri özlərini tanımasınlar. Bu baxımdan Facebook-dan, o neqativ mühitdən bir müddət uzaqlaşmaq qərarına gəldim. Həm də bir jurnalist olaraq orada olmadan da yaşamağın, işləməyin mümkünlüyünü isbatlamaq istədim özümə.
IMG_0705.jpg (690 KB)
– Yaşaya bilirsiz?
– Əlbəttə. Bilirsiniz, bəzən olmazsa olmazlardan belə uzaq durmaq məcburiyyətində qalırıq və onlarsız da yaşamağın mümkünlüyünü anlayırıq. Hər bir insanda imtina mədəniyyəti, yaxud imtina vərdişi olmalıdı.
– Bəs sizin sosial şəbəkədən başqa imtina etdiyiniz nələrsə və ya kimlərsə olubmu?
– Məsələn, uzun müddətdir ki, siqaretdən imtina etmişəm. Spirtli içki demək olar ki, qəbul etmirəm. Qumar və digər pis vərdişlərdən uzağam. Oxucular deyəcəklər ki, bu, necə adamdı? (gülür).
– İmtina etdikləriniz sırasında yaxın adamlar varmı?
“Bəzən gün ərzində bir neçə məmur yazı ilə bağlı bizdən xahiş edirlər”
– Açığı, mən dost qazanmağın, dost qazandırmağın tərəfdarıyam. Amma bəzən yeri gələndə, dost-aşnadan kənar durmaq ehtiyacı insanların bir-birilərini daha çox yaralamamaları üçün lazımdı. İnsanlar bir-birindən doyarkən, sözləri çəp gələrkən, münasibətlərdə çatlar yaranmağa başlayarkən, müəyyən müddət uzaq dursalar yaxşıdı. Məsələn, evdə ailə üzvləri yola getməyəndə, psixoloqlar bir müddət onların bir-birindən kənar dayanmalarını məsləhət görürlər. Bəzən küsülü qalmaq da işə yarayır. Bir şərtlə, bu, kinliliyə, nifrətə çevrilməsin.
– Sizcə, cəmiyyətimizdə kinlilik çoxdumu?
– Təəssüf ki bəli. Məişətdən siyasətə qədər çox kinliyik. Yeri gəlmişkən, Azərbaycan siyasəti də kinlə, nifrətlə qaynayır. Bu, müxalifət-iqtidar cəbhələrinin bir-birinə olan kini, qəzəbi deyil. Bu daha çox düşərgədaxili kin-küdurətdi. Nə yazıq ki, bu gün müxalifət partiyaları və onların rəhbərləri iqtidarla yox, bir-birilərilə mübarizə aparırlar. İçlərində dağ boyda kin daşıyırlar. Az qalsın hamıya, hər kəsə nifrət edirlər. Hansını danışdırırsan, 30 il öncəki olayları qurdalayır. Nemət Pənahlını danışdırmağa peşmansan, 1988-ci ildən başlayır, 1990-cı ildə ilişib qalır. Bu adamlar hər şeyə, hər kəsə və bir-birilərinə 1988-90-cı ildəki hadisələrə baxışla qiymət verirlər. Bunlar üçün gələcək yoxdu. Xalqa, tərəfdarlarına, hətta özlərinə sabah üçün heç nə aydın deyil, heç bir mesajları, proqramları yoxdu. Nə zaman baxırsan, keçmişlə əlləşirlər. Bizim müxalifət 21-ci əsrə adlaya bilməyib. 1988-93-cü illərdə ilişib qalıb.
– Bu dediklərinizlə bağlı iqtidarda necədi vəziyyət?
– İqtidarın məsuliyyəti kimi yanlışı, səhvi də böyük olur. Bu, heç. Amma mövzumuz başqa olduğu üçün bu iki düşərgənin mətbuata münasibətlərində bir epizod üzərində paralel aparmaq istəyirəm. Bu, neçə illik müşahidələrdən sonra gəldiyim qənaətdi. Tutaq ki, bir iqtidar adamını illərlə sərt formada tənqid edirik, barəsində ağır məqalələr yazırıq, manşetdən əleyhinə yüzlərlə məqalə veririk. Amma bir gün onun bir xırda xahişini, sözünü eşidirik. Müsahibəsini, mövqeyini qəzetdə çap edirik. Dərhal illərin “düşmənçiliyini” unudub,ona edilən bir xırda yaxşılığı, jesti əsas götürərək mətbuatla dostlaşmağa çalışır.
Gələk müxalifətə. İstənilən müxalif partiya sədri haqda 20 il yaxşı məqalələr yaz, iqtidarla davasında onun tərəfini tut, müdafiə et, daim təmənnasız informasiya dəstəyi ver. Bir gün onu yüngülcə tənqid et, yaxud Facebook-da barəsində özünün bəyənmədiyi bir status paylaş. 20 illik yaxşılığın, xidmətin, fədakarlığın üstündən xətt çəkəcək, bir köşəni, yaxud bir statusu əsas gətirib səninlə düşmənçiliyə başlayacaq. Salamı kəsəcək, müsahibə verməkdən imtina edəcək, telefon zənglərini cavabsız qoyacaq və s. Bu yanlış münasibətə görə də qeyb edə-edə gedirlər. Xüsusilə də siyasətdə kinlilik məhvə aparır. Mətbuatla düşmənçilik isə siyasi qüvvə üçün iki qat zərbədir.
– Şəxsi münasibətlərdə sizin küsülü olduğunuz biri yoxdu?
– Mən küsülü qalanda özümü çox narahat hiss edirəm. Həm də açığı bundan utanıram. Amma kimsə məndən küsürsə, ona da dincəlməsi üçün fürsət tanıyıram. Qarşısını kəsib, “sən Allah, nolar, gəl barışaq” demək doğru olmaz. Zaman ən dərin yaraları belə sağaldır.
– Azər bəy, prezident seçkilərini radikal müxalifət partiyaları boykot etdi. Digər müxalifətçilər isə həmin şəxsləri birlik yarada bilmədikləri üçün ittiham edir.
– Boykotçuların əsas arqumenti budur ki, seçki mühiti pisdir. 2013-cü ildə də eyni Seçki Məcəlləsi idi. Bəs onda niyə seçkiyə qatılmışdılar? Seçkilər oktyabrda keçirilsəydi, nə dəyişəcəkdi? İştirak edəcəkdimi müxalifət? Əslində hakimiyyətin seçkini qabağa çəkməsi müxalifətin işinə yaradı. Ona boykot üçün bəhanə verdi.
– Birləşib seçkidə iştirak edə bilərdilər?
– Bizim müxalifətin sonuncu birlik cəhdi 2013-cü ilin prezident seçkisi ərəfəsində oldu. Cəmiyyət “müxalifət liderləri anlaşa bilmirlər, kənardan bir ziyalı gəlsin, vahid namizəd olsun” deyirdi. Ziyalı da Rüstəm İbrahimbəyovun timsalında gəldi. Bu da alınmadı. İnsanlar var, ən xoşbəxt günlərində də xoşbəxt ola bilmirlər. Müxalifət də təxminən belədi: ən həlledici məqamlarda, şans ayaqlarına qədər gəldiyi vaxtlarda bunun qədrini, qiymətini bilmirlər.
– Sizcə, Azərbaycan iqtidarına təhlükə yarada biləcək müxalifət varmı?
– Ənənəvi müxalifətdə elə biri yoxdur. Əslində bu çox qorxuludu: sivil müxalifət olmayanda, onun boşluğunu dini müxalifət doldurur. Bu gün hər birimizi narahat edən məqam odur ki, dini müxalifət, özü də radikal dini müxalifət ölkəmizi və hamımızı təhdid edir. Düzdür, dövlət onların boy göstərməsinə imkan vermir. Buna baxmayaraq, yenə də təhlükədilər.
– “Real” TV-nin fəaliyyətə başlaması son günlərin əsas mövzusuna çevrilib.  Bununla bağlı münasibətinizi öyrənmək istəyərdik.
– “Real” TV-də işləyənlər həmkarlarımızdır. Aralarında mənim keçmiş iş yoldaşlarım da var. Onların işsiz qalmasımı yaxşıdır, yoxsa hansısa iş sahibi olmaları? Əlbəttə, ikinci. Yəni məsələyə bu cür bəsit yanaşmaq lazımdır. Həmkarlarımız işsiz qalanda onlara əməli olaraq heç bir dəstəyimiz, yardımımız toxunmadı. İş tapanda da yersiz sözlə onları yaralamasaq yaxşıdı.
– Son olaraq, gənc jurnalistlərə hansı tövsiyələr verə bilərsiniz? Bu yolda yeni addımlamağa başlayan bir gənc kimi mənə də maraqlıdır.
– Mən kiməsə məsləhət verməyə həvəsli deyiləm. Siz “Yeni Müsavat” qəzetində işləsəydiniz, məmnuniyyətlə, sizin daha yaxşı jurnalist olmağınız üçün əlimdən gələni edərdim. Amma digər həmkarlarıma tövsiyə verməyi yersiz sayıram.

Загрузка...
Загрузка...