​“Bəzən cinsi təcavüzlər könüllü olur...” – Həkimdən şok açıqlamalar

 
Bakıda falçının tələbə qızları yuxuya verib bakirəliklərini pozması barədə xəbərlər gündəmə bomba kimi düşüb. Bu xəbərdən sonra sosial şəbəkədə etiraz statusları yazılıb, toplumun dərinliyinə işləmiş belə inancların fəsadları qeyd edilib.
 
Həkim pediatr Vaqif Qarayev isə təkcə falçılardan deyil, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edən və onlara inananlardan söz açdı.
 
Teleqraf.com Vaqif Qarayevlə müsahibəni təqdim edir.
 
- Falçı, çöpçü, cinçıxaran, dua yazan, sınıqçılıq edənlər bizdə kifayət qədər populyardırlar. Sizcə, bunun əsas səbəbi nədir?
 
- Səbəb birmənalı olaraq cahillikdir, cəhalətdir. 30-35 il bundan qabaq həkimliyə təzə başlayanda həmin şəxsləri anlamağa çalışırdım. Çünki anaların, nənələrin əksəriyyəti təhsilsiz idi. Ən çox da əyalət və rayonlarda bu hal yaşanırdı. Onları anlamaq olardı, çünki gözləri qapalı idi. Gözlərini açıb falçı, çöpçü, sınıqçı görmüşdülər. Amma indi vəziyyət dəyişib, artıq 21-ci əsr birinci rübü başa çatır...
 
- Deyilənlərə görə, qolu-qıçı sınan insanlar həkimə getsə də, bəzən onları sınıqçı yanına göndərirlər. Eynilə neçə gün temperaturu olan uşaqların istiliyini sala bilməyəndə həkimdən “bəlkə çöpü qalıb, bir çöpçüyə göstərin” sözlərini eşidən valideynlər də var.
 
- Əgər həkim pasiyentini çöpçüyə göndərirsə, bu faciədir. Dəhşətdir... Həkim qruplarında çox tez-tez mübahisələr olur. Bir qisim həkim deyir ki, mən çöpçüyə inanıram, uşağımı da aparmışam.
 
Mən özüm sovet vaxtı təxminən 15-16 millətin yaşadığı yerdə işləmişəm. Sualım var: Bizimkilərdən başqa digər millətin uşağında niyə çöp qalmır? Cavab yoxdur. Burunda xüsusi ciblər var. Ona burun-udlaq deyirik. Orada yad cisimlər uzun müddət qala bilməz.
 
Xüsusən də indiki uşaqlar əllərinə keçən batareyanı, xırda oyuncaqları və sair şeyləri burunlarına, qulaqlarına, ağızlarına soxurlar deyə həmin cisimlərin ora düşmə ehtimalı var. Ona biz yad cisim deyirik. O yad cisim tibbi müdaxilə ilə çıxarılır.
 
Amma apardım, çöpçü uşağın burnundan kivi yarpağını, ananas qırığını çıxardı sözünün eşidəndə əsəbiləşirəm. Axı, uşaq onları yeməyib. Belə şey olmaz... Çöpdən fayda gördüyünü deyən həkimlərə bir arqumentim var - mən özüm çöpdən sonra vəziyyəti ağırlaşan neçə pasiyent qəbul eləmişəm. Həmin çöpçü ağzındakı infeksiyanı uşağın boğazına üfürüb və uşaq infeksiyaya yoluxub. Deyirlər, çöpçüdən sonra uşağın qızdırması düşür, qarınağrısı kəsir. Bunun tibbi izahı yoxdur. Elmi bir tezisə istinad etsinlər ki, mən filan şey edirəm, ona görə də qızdırma düşür, qarınağrısı kəsir.
 
Çöpçü üfürdü, qarınağrısı kəsildi... Bəs nədən yaranmışdı həmin qarınağrısı? O çöp nədir ki, qarınağrısı verir? Yəni bu kimi məsələlər var. Həkim özü çöpçüyə yönləndirirsə, mən adi insana bunu necə başa salım? Bu, dözülməz və qəbuledilməzdir.
 
- Bu günlərdə tələbə qızların falçı tərəfindən təkrar-təkrar zorlanması ilə bağlı xəbərlər yayılıb. Tələbə zorlandığını bildiyi halda yenidən həmin falçının yanına niyə gedir? Şantajdan qorxub, ya necə?..
 
- Tələbə qızların falçı tərəfindən zorlanması xəbərini gördüm, doğrusu, orada olan bəzi məqamlara inanmıram. Çünki təkrar-təkrar eyni şey baş verirsə, adama deməzlər ki, başın hardadır? Yəni o məqamlara inanmıram. 900 manat pul verib, nəyi düzəldirmiş falçı? Hər halda o qədər pulu tələbə valideynlərindən almalı idi. Tələbə qızda o qədər pul hardadır? Yaxşı, bəs, valideyn buna niyə razılıq verib?
 
Amma bir fakt inandırıcıdır ki, bizim bəzi qızlarımız dayanmadan falçı yanına gedirlər. Xüsusən, bəxtlərini açdırmaqdan ötrü. Fikirləşirəm ki, tutalım, o qız ərə getdi. Bəs onun böyütdüyü övlad nə tərbiyə alacaq?
 
Zorlanan qızın psixologiyası çox mürəkkəbdir. Əksər hallarda psixologiya zədələnir deyə, intihara cəhd edirlər. Çünki açıb heç kimə deyə bilmirlər. Bizdə qəbul olunmamış bir şeydir. Əgər üstü açılsa, valideynin reaksiyası-filan... Qız düşünür ki, bundansa ölsə, yaxşıdır.
 
Amma heç inana bilmirəm ki, psixoloji baxımdan zədə alsın və təkrar yenə eyni yerə getsin. Nə üçün və niyə? Əslində, bu zorlanma hadisələri mətbuatın yazdığı kimi olmur. Mətbuat belə xəbərlərə pafos qatır. Amma hər zorlanma epizoduna, bir az dərinə nüfuz eləsək, görərik, orda könüllülük cizgisi var. Özünü sığortalamaq üçün zorlanmanı qabardır. Deməzdim ki, hamısında könüllülük var, amma bəzən elə də olur.
 
- Bir çoxları falçılıqla, çöpçülüklə məşğul olanları və onların yanına gedənləri qınayır. Bəs həmin şəxslərin yanına gedənlər kimlərdir?
 
- Evlənmək üçün falçı yanına gedən valideyn olandan sonra uşağını çöpçüyə aparacaq. Bu düşüncəylə, cahilliklə uşağa necə baxacaq, axı? Məni əsas narahat edən bu cəhətidir. Deyilən görə, Biləcəri yolunda bir çöpçü var və onun qapısının ağzı dolu olur. Polis onu görmür? Rəsmi qurumlar ondan soruşmalıdır ki, sən neynirsən, nə işlə məşğul olursan? Həm yolda camaata əziyyət verirsən, həm də pul qazanırsansa, heç olmasa zəhmət çək, vergi ver. Necə olur ki, adam blokun qarşısına 2 daş qoyan kimi sahə müvəkkili başının üstünü alır, hər şeyi görür, amma o boyda həngamədən xəbərsiz qalır? Görürlər, əlbəttə. Mənim düşüncəmə görə, onların fəaliyyətində cinayət var. Hökumət adminstrativ yolla bu işə qarışmasa, bu cəhalətdən qurtara bilmərik.
 
Hökumətlə yanaşı biz də, mətbuat da maarifləndirmə aparmalıdır. İndi hansı zamandır ki, travma alan uşağı həkimə yox, sınıqçıya aparırlar?
 
Deyir, həkimə apardım bilmədi, amma sınıqçı düzəltdi. Sınıqçı nə qədər uşağı şikəst edib... 50 il bundan qabaq ucqarlarda həkim, rentgen yox idi. Onda belələrini anlamaq olardı. Amma indi, texnologiyanın inkişaf etdiyi vaxtda sınıqçı nədi?
 
- Falçının tələbələrə qarşı zor tətbiqi məsələsində vurğuladınız ki, belə şəxslərə inananlar cahildir, təhsilsizdir... Amma zərərçəkənlər tələbədir, təhsil alır axı. Əslində məsələnin kökündə nə dayanır?
 
- Biz hamımız toplum olaraq cahilik, təhsilsizik. Çünki təhsilli insan gözüaçıq olur, mütaliə edir, dünyagörüşə sahiblənir. Məntiqi normal işləyir, özünü müdafiə edir, gələcək üçün qarşısına məqsəd qoyur. Həmin hadisədə deyilir ki, hər iki qız İnstaqramda tanış olduqlarını yönləndirməklə bu yerə gediblər.
 
Bir də təhsillilərin hamısının dünyagörüşü normal olmur, axı. Həmişə belə olub, indi də belədir. Mənim işim gənclərlə bağlıdır, onlarla söhbət edirəm. Heç də hamısı savadlı, ağıllı deyil. Təsəvvür edin ki, gənc ana termometrdən istifadə qaydalarını da bilmir bəzən.
 
- Sizcə, belə falçıları, türkəçarə həkimlərini cəmiyyətdə kim populyarlaşdırır?
 
- Televiziyalar. Mən telekanallardan çox narazıyam. Bir vaxtlar hər gün ancaq cinçıxaran göstərirdilər. Bu, nə deməkdir?.. Həkim kabinetində nə qədər qışqırsa da, onu 10-15 nəfər eşidəcək, amma ölkənin böyük əksəriyyəti televiziyalara baxır. Ekran insanları maqnit kimi çəkir.
 
Bu yaxınlarda gördüm ki, kanalların birində kimsə bütün xəstəlikləri sağaldır... Maraqlı budur ki, studiyada həkimlər də oturmuşdu və aparıcı daha çox o şarlatana söz verirdi. Həkimə imkan vermirdi ki, bir kəlmə desin. Mən elə şarlatanlarla eyni yerdə oturmaram...
 
Qeyd edək ki, Bakıda tələbələri, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ovlayan” falçının peyda olması barədə məlumat yayılıb. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən kömək təklif edib. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada onlara bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.
 
Müəllif: Şəfiqə Nazimqızı

Загрузка...
Загрузка...