​Buz dövrü gəlir? – “Dəhşətli qış”la bağlı AMEA mütəxəssisi danışır

 
Bu il Avropada son 100 ilin ən soyuq qışı olacağı xəbəri yayılıb. Xəbərdə yer alan məlumata görə, Almaniya ekoloqları qış aylarında ən aşağı temperaturun yanvarda və fevralda müşahidə ediləcəyini bəyan ediblər. Soyuqların aprelə qədər davam edəcəyi bildirilir.
 
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Teleqraf.com-a açıqlama verib.
 
Məhərrəm Həsənovun sözlərinə görə, beynəlxalq sahədə metereoloji proqnoz 1, 3, 5, 10 günlük və 1 aylıq verilir: “Bu müddət uzandıqca proqnozun özünü doğrultma ehtimalı azalır. Xalq arasında belə bir deyim var: Yay nə qədər isti keçsə, qış o qədər sərt olacaq. Amma bu deyimin heç bir elmi əsası yoxdur. Xarici ekoloqların verdiyi məlumatı da tamamilə inkar etmək olmaz. Yəqin onlar da elmi mənbələrə əsaslanır”.
 
Məhərrəm Həsənov qeyd edib ki, Azərbaycanda ən sərt qış 1972-ci ildə müşahidə edilib: “Sonrakı illərdə də bir neçə dəfə bu cür hava qeydə alınıb.
 
Bu il “sıradankənar” qış olacağını, temperaturun mənfi 20 dərəcəyə enəcəyini gözləmirik. Bakıda temperatur bir neçə gün minimuma, yəni 11 dərəcəyə düşə bilər. Lakin orta aylıq temperatur qış aylarında müsbət olacaq. Çox sərt qış gözlənilmir. Ayrı-ayrı günlərdə temperatur bir neçə gün enə bilər.
 
Qeyd edim ki, ötən il yanvarda ən aşağı temperatur mənfi 11 dərəcə oldu. 2012-ci ildə yanvarın sonunda bu cür hava bir neçə gün davam etdi. Son 20 ildə ən sərt qış 2012-ci ildə keçdi, yanvar ayının 25-dən fevral ayının 5-dək temperatur mənfi 11-12 dərəcəyə düşdü. Ondan sonra sərt qış hələ ki olmayıb. Bu il 2012-ci ilə yaxın temperatur mümkündür. Çünki böyük hava kütlələrinin hərəkətinə əsaslanan proqnoz bizdə də özünü göstərir”.
 
Məhərrəm Həsənovun sözlərinə görə, bu günlərdə müşahidə olunan hava şimal-qərb hava kütləsidir: “Hava kütlələri bir istiqamətdən daxil olanda 3 gün dayanıqlı olur. Şimal-qərbdən gələn hava Atlantik okeanından Kanar adaları yaxınlığında yaranan hava kütlələridir. Onlar ölkəmizdə dayanıqlı daxil olublar. Bu cür hava kütlələrinin ölkəmizdən çəkilməsi hələ bir neçə gün davam edə bilər.
 
Bu vaxta qədər oktyabr ayında şimal-qərb hava kütləsinin ölkəmizdə bu qədər müddət hakimlik etməsi müşahidə edilməyib.
 
Şimal-qərb hava kütləsi hər zaman yağıntı gətirir. 2000 metrdən yüksək dağlıq əraziyə yağıntı qar şəklində, düzənliklərə isə yağış formasında düşür. Bu cür havanın 5-6 gün dayanıqlı olması və hər gün yağıntıların müşahidə edilməsi oktyabr ayı üçün xarakterik deyil. Metereoloji bülletenlərdə müşahidə dövründə bu vaxta qədər belə hal qeyd olunmayıb”.
 
Məhərrəm Həsənovun qeyd edib ki, növbəti həftədən tədricən havanın temperaturu yüksələcək: “Oktyabr ayı üçün yağıntının orta çoxillik miqdarı Bakıda 33-35mm-dir. Lakin onun 50 faizi artıq 4-5 gün ərzində yağıb. Əvvəlki illərdə 5 gün ərzində Bakıda dayanmadan yağışın yağması ilə bağlı hər hansı bir qeydiyyat yoxdur. Bu, hallarda müşahidə olunan haldır.
 
Havanın temperaturuna gəldikdə, 11.4-11.5 dərəcə olmalıdır. Amma indi temperatur yağıntı ilə əlaqədar 9-10 dərəcədir. Növbəti günlərdə temperatur 11-15 dərəcəyə yüksələcək”.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova isə bildirdi ki, qışın necə keçəcəyi haqda danışmaq hələ tezdir: “Qışın necə keçməsi barədə noyabr ayının axırları, dekabrın əvvəlləri fəsillik proqnoz təqdim olunacaq”.