"Bütün münaqişələri yaradan Rusiya sonradan onları donduraraq yenidən prosesə rejissorluq edir" — Politoloq

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri başlayıb. Amerikanın dövlət katibi Con Kerri isə bu həftə Moskvaya rəsmi səfərə gələcək.
Hər iki səfərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq.
Qərb, ABŞ tərəfinin son zamanlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallıq göstərməsi Rusiya və Ermənistanı narahat etməyə başlayıb.
Kerrinin Moskva, Lavrovun Bakı səfəri barədə politoloq Qabil Hüseynli Ölkə.Az-a danışıb:
"Hazırda danışıqlar intensiv gedir. Buradan açıq-aydın görünür ki, Varşava sammitindən sonra Qərb, birinci növbədə ABŞ Varşava müqaviləsində postsovet məkanı üçün nəzərdə tutulmuş Helsinki prinsiplərinin reallaşdırılmasına çalışır. Bunu Qərb dünyasının, ABŞ-ın fədakarlığı kimi dəyərləndirmək lazımdır. Bundan əvvəl Amerikanın dövlət katibi Con Kerri Fransa prezidenti Ollandla görüşdü. Danışıqlarda Rusiyanın mövqeyinə yaxın, xoşagəlməyən və Varşava sammitinin prinsiplərinə zidd olan məsələlər var idi. Güman edirəm ki, Kerri bu məsələlər ətrafında Ollandın mövqeyini korrektə etməyi bacardı.
Əsas məsələ rəsmi Moskvadır. Moskva açıq-aşkar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı qeyri-konstruktiv, beynəlxalq hüququn normalarına uyğun gəlməyən, eyni zamanda Azərbaycanın razı ola bilməyəcəyi "yol xəritəsi" təklif edir. Buraya Dağlıq Qarabağa xüsusi statusun verilməsi, Vardenisdən (Göyçə) Ağdərəyə çəkilən yola beynəlxalq statusun verilməsi, Laçın və Kəlbəcərin Azərbaycana qaytarılması məsələsini şübhə altına alan manevrlər görsənir. Belə olan təqdirdə Azərbaycan heç zaman bu "yol xəritəsi" ilə razılaşmayacaq. Min il də keçsə, biz o torpaqları işğaldan azad etməyə borcluyuq və ərazi bütövlüyümüzü təmin edəcəyik. Bunu ABŞ-da yaxşı başa düşür.
Rusiya mətbuatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şərhləri gülünc doğuracaq qədər səviyyəsizdir. İddia edirlər ki, Dağlıq Qarabağ problemini Varşava sammitinin qərarları deyil, Putin həll edir. Hər şey Putinin əlindədir. Belə fikir irəli sürülür ki, NATO-nun siyasi məsələlərə qarışmaq, siyasi məsələlərə həll variantı irəli sürmək səlahiyyəti yoxdur. NATO hərbi siyasi təşkilatdır. NATO sırf rusların düşündüyü kimi hərbi ittifaq deyil. NATO illərlə formalaşmış, daha çox siyasi xarakter daşıyan, hərbi gücə söykənən dünyada yeni nizamın formalaşmasına cəhd edən bir təşkilatdır. Bu nöqteyi-nəzərdən Kerrinin Moskva səfəri çox böyük əhəmiyyət kəsb edəcək.
Rusiyanın xarici işlər naziri Lavrov Bakıda rəsmi səfərdədir. Lavrov Bakıda köhnə nağılları danışmağa davam edəcək. O nağıllara Azərbaycan tərəfi kəskin cavab verməlidir. Lavrova başa salmaq lazımdır ki, erməniyə kim icazə verib ki, Vardenisdən Ağdərəyə ikinci yol çəkib? Kim erməniyə icazə verib ki, işğal altındakı faydalı qazıntı yataqlarını, xüsusi ilə qızıl yataqlarını istismar edib, böyük mənfəət götürsün? Yeri gəlmişkən, Dağlıq Qarabağ ərazisində faydalı qazıntılarımızı istismar edən şirkətlərin çoxu rus şirkətləridir.
Bizim ali qanunumuz, konstitusiyamız var və orada Azərbaycanın unitar ölkə olması təsdiq edilib. Konstitusiyanı pozub Dağlıq Qarabağa hər hansısa xüsusi bir status verə bilmərik. Düzdür Dağlıq Qarabağa yüksək status verə bilərik, o da yalnız erməni qoşunları torpaqlarımızdan çıxandan sonra mümkündür. Orada yaşayan ermənilərə danışıqlar prosesində yüksək özünüidarə statusu verə bilərik, ancaq bu status xüsusi status olmayacaq. Mərkəzə tabe olmamaq, qanunsuz hərbi birləşmələr yaratmaq, xaricdə diplomatik nümayəndəliklər açmaq kimi şeylər olmayacaq. Azərbaycan buna gedə bilməz və getməyəcək də.
Danışıqlar intensivləşir. Danışıqlar intensivləşdikcə də, sürprizlər ortaya çıxır. Bu sürprizləri yaradan Rusiya tərəfidir. Rusiya problemə NATO və Qərb dövlətlərinin belə fəal müdaxiləsini gözləmədiyindən çaşqınlığa düşür. Ermənistanda da çaşqınlıq var. Rusiya başa düşür ki, artıq Qərbdə Dağlıq Qarabağa da Ukrayna hadisələri kimi yanaşmağa başlayıblar. Necə deyirlər ki, Minsk sazişinin müddəaları yerinə yetirilməyincə sanksiyalar dayandırılmayacaq, bir az da o mətnə Dağlıq Qarabağa dair Helsinki yekun aktının müddəaları yerinə yetirilməyincə Rusiyaya tətbiq edilən sanksiyalar dayandırılmayacaq fikri də əlavə ediləcək. ABŞ çox gözəl bəyanat verdi, bəyanatda deyildi ki, postsovet məkanında yeni dünya düzəninin formalaşmasında başlıca əngəli Rusiyanın yeritdiyi siyasət törədir. Rusiya aqressiv separatizmi qızışdırmaqla bu bölgələrdə normal dövlət quruculuğunun getməsinə əngəllər yaradır.
Rusiya Dağlıq Qarabağda baş verən proseslərin baş rejissorudur. Proseslər baş verəndən sonra münaqişənin dondurulmasının da baş rejissoru elə özü olur. Bu gün də, münaqişənin həlli ilə bağlı məsələlərdə baş rejissorluq etmək istəyir. Bu səbəbdən də, bizim diplomatiyamız gərgin işləməlidir. Bizim Qərblə münasibətimizdə hər hansısa tərəddüd olmamalıdır. Qərblə qarşıdurmaya getməməliyik. Ərazi bütövlüyümüzün bərpası üçün lazım olan addımları atmaqla qarşı tərəfə də bunun haqqımız olduğunu sübuta yetirməliyik".