​“Bütün atalar kimi mən də qızlarımı böyütmək, oxutmaq istəyirəm”

 
Kənddə yaşamağın və işləməyin şəhərə nisbətən fərqli olduğunu hər kəs bilir.
Düzdür, hər yerin öz çətinliyi var, amma kənddə əkin-biçin, mal-qara işləri ilə məşğul olmaq daha əziyyətlidir. Əgər dağ kəndindən danışsaq, bu çətinlik ikiqat artır. Dağlıq kəndlərdə yaşayan kişilərin üzərinə isə daha çox yük düşür.
Budəfəki qəhrəmanımız da Lerikin ucqar, Buruq dağ kəndində yaşayan, 1977-ci il təvəllüdlü Əkbər Dədiyevdir. Artıq 9 ildir təsərrüfat işləri ilə məşğul ola bilməyən Əkbərin maddi yardıma ehtiyacı var.
Əkrəm Dədiyev danışır ki, 2009-cu ilin oktyabr ayında örüşdə mal-heyvan otararkən atın belindən yıxılaraq ağır xəsarət alıb: “At qaçırdı, birdən sanki mayallaq aşıb, atın belindən yerə yıxıldım. Belim üstə, maşın təkərlərinin izindən yaranmış torpağın üzərinə düşdüm və belimdən bərk zədələndim. Bel fəqərəm yerindən oynayıb içəri batmışdı. Məni xəstəxanaya aparmaq üçün yerdən qaldıranda isə onurğam bir qədər də yerindən oynamışdı”.
Həmsöhbətimiz deyir ki, bu zədədən sonra əməliyyat olunub: “Bir ay sonra qohum və qonşularımın köməkliyi ilə Neyrocərrahiyyə xəstəxanasında əməliyyat olundum. Belimə dəmir mil qoyuldu. Və bildirildi ki, bundan sonra əməliyyata ehtiyac yoxdur, mütəmadi olaraq müalicə olunmalıyam”.
Ə.Dədiyevin sözlərinə görə, müalicə olunmağa isə maddi imkanı yol vermir: “Respublikanın bir çox xəstəxanalarında olmuşam, eləcə də İran İslam Respublikasında olan xəstəxanaların birində müayinə olundum. İranlı həkimlər də dedilər ki, daha əməliyyat lazım deyil, ancaq müalicə etmək lazımdır. Daha sonra imkansızlıqdan müalicəmi davam etdirə bilmədim”.
“Həkimlərin dediklərinə görə, müalicə olunsam, yenidən yeriyə bilərəm, bunun üçün isə külli miqdarda, təxminən 25-30 min manat pul lazımdır. Bəlkə də vəsait deyilən rəqəmdən az oldu”, — deyir həmsöhbətimiz.
Artıq 9 ildir yataq xəstəsi olan Əkbər Dadiyevin səhhətində hərəkətsizlikdən digər fəsadlar da yaranıb, dizlərində kristallaşma gedir.
“Sonuncu dəfə Bakıdakı özəl xəstəxanalarının birində müalicə olundum. Artıq hiss edirəm ki, ayaqlarımda hissiyyat yaranıb. Bir çox xəstəxanalarda, eləcə də Respublika Əlillərin Bərpa Mərkəzində olmuşam. Məni müayinə edən bütün həkimlərin diaqnozu eynidir. Güclü müalicə olunsam, yenidən ayağa qalxacağam”, — deyən Ə.Dədiyev sağalacağına çox ümidlidir.
Həmsöhbətimiz hazırda əlil arabasına məhkum olub: “İndi yalnız əlil arabası ilə hərəkət edə bilirəm. Ancaq həyətə düşə bilmirəm. Kimsənin köməyi olmadan yatağa uzanıb-qalxa bilmirəm”.
Əkbərin xəstəliyi ailəsinin dolanışığına da mənfi təsir edib: “Ailəmizdə təkcə mən işləyirdim, daha doğrusu, təsərrüfat işləriylə, heyvandarlıqla məşğul olub ailəmi saxlayırdım. 9 ildir isə heç bir işlə məşğul ola bilmirəm. Düzdür, əlilliyə görə pensiya alıram. Amma indiki zamanda bu pensiya da yetmir. Ailəmiz 4 nəfərdən ibarətdir. İki qızım var, biri 2-ci, o biri isə 3-cü sinifdə oxuyur. Bütün atalar kimi mən də qızlarımı böyütmək, oxutdurmaq istəyirəm. Lakin indiki vəziyyətimdə onlar üçün heç bir şey edə bilmirəm”.
Ə.Dədiyev imkanlı şəxslərdən ona yardım göstərməsini xahiş edir: “Artıq dərəcədə xahiş edirəm ki, imkanlı şəxslər mənə kömək etsinlər ki, müalicə olunum. Sağalıb ayağa qalxım, işlərimi özüm görüm. Balalarımın təhsilinə özüm kömək olum”.
Onu da əlavə edək ki, Əkbər Dədiyevin evində həm öz ailəsi, həm də qardaşının ailəsi yaşayır. O, hazırda qardaşının həm maddi, həm də mənəvi yardımı hesabına dolanır.(sputnik.az)
Minval.info

Загрузка...
Загрузка...