"Bunu planlaşdıranlar elə buna görə də Şeyxi gözdən salmağa çalışırlar..."

Baxış sayı: 
231
0  
0  

 
 
Media cameəsi üçün ötən günün ən önəmli hadisələrindən biri Şeyxülislam Hacı Allahşükür Paşazadənin AZƏRTAC-a müsahibəsi idi. Şeyx bu müsahibədə bir çox məsələlərə aydınlıq gətirib. Ancaq hamımıza məlumdur ki, bu müsahibə son vaxtlar şeyxə qarşı aparılan anti-təbliğata cavab vermək üçün təqdim edilmişdi.
  
Bəs şeyxə hücumlar nədən qaynaqlanır? Hacı Allahşükür Paşazadə bu məsələyə çox ustalıqla cavab verib: “Şeyxülislamlıq məqamına hörmət, ehtiram təbii ki, xalqımızın milli-mənəvi dəyərlərindən, əsrlərlə formalaşmış mentalitetindən irəli gələn bir məsələdir. Fitnə xarakterli məlumatlar müəyyən qüvvələr tərəfindən məqsədli şəkildə gündəmə gətirildikdən sonra mənə bir çox mötəbər şəxslər də, sadə dindarlar da zəng vuraraq bundan hiddətləndiklərini bildirdilər. İdarəmiz adından açıqlama yaymaqla kifayətləndik. Lakin bu iftiraların arxasında din-dövlət münasibətlərinə xələl gətirmək istəyən müəyyən qüvvələrin təxribatlarının olması da istisna deyil”.
 
Şeyx bu sözlərlə dolayısı ilə Azərbaycanda din-dövlət münasibətlərinə xələl gətirmək istəyən, dini dözümsüzlük mühiti  yaradılmasında maraqlı olan qüvvələrin olduğuna işarə edib. Çünki biz bilirik ki, Hacı Allahşükür Paşazadənin Azərbaycanda dini sabitliyin qorunmasında müstəsna xidmətləri var. Bunu Şeyxülislam haqqında çirkin kampaniya başlayanda mətbuata verdiyi açıqlamada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çox incəliklə vurğulamışdı:
 
““Mən mətbuata tövsiyə edərdim ki, ulu öndər  Heydər Əliyevin vaxtilə Şeyxülislam Allahşükür Paşazadəyə qarşı məkrli, çirkin kampaniya gedərkən verdiyi açıqlamanı bir daha xatırlasınlar. Ulu öndər və Prezidentimizin Şeyxülislama verdiyi qiymətləri mətbuatda gedən yazılardan götürüb diqqətlə oxusanız, həmin o provokasyon, fitnəkar xarakterli yazıları yazanlara dəyərli və tutarlı cavab ola bilər. Mən hesab edirəm ki, bu cür hərəkətlər yolverilməzdir. O dəstənin nümayəndələrinə sual verirəm - Siz Şeyxülislama qarşı bu cür qaralama kampaniyası aparmaqla kimə və nəyə xidmət edirsiniz? Siz Şeyxülislamın əleyhinə qaralama kompaniyası ilə düşmənin dəyirmanına su tökdüyünüzün fərqinə varırsınızmı? Siz kimin yanındasınız?”
 
Mübariz Qurbanlı bir dövlət rəsmisidir. Və onun verdiyi açıqlamalar da təbii ki, yüz dəfə ölçülüb biçilir. Dövlət komitə sədrinin dili ilə şeyxə qarşı aparılan bu çirkin kampaniyadan narahatlığını ifadə etmişdi.
 
Fikrimizcə, şeyxə qarşı aparılan bu şarlatan kampaniya son vaxtlar dünyada güclənən İslamafobiyanın İslam ölkələrinə də ayaq açmasına zəmin hazırlamaqdır. Bu, İslam dinini gözdən salmağa hesablanmış çox məkrli bir siyasətin tərkib hissəsidir. Bilirik ki, şeyx barədə necə fitnəkar yazılar verirdilər. Guya Hacı Allahşükür Paşazadənin oğlu ölkəni tərk edib, şeyxin hansısa xarici ölkədə böyük biznesi üzə çıxıb və.s. Xalqımız vətəni qorumağı və müdafiə etməyi İlahi vəzifə sayır. Vətən üçün çalışmağın mükafatının Allah tərəfindən veriləcəyinə inanmışıq. Onda belə bir fikir formalaşardı: Bu necə Allah yolunda savab işdir ki, Şeyxülislamın oğlu öz vətənini qoyub gedir. Belə bir zərərli informasiyanın yayılması son vaxtlar İslam dini və vətənpərvərlik anlayışını başa düşməyən bir sıra gəncləri əməlli-başlı boşluğa sala bilər ki, bu da ciddi fəsadlar törədər.
  
Keçək digər məsələyə. Yazırdılar ki, guya Şeyxin Çexiyada böyük biznesi var. Bəs Şeyxülislam bu varidatı necə əldə edib? Deməli, halal qazancına haram qatıb. Bu da İslamın qayda-qanunları ilə daban dabana ziddir. Əlbəttə ki, şeyxin heç bir yedə biznesi falan yoxdur. Belə informasiyaların dövriyyə buraxılması İslam dininin halallığına inancı sındırmaq, İslamafobiyanı körükləməkdir.
 
Fikrimizcə, burda əsl hədəf Şeyxülislam yox, Azərbaycandır. Çünki son vaxtlar ölkəmiz İslam dininin bütün dünyada olduğu kimi təbliği istiqamətində xeyli iş görüb. Bu il Bakıda İslam Həmrəyliyi Oyunları keçirilib, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. İslam həmrəyliyinə dəvət - zamanın tələblərinə cavab verən mühüm, qlobal çağırışdır.
 
Şeyxülislamın həmin müsahibədə dediyi kimi, İslam həmrəyliyi təkcə müsəlman ölkələri üçün deyil, bütün dünya üçün dinlərarası münasibətlərin keyfiyyətcə yüksəlməsi yolunda gözəl imkan kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısının İslam həmrəyliyi çağırışı İslamı terrorla eyniləşdirən, islamofobiyaya rəvac verən, müsəlman miqrantlara qarşı aqressivlik nümayiş etdirən, İslam əleyhinə çirkin gözdənsalma kampaniyası aparan, müsəlman dünyasına daxili nifaq salmaq istəyən qüvvələrə tutarlı cavabdır, İslamın əsl mütərəqqi mahiyyətinin təbliği üçün uğurlu imkandır. Azərbaycan Prezidenti öz təşəbbüsləri ilə dünyaya bəyan edir ki, bütün problemli məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Həqiqətən, dünyanın müxtəlif yerlərində dinlər, məzhəblər arasında toqquşmalar, terrorizm, separatizm, ksenofobiya, islamofobiya, din adından sui-istifadə edərək insanların qətlə yetirilməsi kimi çox təhlükəli təzahürlər yaşandığı bir dövrdə bu təhdidlərdən bəşər ailəsi yalnız səylərini birləşdirməklə, müxtəlif dinlər və mədəniyyətlər arasında əməkdaşlıq sayəsində xilas ola bilər. Belə bir dövrdə dövlətimizin başçısının zəmanəmizə etdiyi mükəmməl çağırış – bütün insanları İslamın mahiyyətindəki sülh, bərabərlik və mənəvi dəyərlərlə həmrəyliyə dəvət etməkdir. Bu, həm də onun göstəricisidir ki, İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdət, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir.
 
Bax Azərbaycan buna görə hədəf seçilib. Şeyx isə bu prosesin mərkəzidir. Allahşükür Paşazadə İslam dininə, Vətənə, dövlətimizə, millətimizə sonsuz sədaqət nümunəsidir. İnsanlar Şüyxülislamdan İslam dininə bağlılığı, Vətənimizi necə sevməyi, dövlətimizi necə müdafiə etməyi öyrənirlər. Bir sözlə şeyx din-dövlət münasibətlərinin əsas tellərindəndir. Əgər bu tellər qırılarsa, onun çox ciddi fəsadları olar. Bu işi planlaşdıranlar, təbii ki, bunu çox yaxşı bilirlər. Ona görə də Hacı Allahşükür Paşazadəni gözdən salmağa çalışırlar. Amma bir məsələni unudublar. Nə Azərbaycan dövlətinə, nə cəmiyyətimizə bu cür yollarla təsir edə, nə də şeyxi yora bilərlər.
 
“Mən artıq 40 ilə yaxındır ki, Şeyxülislam məqamını daşıyıram. Uca Allah qarşısında, Vətənim Azərbaycan və xalqımız qarşısında məsuliyyət və mənəvi borcuma hər zaman sadiq olmuşam, ən mürəkkəb zamanlarda ədalətli mövqedən geri çəkilməmişəm. Əməllərim Uca Allaha, fəaliyyətim doğma xalqıma məlumdur. Ölkəmizə, onun mənafelərinə, maraqlarına, nüfuzuna, bəlli müstəvilərdə mövqeyinə xələl gətirməkdən başqa bir şeyə xidmət etməyən dedi-qodulara cavab vermək izafi vaxt itkisi olar. Biz öz işimizlə, fəaliyyətimizlə, xalqımıza, dövlətçiliyimizə, dini-mənəvi dəyərlərimizə xidmətimizlə hər bir böhtanın, şərin öhdəsindən gəlmək iqtidarındayıq və bunu da edirik. Uca Allah müqəddəs Kitabımız Qurani-Kərimdə buyurur: “Xeyirli işlər görün, Allah, onun Peyğəmbəri və möminlər əlbəttə ki, əməllərinizi görəcəklər”.
 
Şeyxülislam müsahibədə səsləndirdiyi bu fikirlərlə lazımi yerlərə lazımi mesajı çatdırıb. Allaha şükür ki, dövlətimiz dinimizi də, millətimizi də, ölkəmizi də, şeyximizi də qorumaq gücündədir. Azərbaycan adlı karvan hər gələn səsə baxmır, öz yolu ilə gedir.
                                                                                   
Tural Səfərov,
Moderator.az-ın baş redaktor müavini

Загрузка...
Загрузка...