​"Bunlar özlərini lotuluğa qoyublar ki,..." - Partiya sədrindən deputatlara sərt ittiham

 
"Deputatların ailələrinin xərclədiyi pullar Ziya Məmmədovun oğlunun 40-50 maşın kolleksiyasının dəyərinə bərabərdir. Deputat var ki, özünün yem zavodları var. Deputat var ki, böyük mağazalar şəbəkəsinə malikdir. Deputat tanıyıram ki, korrupsioner Heydər Əsədovdan, Ziya Məmmədovdan az var-dövlətə malik deyil”
"Bunlar özlərini lotuluğa qoyublar ki,..."
Bunu AFN-ə açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bəzi deputatların maaşlarının azlığından gileylənməsini şərh edərkən deyib. H.Hacıyev deputatların maaşlarının artırılmasının qəti surətdə əleyhinə olduğunu bildirdi: "Deyir oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bunlar bilirlər ki, millətin vəziyyəti çətindir, istəyirlər diqqəti yayındırsınlar ki, biz də dolana bilmirik. Necə dolana bilmirsiz? Bu dəqiqə hər bir deputatın istilikxanası var, yem zavodu var, böyük market şəbəkələri var, bəzi nazirlərlə şərikdilər. Deputat var ki, partiya sədridir, onun 2 milyarda qədər var-dövləti var. Bunlar bunu hardan alıblar? Bəzi nazirlərə işləyirlər, onlara yalan informasiya verməklə yaltaqlanırlar, məmurların "şestoykası” olmaqla var-dövlət qazanıblar. Görünür, biz bunların hamısını adbaad deməli olacağıq. Gərək deputatların özlərinin qanacağı olsun, təyin olunduqları rayonun camaatına hörmət eləsinlər. Camaat xeyrə-şərə getməyə pul tapmır. Siyasi mamaçalıqla məşğul olan deputatlar var ki, altındakı maşının qiyməti 500-600 min manatla ölçülür. Bunlar bunu nə ilə alıb? Yaxşı nazirlər oğurluq edib, bəs deputatlar? Dilləri yoxdu, nazirlərin qarşısında tələb qoya bilmirlər ki, ölkə yaman gündədi, bir iş görün.
 
Nətəri sən 1750 manata ümidlisən ki, arvadın axşamacan xarici ölkələrin qızıl mağazalarında alış-veriş edir, fotolar çəkdirib yayır? Camaat hər şeyi çox gözəl görür, bunlar da özlərini lotuluğa qoyublar ki, 1750 manatla dolana bilmirəm. Bunlar görürlər ki, ölkədə bir balaca iqtisadi vəziyyət çətinləşib, özlərini atırlar ortaya. Niyə demirlər bizim 150 manat pensiya, 200 manat alan seçicilərimiz, Qarabağ əlillərimiz nə ilə dolanır? Hərəsinin onlarla villası var, Eldar Mahmudovun villaları onların yanında daxmaya oxşayır. Hər birinin milyardları var, dolanışıqları da əladı. Hamısının bir-bir adını da çəkərəm, sübut da edərəm”.