“Bunlar Andranikin yubileyini də qəbul edə bilərlər” – MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “9 maya qələbə günü kimi yanşmaq rusbaşlılığın əlamətidir”
 
9 may tarixi Rusiyada və əksər post-sovet ölkələrində olduğu kimi, Azərbaycanda da Qələbə bayramı kimi qeyd olunur. Lakin indi ölkəmizdə bu tarixin “Böyük Vətən Müharibəsi”ndəki qalibiyyətimiz adı altında Azərbaycanda rəsmi səviyyədə qeyd olunmasına qarşı çıxanlar da az deyil. Hansı ki, bu insanlar Azərbaycanın ikinci dünya müharibəsində 300 min nəfərə yaxın itki verməsinə rəğmən, 9 May Qələbə bayramının bizim xalqa heç bir aidiyyatı olmadığı qənaətindədir.
Elə ADP sədri Sərdar Cəlaloğlu da bu düşüncədə olan insanlardandır. Odur ki, Sərdar bəylə söhbətimizdə nə üçün bu qələbədən bizə pay düşmədiyini aydınlaşdırmağa çalışdıq...
 
- Rusiyanın Gürcüstana, Ukraynaya hərbi müdaxiləsi, Azərbaycanı təhdid etməsi və s. prosesləri də bu siyasətin davamı hesab etmək olarmı?
 
- Əlbəttə. Bu gün Rusiyanın Gürcüstana, Ukraynaya müdaxilə etməsi, Azərbaycanı təhdid etməsi, Ermənistan-Azərbaycan münaqişəsini gündəmdə saxlaması, gedib Suriyada müharibə aparması və s. birmənalı şəkildə sübut edir ki, əslində 9 mayda heç də mələklər şeytanlara qalib gəlməyib. Sadəcə, Mahatma Qandinin dediyi kimi, bir şeytan başqa bir şeytana qalib.
 
- Bəzi post-sovet ölkələri 9 mayı rəsmi bayram kimi qeyd etməsə də, Azərbaycanda bu tarix bir çox milli bayramımızdan da yüksək səviyyədə qeyd olunur...
 
- Azərbaycan müstəqillik əldə etdikdən sonra bizim ən böyük çatışmazlığımız müstəqillik məfkurəsinin, istiqlal şüurunun formalaşdırılmaması və müstəqil dövlətçilik siyasətinin həyata keçirilməməsi olub. Yəni Azərbaycanda hüquqi olaraq müstəqillik əldə etmişik, amma müstəqilliyin içi boşdur. Hələ də Azərbaycanda çoxlarına aydın deyil ki, müstəqil Azərbaycan vətəndaşı keçmiş Sovet adamından, eləcə də bizim indiki dövlətimiz keçmiş SSRİ-dən nə ilə fərqlənməlidir. Odur ki, sizin dediyiniz məsələ ideoloji boşluqla bağlıdır.
Bu gün Azərbaycan, o cümlədən SSRİ və Rusiya tarixinə yenidən baxılmır. Eləcə də son illər Rusiya federasiyasının siyasətinə Azərbaycanın dövlət və suverenlik maraqlarından baxılmır. Hətta hazırda Azərbaycan elə bir səviyyədədir ki, bunlar yenidən Andranikin də, Şaumyanın da yubileyini qəbul edə bilərlər. Yəni Azərbaycanda dövlətçilik ideologiyasında bu səviyyədə boşluq var.
Biz SSRİ-dən qopmuşuq. Adama deyərlər ki, əgər doğrudan da “böyük vətən” idisə, bu qələbə sənin də qələbəndirsə, nə əcəb sən bu gün Rusiya ilə bir yerdə deyilsən və nə əcəb bu gün Rusiya sənə qarşı müharibə aparır?! Yaxud, dünən sən rus torpaqlarının, rusun dövlətinin qorunması uğrunda 2 milyonluq xalq olaraq 300 minə yaxın qurban vermisən, bu gün həmin rus sənin övladlarını qırır, sənin torpaqlarını işğal etmək istəyir. Sən nəyin bayramını edirsən?! İndi Azərbaycan XİN-in bir bəyanatı var ki, biz bayram edə bilmirik. Əslində, bizim bayram edə bilməməzin səbəbi ermənilərin bizə hücum etməsi bəhanəsi olmamalıdır. Bizim bayram etməməzin səbəbi o olmalıdır ki, vaxtilə biz övladlarımızı Rüsiyanın qorunması uğrunda qurban verməyimizə baxmayaraq, bu gün Rusiya bizim həmin qurban gedənlərin övladlarını məhv edir. Hansı ki, son 3 günlük müharibədə bizim ölən əsgərlərimizin hamısı rus silahı, Rusiyanın əvəzsiz olaraq Ermənistana verdiyi silahların, ordakı rus təlimatçıların, rus komandanların hesabına ölüb. Yəni, biz ruslara görə qurban vermişik, indi bunu bayram edirik, həmin ruslar bizi qurbanlıq qoyun kimi qırır...
 
-Yeri gəlmişkən, Rusiya prezidentinin Şuşanın işğalı günündə Azərbaycanın dövlət başçısına təbrik məktubu ünvanlaması da birmənalı qarşılanmadı...
 
- 9 may rusun qələbəsidir, Azərbaycan həmin təbriki qəbul etməməliydi. Azərbaycan deməliydi ki, mən hazırda məğlub vəziyyətdəyəm və mənim məğlub olmağım da təbii vəziyyət deyil, sənin ermənilərlə müttəfiqliyin hesabına məğlub olmuşam. Digər tərəfdən, əslində, o məktubun özü Azərbaycan xalqına qarşı bir təhqirdir. Çünki bir yandan Rusiya qoşunları Ermənistan tərəfdən bizimlə vuruşur, ərazilərimizi işğal edib, Putin hakimiyyəti Azərbaycan ərazilərinin yenidən müəyyən bir hissəsini qoparmaq üçün ermənilərlə müttəfiqdir, digər yandan da bizə məktub göndərir. Bizim xalq belədir. SSRİ vaxtında da bizə qırmızı bayraq, Ermənistan Mərkəzi Komitəsinin birinci katibinə töhmət verirdilər. Amma sonradan məlum oldu ki, həmin dövrlərdə Ermənistan Azərbaycandan 100 dəfə artıq gücləndi və SSRİ dağılanda onlar qalib, bizdən ərazi qoparmış bir tərəf kimi, biz isə məğlub bir tərəf kimi çıxdıq. Yəni həmişə belə olub, azərbaycanlılara bir bayraq, bir medal veriblər, bir söz deyiblər, aldadıblar...
Vaxtilə ingilislər də Afrikanı işğal edəndə özləri ilə rəngli muncuqlar aparmışdılar, orda yerli xalqdan həmin rəngbərəng muncuqların əvəzinə ən qiymətli almazları, daş-qaşları alırdılar. Eynilə Rusiya da keçmiş SSRİ xalqarına qarşı belə bir muncuq siyasəti aparıb. Bizim kimi respublikalara rəngli muncuqlar verib, Ermənistan kimi özünün müttəfiqi, əlaltısı adlandırığı ölkəyə töhmət versə də, arxadan onu hərbi, iqtisadi cəhətdən gücləndirib. Baxın, bütün SSRİ dönəmində Ermənistan dotasiya alıb, yəni mərkəzə heç bir şey vermədən, mərkəzi hökumətdən pul alıb. Azərbaycan isə Ermənistandan aşağı səviyyədə yaşamasına baxmayaraq, biz Naxçıvandan Ermənistana gedib görürdük ki, Ermənistan əhalisi bizim əhalidən iki dəfə yaxşı yaşayır, amma onlar dotasiya alırdı, biz isə gəlirimizin 90 faizini Moskvaya göndərirdik.
Odur ki, bu gün Putinin təbrik məktubu, əksinə, onun bizi təhqir etməsi deməkdir. Əgər doğrudan da 9 mayda Azərbaycan xalqının da payı varsa, Azərbaycan xalqı rus dövlətinin qorunması üçün 300 minə yaxın qurban veribsə, bu gün Rusiya bizə niyə düşmənçilik edir, niyə ərazilərimizi qopartmaq istəyir, niyə ermənilərlə bizə fərqli yanaşır?! Axı, bizim övladlarımız Rusiyanın çöllərində rus dövlətini qorumaq üçün qurban gedəndə biz fərq qoymamışıq ki, o ermənidir, biz azərbaycanlıyıq. Biz də gedib erməni, gürcü, rus kimi, bəlkə də onlardan daha çox, canımızı qoymuşuq, 300 min nəfər yaxın itki vermişik.
Baxmayaraq ki, sonradan Sovet qoşunları İrana girdikdə Cənubi Azərbaycan ərazisində yaratdıqları avtoritar boşluğu doldurmaq məqsədilə, demokratik firqənin yaratdığı hökuməti müdafiə etməkdən imtina etdi. Hətta xəyanət yolu tutaraq, demokratik firqənin ordusunu təlim keçirmək adı altında Şimali Azərbaycana gətirmiş, nəticədə bir milyona yaxın tam silahsız insanın qətlə yetirilməsinə şərait yaratmışdır. Eynilə, sonradan Azərbaycana keçən demokratların liderləri də müəmmalı şəkildə məhv edilmişdi. Beləliklə, ikinci dünya müharibəsində Sovet Rusiyasının avanturası nəticəsində Azərbaycan türkləri 1 milyon 300 min nəfərə yaxın itki vermişdir. O cümlədən, rus, fars və ingilislər sonra BMT-nin ilk iclasında Azərbaycan məsələsinin müzakirə olunmasını da blokadaya aldılar.
 
- Azərbaycanda indiki vəziyyətin yaranmasında bir növ xalqı ittiham edirsiniz. Lakin etiraf edək ki, mövcud hakimiyyət heç də xalqın iradəsi ilə hesablaşmır...
 
- Mən dövlətçilik şüurunun, dövlətçilik ideologiyasının, dövlətçilik psixologiyasının olmadığını deyəndə, elə hakimiyyətdə təmsil olunanları nəzərdə tuturam. Əgər onlar bir müstəqil dövləti təmsil edirlərsə, bu müstəqil dövlətin özünün qələbə bayramı olmalıdır... Allah qoysa, nə vaxt Qarabağı ermənilərdən azad edəcəyiksə, onda biz bunu qələbə bayramı elan edərik. Azərbaycanın özünün min illik ənənələri, dünyaya, tarixə baxışı olmalıdır. Niyə pribaltikalılar SSRİ tarixinə rusların gözü ilə baxmır?! Əslində, 9 maya qələbə günü kimi yanşmaq rus baxışıdır və rusbaşlılığın əlamətidir. Rus öz tarixinə necə baxırsa, azərbaycanlı da elə baxır. Halbuki, azərbaycanlı bilməlidir ki, tarixən rus ona düşmən kimi baxıb. Sən necə rusun gözü ilə özünə baxa bilərsən? Sən rusun gözü ilə özünə baxanda, özün özünə düşmənçilik etmiş olursan. Bu da onu göstərir ki, Azərbaycanda siyasi şüurda hələ kifayət qədər müstəqillik əldə edə bilməmişik. Formal olaraq, hüquqi cəhətdən müstəqillik əldə etsək də, ictimai şüur və fərdi şüur baxımından müstəqillik əldə etməmişik.
Sovet hökuməti dağılmamışdan qabaq “Azərbaycanda şüur problem” sərlövhəli bir məqalə yazmışdım. Həmin məqaləni “Totalitarizmin metamarfozası” kitabıma da daxil etmişəm, Elmlər Akademiyasının məcmuəsində də çap etdirmişəm. Mən orda yazmışam ki, Azərbaycan dövlətçilyinin qarşısında duran ən mühüm məsələ şüur problemidir. Yəni bu gün biz korrupsiyadan, ərazilərimizin işğal olunmasından, bir çox sosial neqativlərdən, iqtidar-müxalifət münasibətlərinin yanlış olmasından, ermənilərə münasibətin yanlış olmasından danışırıq və s. Amma bunların hamısının başında şüur problemi durur. İnsanı şüur idarə edir. Azərbaycan vətəndaşlarının şüuru dəyişmədiyinə, sovet şüuru, proletar şüuru ilə yaşadıqlarına görə, bu gün Azərbaycanda bir çox problemlər mövcuddur. Məsələn, başqa xalqlar dövləti üçün özünü qurban verməyə, öz sərvətindən keçməyə hazır olur. Bizdə, əskinə, dövlətdən daha çox oğurlamaq, dövləti zəiflətmək bir bacarıq hesab olunur. Gəlin görək dövlətimizin, müstəqilliyimizin qorunması, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan vətəndaşları, məmurlar, iş adamları öz maddi imkanlarından nə dərəcədə istifadə edirlər?! Hansı iş adamını görmüsünüz ki, bir tank, bir təyyarə alıb Azərbaycan dövlətinə bağışlayıb?! Özünə təyyarə, vertolyot alar. Oğlunu İngiltərədə əxlaqsız həyat yaşamağa göndərər... Bu heç. Milli orduya bir şey edibmi? Və yaxud görmüsünüz ki, hansısa bir iş admı körpü salsın, yol salsın? Bu, həmin şüur problemi ilə bağlıdır.
Türkiyədə bütün universitetlər, xəstəxanalar, məktəblər ayrı-ayrı iş adamlarının əl işidir. Azərbaycanda hər şeyi dövlət edir. Bəs bu iş adamlarının qazandığı milyonlar hara gedir? Qumara, əxlaqsız həyat tərzinə, xaricdə villa almağa və s. Yəni bu da göstərir ki, bizdə müstəqillik şüuru olmadığına görə, bizim iş adamlarında, dövləti idarə edən məmurlarda, hətta müxalifətin özündə də o şüur yoxdur.
Bir dəfə Müsavatda tədbir keçirilirdi, mən dedim ki, bu addımlar bizim dövlətçiliyimiz üçün təhlükə yarada bilər, bu addımı atmamalıyıq. Bir nəfər qalxıb dedi ki, biz niyə dövlətçiliyi düşünməliyik, hakimiyyətdəkilər düşünsün. Bunun özü göstərir ki, hətta müxalifətin özündə belə istiqlalçılıq, müstəqillik qrup maraqlarından arxada gəlir. Halbuki hakimiyyətdə və müxalifətdə olan istənilən qüvvə üçün dövlət marağı öndə olmalıdır, fərdi, şəxsi qrup maraqlarımız isə arxa planda gəlməlidir.
Ayxan İLDIRIMTÜRK