​“Bundan sonra Sarkisyanla danışıqlara getməyin heç bir mənası yoxdur”

“O vaxt rəhmətlik Tofiq İsmayılov da Qarabağla bağlı Moskvada sərt çıxışlar etdi...”
 
 
Azərbaycan Respublikasının ilk prezidenti olmuş Ayaz Mütəllibov Moderator.az -a bu dəfəki açıqlamasında Dağlıq Qarabağla bağlı son Cenevrə danışıqlarından, 26 il öncə Xankəndindəki separatçı rejimin “müstəqillik” elan etdiyi dönəmlərdə bir ölkə rəhbəri kimi gördüyü tədbirlərdən və Moskvanın buna münasibətindən bəhs etdi...
 
-Ayaz müəllim, Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümü ərəfəsində Cenevrədə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan prezdentlərinin növbəti görüşü keçirildi. Təəssüf ki, gözlənildiyi  kimi, yenə də ortalığa işğal altındakı torpaqlarımızın geri qaytarılması istiqamətində müsbət bir nəticə çıxmadı. Əksinə, danışıqlarda gərginliyin azaldılması üçün razılaşma olduğu bir halda Ermənistan başçısı S.Sarkisyan  görüşdən sonra “Bütün hallarda Dağlıq Qarabağ Azərbaycandan kənarda olmalıdır” kimi ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə açıqca təhdid olan açıqlamalar verdi. Bundan əlavə, məhz Cenevrədə danışıqların getdiyi saatlarda  Xankəndindəki separatçı rejimin rəhbəri, özünü “Artsax Respublikasının prezidenti” elan etmiş B.Saakyan 2017-2020-ci illər üçün “prezident layihəsi” ilə bağlı müşavirə keçirərək “Qarabağ ordusu”nun  gücləndirilməsindən, yenidən silahlandırılmasından dəm vurdu. Azərbaycanın ilk prezidenti olmuş bir siyasətçi kimi bütün bunlar sizə necə təsir etdi, hansı nəticələrə gəldiniz?
 
-Əlbəttə, normal əqidəli Azərbaycan vətəndaşı üçün son danışıqların nəticələri yenə də təəssüfləndiricidir. Mən də çox təəssüf hissi keçirirəm. Eyni zamanda burada mənim üçün bir yenilik yoxdur. Ümumiyyətlə, son zamanlar  Sarkisyan və yaxud onun adamları Azərbaycana qarşı onun müstəqilliyi, ərazi bütövlüyünü təhdid edən eyni  məkrli fikirləri işlədirlər. Yəni son 25 ildəki ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlarda heç bir irəliləyiş yoxdur. Bundan sonra da nə olacağı yenə də şübhə altındadır. Bəs belə bir şəraitdə biz nə etməliyik? Biz də Ermənistanın addımlarına, çıxışlarına alternativ tədbirlər görməli, öz sözümüzü deməliyik. Əslində deyirik də sözümüzü... Ancaq burada söhbət ondan gedir ki, bizim haqqımız tapdalanıb və biz onu bərpa etməlyik.  Hazırkı durumun məntiqi belədir ki,  Azərbaycanın müharibəni uduzduğunu deyirlər- amma axı bizə heç kəs tərəfindən rəsmən müharibə elan olunmamışdı və sonra da olunmadı. Buna rəğmən ermənilər məkr və silah gücünə torpaqlarımızı işğal edib. Və bu halda bizim də yeganə çarəmiz odur ki,  adekvat olaraq güc yolu ilə öz torpaqlarımızı işğaldan azad edək. Məntiq bunu diktə edir. Amma buna beynəlxalq təşkilatlar, Avropa institutlarının hansı münasibət göstərəcəyi də məlumdur. Həmişəki kimi deyəcəklər ki, müharibə etməyin, iki rəhbər oturun, müzakirə edin, ortaq bir nəticəyə gəlin. Və bunu 26 il öncə də deyiblər, ondan da bəri hər il deyirlər. Göründüyü kimi də ortalıqda bir nəticə yoxdur. Odur ki, biz hər şeyə hazır olmalıyıq... Hazırda  Qarabağ məsələsində ermənilər və beynəlxalq güclər siyasət  əvəzinə fitnəkarlıqla məşğuldurlar. Özlərini ciddi adamlar hesab edənlər əslində uşaq hərəkətləri edirlər. Erməni rəhbərlər cılız metodlardan istifadə etməklə özlərini küçə adamları kimi aparırlar...
 
-Sizcə, bundan sonra işğalçı  Ermənistanın  rəhbəri S.Sarkisyanla növbəti danışıqlara getməyin bir mənası, perspektivi varmı?
 
-Xeyr. Heç bir perspektivi və mənası yoxdur...
 
 
 
- Ermənistanın xarici güclərin dəstəyi ilə işğal etdiyi torpaqlarımızda qondarılmış separatçı rejim ilk dəfə  sizin  ölkəmizin rəhbəri olduğunuz bir vaxtda- 1991-ci il sentyabrıın 2-də Azərbaycandan ayrılaraq “müstəqilliyini” elan etdi. Maraqlıdır, o vaxt buna necə reaksiya verdiniz, hansı tədbirləri gördünüz?
 
- O zaman biz mümkün olan, gücümüz yetən  tədbirləri gördük. Lazımi rəsmi açıqlamalar verdik. Moskvaya, SSRİ rəhbərliyinə də  ciddi  təpkilər göstərdik. Dedik ki, Azərbaycanın haqqı tapdalanır, ciddi tədbirlər görmək lazımdır. Moskvada SSRİ Ali Sovetində Azərbaycanı təmsil edən deputatlarımız, o cümlədən rəhmətlik Tofiq İsmayılov da bu barədə sərt çıxışlar etdi. Ancaq təəssüf ki, bir nəticə olmadı...
 
Sultan Laçın

Загрузка...
Загрузка...