​Büdcə kəsirdə qaldı: ÇIXIŞ YOLU

 
 
Vüqar Bayramov: “Gömrük rüsumları gələcəkdə Azərbaycan üçün əsas fiskal mənbələrdən biri rolunu oynamamalıdır”
 
Cari ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 12045,1 milyon manat, xərcləri 12783,7 milyon manat olub, 783,6 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, bu doqquz ayda dövlət büdcəsinin mədaxili 12019,0 milyon manat proqnoza qarşı 12045,1 milyon manat və ya 0,2 faiz çox icra olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1942,0 milyon manat və ya 19,2 faiz çoxdur. Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5224,8 milyon manat vəsait təmin edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 298,5 manat və ya 6,1 faiz çoxdur. Həmin vəsaitin 73,2 faizi və ya 3825,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür.
 
2017-ci ilin doqquz ayında Dövlət Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl edərək dövlət büdcəsini 1950,4 milyon manat vəsaitlə təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 296,6 milyon manat və ya 17,9 faiz çoxdur.
 
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4300,0 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 275,0 milyon manat və ya 6,0 faiz azdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 246,7 milyon manat təşkil edib ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 53,8 milyon manat və 27,9 faiz çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 323,2 milyon manat, bundan 250,0 milyon manat vəsait Mərkəzi Bankın sərbəst mənfəətindən transfert şəklində daxil olub.
 
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 4320,3 milyon manat vəsait daxil olub. Bu ilin doqquz ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 100,7 faiz və ya 12783,7 milyon manat icra olunub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2161,5 milyon manat və ya 20,3 faiz çoxdur.
 
İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 38,1 faizi və ya 4865,1 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 351,4 milyon manat və ya 7,8 faiz çoxdur.
 
Cari ilin doqquz ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514,7 milyon manat, enerji, su təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1666,1 milyon manat, o cümlədən, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 64,9 milyon manat vəsait yönəldib.
 
Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 4590,0 milyon manat icra olunub. Cari ilin doqquz ayında dövlət büdcəsində 738,6 milyon manat kəsir (defisit) yaranmışdı. Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxilolmalar və cari ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına təmin edilib. Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 17586,9 milyon manat, icmal büdcənin xərcləri isə 16972,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 614,5 milyon manat təşkil edib.
 
Qeyd edək ki, gəlirlər hissəsində diqqət çəkən məqamlardan biri Dövlət Neft Fondunun büdcəyə transfertinin proqnozlaşdırılandan 275,0 milyon manat və ya 6,0 faiz az olması və Gömrük Komitəsi proqnoza 117,8 faiz əməl etməsidir.
 
 
 
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (CESD), iqtisadçı-ekspert Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, Maliyyə Nazirliyi tərəfindən xüsusi konsolidasiya siyasəti davam etdirilir: “Neftin dünya bazar qiymətinin stabilləşməsi və 50 dollar intervalında dəyişməsi, büdcədə cari ilin 9 ayının yekunları ilə bağlı diqqət çəkən məqamlardan biridir. Neft büdcənin kəsirlər hissəsinin yerinə yetirilməsi üçün bəlli bir baza formalaşdırıb. “Qara qızıl”ın qiyməti yenə büdcə gəlirlərinin formalaşmasında aparıcı olaraq qalmaqdadır. Çünki bir tərəfdən Dövlət Neft Fondunun transfertlərinə, digər tərəfdən, ölkəyə daxil olan vəsaitin həcminə, o cümlədən, makroiqtisadi stabilliyə birbaşa təsir göstərir. Əslində 9 ayın yekunları büdcənin proqnozlaşdırıldığı kimi icrasından xəbər verir. Sözsüz ki, defisit var və bu olmalıdır da. Çünki bu gün büdcəsində defisit olmayan ölkələrin sayı kifayət qədər azdır. Hətta inkişaf etmiş ölkələr büdcələrini defisitlə icra edirlər. Bu baxımdan büdcədə defisitin olması, beynəlxalq praktikada qəbul edilən haldır”.
 
İqtisadçı hesab edir ki, hökumət daha çox vergi daxilolmalarının seqmentində dəyişikliklərin olmasına çalışmalıdır: “Gömrük Komitəsi daha çox daxili bazarın qorunmasını, eyni zamanda iqtisadi təhlükəsizliklə bağlı funksiyaları yerinə yetirməlidir. Bu gün Avropa ölkələrində, eləcədə ABŞ-da gömrük fiskal funksiyanı yerinə yetirmir. Gömrük rüsumları gələcəkdə Azərbaycan üçün əsas fiskal mənbələrdən biri rolunu oynamamalıdır. Gömrük daha çox tənzimləyici və optimallaşdırıcı rola malik olmalıdır”.
 
Vüqar Bayramov onu da qeyd edib ki, hüquqi şəxslərdən əldə edilən vergilərin həcminin artırılması daha məqsədəuyğun olardı: “Çünki hüquqi şəxslərdən əldə edilən vergi daha dayanıqlı gəlir mənbələrinin formalaşmasına imkan yarada bilər. Bu baxımdan hökumət çalışmalıdır ki, növbəti mərhələdə hüquqi şəxslərdən daxil olan vergilərin sayının artırılmasına nail olsun. Xüsusilə də fərqli seqmentlərdən, o cümlədən, neftdənkənar sektorlardan daha çox vəsaitin büdcəyə daxil olmasını təmin edə bilsin”.
 
Yeganə Oqtayqızı
 
Cebhe.info

Загрузка...
Загрузка...