"Bu islahatlar həyata keçirilsə, biz 3-4 il ərzində iqtisadiyyatın neftdən asılılığını aradan qaldıra bilərik" — İqtisadçı ekspert

 
"Neft bumu" dövrü artıq arxada qalıb
 
Azərbaycan iqtisadiyyatı neftdən asılı vəziyyətdədir. Ölkəyə daxil olan valyutanın böyük həcmi neft satışından əldə edilir. Neftin dünya bazarında qiymətinin aşağı düşməsi, ölkədə baş verən iki devalvasiya dalğası iqtisadiyyatı çətin vəziyyətə saldı. Bu proseslər hökuməti qeyri-neft sektoruna diqqət ayırmağa vadar etdi.
 
Artıq prezidentin göstərişi ilə pambıqçılığın inkişafı üçün bir sıra işlər görülüb.
 
Ölkədə qeyri-neft sektorunun inkişafı, pambıqçılığın yenidən canlandırılması barədə iqtisadçı ekspert Vüqar Bayramov öz fikirlərini Ölkə.Az-la bölüşüb:
 
"Kənd təsərrüfatı əslində Azərbaycan üçün prioritet sektorlardan biridir. Kənd təsərrüfatı Azərbaycan üçün ona görə vacibdir ki, Azərbaycanda məşğul əhalinin 36%-dən çoxu aqrar sektorda çalışır. Bu baxımdan kənd təsərrüfatı həm də məşğulluğun təmin edilməsi baxımından vacib sahədir. Kənd təsərrüfatı imkan verir ki, Azərbaycanda məşğulluğun təmin edilməsinə töhfə verə bilsin. Eyni zamanda, ərzaq təhlükəsizliyi, daxili bazara çıxarılan yerli məhsullar baxımından kənd təsərrüfatı Azərbaycan üçün prioritet sektordur. Nəzərə alsaq ki, aqrar məhsullarımızın ənənəvi bazarları var, xüsusən də Rusiya Azərbaycan kənd təsərrüfatı malları üçün ənənəvi bazar hesab edilir, bu da parktiki olaraq imkan verir ki, Azərbaycan istehsal etdiyi məhsulları Rusiya və digər bazarlara çıxara bilsin.
 
Strateji məhsulların istehsalı aqrar sektorda vacibdir. Son dövrlər pambıq istehsalının genişləndirilməsinə başlanılıb. Pambığın ixrac imkanları var. Pambıq ixracatı zaman tələb edir, qısa zamanda yığımı artırsaq da, pambıq ixracatını çoxaltsaq da, pambıq ixracatından ölkəyə böyük həcmdə valyutanın daxil olması bir neçə il tələb edəcək. 2014-cü ildə 40 000 ton pambıq istehsal olunmuşdusa, 2015-ci ildə bu rəqəm 5 000 ton azalaraq 35 000 oldu. Artıq 2016-cı ildə pambıq istehsalının 100 000 tondan çox olacağı gözlənilir. 2017-ci ildə 200 000 ton pambıq istehsalının olması gözlənilir. Azərbaycan ən çox pambığı 1981-ci ildə yığıb. Həmin il 831 000 ton pambıq istehsal edilib. Müstəqillik əldə etdiyimiz ildə Azərbaycan 530 000 ton pambıq istehsal edib. Müstəqillik əldə ediləndən sonra mərhələli şəkildə pambıq istehsalı azalıb. Azərbaycan müstəqillik əldə edəndə pambıq sahələri 245 000 hektar idisə, 2015-ci ildə bu rəqəm 23 000 hektar idi. Məhsuldarlıq demək olar ki, dəyişməyib. 18 sentner məhsuldarlıq var. Güman olunur ki, bu rəqəm 22 sentnerə qədər artırılacaq. Əslində məhsuldarlığın da artırılmasına ehtiyac var. Dünya bazarında pambığın qiymətinə diqqət yetirsək, əgər iyul ayında pambığın 1 paundu (1 kq, 2,2 paunddur) 81 sent idisə, hazırda pambığın bir paundu dünya bazarında 70 sentdir. Müstəqillik qazandıqdan sonra pambığın dünya bazarındakı qiymət dəyişiminə diqqət yetirsək pambığın ən aşağı qiyməti 2001-ci ildə olub 1 paund 37 sent, ən yüksək isə 2011-ci ildə 1 paund 2 dollar 29 sentə qədər yüksəlib. Pambığın orta qiyməti 60-80 sent arası dəyişir.
 
Bizim qiymətləndirməmiz göstərir ki, pambıq istehsalının artması Azərbaycana həm xammal, həm də emal edildikdən sonra ixracı il ərzində 200 milyon dollar vəsaitin daxil olması deməkdir. Pambıqçılığın inkişafı yüngül sənayenin inkişafını sürətləndirə bilər. Aqrar sektorun, pambıqçılığın dəstəklənməsi mərhələli şəkildə ölkəyə gələn valyutanın həcmini artıracaq. Çox qısa zamanda ölkəyə daxil olan valyutanın kəskin dəyişəcəyini müşahidə edə bilmərik. Bu həm praktiki, həm də nəzəri baxımdan mümkün deyil.
 
Aqrar sektor yeganə və prioritet sektor deyil və olmamalıdır. Yüngül sənəyedə, ağır maşınqayırmada üstünlüyümüz var. Turizmdə də üstünlüyümüz var. Hər sahəni inkişaf etdirsək, ölkəyə gələn valyutanın həcmini çox qısa zamanda artıra bilərik.
 
Aqrar, maşınqayırma, turizm və digər sahələrin inkişafı birbaşa islahatlardan asılıdır. Əgər hökumət islahatları davam etdirsə və daha genişmiqyaslı islahatlar aparacaqsa, birmənalı şəkildə Azərbaycanın neftdən asılılığını aradan qaldırmaq mümkün olacaq. Bu sadəcə islahatlar yolu ilə mümkündür. Bəzən belə fikir formalaşdırırlar ki, neftdən asılılığı aradan qaldırmaq mümkün deyil. Əslində mümkündür. Xüsusən də son dönəmlər həm aqrar, həm də turizmdən ölkəyə gələn valyuta axını göstərdi ki, bu mümkündür. İslahatları genişləndirməyi davam etdirmək lazımdır. Əgər genişmiqyaslı islahatlar və sektorların liberallaşmasına hədəflənən islahatlar olacaqsa, biz 3-4 il ərzində iqtisadiyyatın neftdən asılılığının kəskin azalmasını müşahidə edə bilərik".