Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 37 nəfər ölüb, 108 nəfər xəsarət alıb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.
 Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu ilin I rübü ərzində respublika ərazisində 21 partlayış hadisəsi baş verib ki, bu da 2015-ci ilin I rübü ilə müqayisədə 1 hadisə və ya 5% azdır. Partlayışlar zamanı 1 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
 I rübdə baş verən yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1601 çıxış edilib. Yanğın hadisələri zamanı 17 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Bu da ötən ilin I rübü  ilə müqayisədə yanğından həlak olanlar  üzrə 1 nəfər və ya 6% çox, xəsarət alanlar üzrə 5 nəfər və ya 15% azdır. Yanğınların söndürülməsi zamanı 1 nəfər xilas edilib,  262  nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.
 2016-cı ilin I rübü ərzində respublika ərazisində 1644 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2015-ci ilin  I rübü ilə müqayisədə 242 hadisə və ya  17% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 19 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən  6 nəfər xilas edilib, 264 nəfər təxliyə olunub.