“Bu həm borcluların xeyrinə olar, həm də bankların”

“Bu həm borcluların xeyrinə olar, həm də bankların”Son zamanlar əhalinin banklara olan kredit öhdəlikləri layiqincə yerinə yetirilmir. Kreditin hansı valyutada olmasından asılı olmayaraq, geri ödənişlər zamanı gecikmələr baş verir və gecikmənin müddətindən asılı olaraq dəbbə pulu cərimələr hesablanır. Aylıq kredit ödənişini cəmləyə bilməyən borclu şəxs gecikmə günlərinə görə yaranmış cəriməni də ödəməli olur.
İqtisadçı ekspert Afiq Ağaquliyev Hurriyyet.org-a açıqlamasında vəziyyətfən çıxış yolu haqda danışdı. Onun sözlərinə görə, əsasən digər valyutalarda olan, ABŞ dolları ilə götürülmüş bank kredit öhdəlikləri hər bir borclu şəxsi narahat edir. Bu narahatlıq isə gələcəkdə baş ağrısına çevrilir: “ABŞ dolları valyutası ilə avto kredit götürən şəxslər isə devalvasiyadan sonra daha çox məbləğ itirən şəxslərdir. Çünkü aldıqları avtomobil devalvasiyadan sonra bazar dəyərini çox itirib, bank öhdəliyi isə AZN valyutasına nisbətdə artıb.Təsəvvür edək ki, şəxs hansısa bankın avto kredit məhsulundan yararlanaraq 2 min dollarlıq avtomobil alıb (yerli pulla 1570 AZN) və devalvasiyadan sonra avtomobilin bazar dəyəri olduğu kimi qalarsa belə , bank öhdəliyi yerli manatla 3000 AZN yüksəlir. Banka ödəniş edilir, amma borc bitmək bilmir”.
Ekspert hesab edir ki, qısa bir müddətdə bu tip borcların, əsasən də USD ilə olan öhdəliklərin yerinə yetirilməsi üçün banklar güzəştli addım atmağa meyilli olmalıdırlar: “Borclu şəxslərlə gələcəkdə işləmək və aktiv kreditlərin banklara qaytarılması üçün müəyyən işlərin görülməsinin artıq vaxtı çatıb. Fikrimcə, banklar USD kreditlərini günün kursuna uyğun olaraq yerli manata konvertasiya (bir valyutanı başqa valyutaya çevirmək - red.) edərək borcun qalıq məbləğindən asılı olaraq yenidən heç bir əlavə maraq faizi hesablamadan restrukturizasiyalar (kreditin qalıq müddətini uzadaraq aylıq ödənişi azaltmaq - red.) etməlidirlər. Bu halda gecikmədə olan aktiv kreditlərin geri ödənişində canlanma baş verər və risk altındakı kapital yenidən dövriyyəyə daxil olar.Əlavə olaraq banklar və borclu şəxslər gələcəkdə baş verə biləcək hər hansısa valyuta qiymətinin dəyişikliyindən özlərini bilavasitə sığortalamış olarlar”.(hürriyyet.org)