Bu gün İntiqam Əliyev azadlığa çıxa bilər

Baş prokurorun hüquq müdafiəçisi ilə bağlı verdiyi protestə baxılacaq; gözlər Ali Məhkəmədə...
Martın 28-də saat 12:00-da Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində verdiyi kassasiya protestinə baxılacaq. Hər kəs hüquq müdafiəçisinin bu gün azadlığa buraxılacağına ümid edir.
Baş prokurorun İ.Əliyev barəsindəki cəzanı ağır hesab etməsi və bununla bağlı Ali Məhkəməyə müraciət ümidləri artıran başlıca səbəblərdən biridir. Hətta bəzi yazılarda hüquq müdafiəçisinin azadlığa çıxacağı saat da göstərilir. Doğrudur, cəzanın azaldılacağını ehtimal edənlər də az deyil. Amma İ.Əliyevin həbsxana həyatı ilə vidalaşacağına ümid edənlər çoxluq təşkil edirlər.
Qeyd edək ki, Zakir Qaralovun protestində yalnız cəza məsələsi mübahisələndirilir və təyin edilmiş cəzanın ağırlığı, eləcə də, bir sıra yüngülləşdirici halların, o cümlədən İntiqam Əliyevin xəstəliklərinin nəzərə alınması, cəzanın şərti hesab edilməsinin müzakirə olunması, son olaraq cəzanın dəyişdirilməsi məsələsi qoyulub.
 
Hüquq müdafiəçisinin vəkili Cavad Cavadov cəmiyyətin protestlə bağlı müzakirələrinə cavab olaraq sosial şəbəkələrdə status paylaşıb: “İntiqam müəllimin işi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Çünki bir sıra xəbərlərdə bəzi yanlışlıqlara yol verilib.
Baş prokuror Zakir Qaralov Ali Məhkəmənin 24 fevral 2016-cı il tarixli qərarından (bu qərarla İntiqam Əliyevin barəsində birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanılmasına dair apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən, yəni kassasiya şikayətimiz dəyişdirilmədən saxlanılmışdır) əlavə kassasiya qaydasında protest ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət edib. Protestin surəti, Plenum İclasında iştirak etmək üçün dəvət məktubu ilə birlikdə mənə göndərilib və Plenumun iclası 28 mart 2016-cı il tarixə saat 12-00-a təyin edilib. Plenum iclasında İntiqam Əliyevin iştirakı gözlənilmir, çünki belə bir praktika mövcud deyil və onun özü də bununla bağlı müraciət etməyib. Müdafiə tərəfi əvvəlki mövqeyində qalır. Biz cinayət işinin bəraətverici əsaslarla xitam olunmasını xahiş edəcəyik. Bununla belə, bu protestlə İntiqam Əliyevin azadlığa çıxma imkanı olduğundan baş prokurorun bu müraciətini müsbət addım kimi qiymətləndiririk".
 
Hüquqşünas Müzəffər Baxış protestlə bağlı Ali Məhkəmənin qəbul edə biləcəyi qərarları sadaladı: “Verilən protest Ali Məhkəmənin Plenumuna çıxarılıb. Cinayət Məcəlləsinin 427.4-cü maddəsinə görə Ali Məhkəmənin Plenumu göstərəcəyim qərarları qəbul etmək səlahiyyətinə malikdir. Kassasiya instansiya məhkəməsinin qərarı saxlanılmaqla, verilən şikayət təmin olunmaya bilər. Əvvəlki qərarın ləğvi və yeni qərarın verilməsi də gözləniləndir. Kassasiya instansiya məhkəməsinin qərarı dəyişdirilə də bilər. Plenum qeyd etdiyim qərarlardan birini verə bilər. Baş prokuror cəzanın ağırlığına görə protest verib. Açığı, inanmıram ki, Ali Məhkəmənin Plenumu İntiqam Əliyevə bəraət versin. Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq olunacağını düşünmürəm. Plenum konkret cəza müddəti də göstərə bilər. Məsələn, 2 il 21 gün və başqa müddətlər. O zaman göstərilən müddət İntiqam müəllimin çəkdiyi cəza ilə üst-üstə düşərsə, o, Plenumdan sonra azad oluna bilər. Belə bir qərar veriləcəyini hesab edirəm. İstənilən halda, İntiqam Əliyevin heç bir cinayət törətmədiyi məlumdur. Onu qondarma ittihamlarla həbs ediblər. Bunun üçün də bəraət qərarı çıxarılmalıdır. İntiqam müəllim barəsində şərti cəza da verilə bilər. Azad etmək fikirləri olsa, iki qərardan birini qəbul edəcəklər”.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirləndirilib. İntiqam Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Musavat.com)