Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir

Önümüzdəki gecə müqəddəs Ramazan ayının ikinci Qədr gecəsidir.
Modern.az saytının məlumatına görə, bu il Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə (24 uyundan 25-nə keçən gecə, 26 iyundan 27-nə keçən gecə, 28 iyundan 29-na keçən gecə) təsadüf edir. Şəvval ayının 1-i isə (6 iyul) Fitr bayramıdır.
Xatırladaq ki, müqəddəs Ramazan ayı iyunun 7-dən başlayıb.
On bir ayın sultanı – Ramazanın 18-ci günü başa çatacaq. Oruc tutmaqla ruhən və cismən saflaşan müsəlmanlar artıq 18 gündür aclığa qarşı öz iradələrini nümayiş etdirirlər. Önümüzdəki gecə Ramazan ayının ilk Qədr gecəsini yaşayacağıq.
İslami hədislərə əsasən Ramazan ayının 19, 21 və 23-ü gecələri Qədr gecələridir. Bu üç gecənin birində müqəddəs Qurani-Kərim nazil olub.
Allah-Təala tərəfindən, Ramazan ayına verilən fəzilət və üstünlük onda baş vermiş mühüm hadisələr və qədr gecəsidir. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən biz onu (Quranı) Qədr gecəsi nazil etdik!”.
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti min ay (təqribən 84 il) ibadətdən üstün və fəzilətli olar.
Rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunub. Qədr gecəsini Allah-Təala məhz Həzrət Məhəmmədin (s) dövründə onun ümməti üçün təyin edib.
Qədr gecəsi Allah insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi elə bir gözəl gecədir ki, Allah-Təala o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.
Qədr gecəsi həm bərəkətli, həm də Allahın mərhəməti olan bir gecədir.
Hədislərdə nəql olunur ki, o gecə şeytan möminlərə yaxın düşə bilməz. Hər kəs bu gecənin ləzzətini, mənəvi gözəlliyini hiss etmək və günahlarının bağışlanmasını istəyirsə, bu gecəni ibadətlə keçirməli, mələklərin salamına cavab verməlidirlər.
Qədr gecəsi əhya saxlamaq, yəni səhərədək oyaq qalmaq savab sayılır. Həmin gecədə təkcə oyaq qalmağın özü də ibadət sayılır. Çünki oyaq qalmanın özü bu mübarək gecəni ilin başqa günlərindən tamamilə fərqləndirir.
Hər kim Qədr gecəsində oyaq qalıb Allaha ibadət edərsə, Allah-Təala ona min ayın ibadətinin savabından artıq savab yazar. Əgər bir kəs oyaq qalmaqla narahat olursa, yatmağın heç bir eybi yoxdur. Çünki onun bu gecəni oyaq qalmaq və ibadət etmək niyyəti ona bu savabı qazanmağa imkan verir. Allah bütün niyyətlərdən xəbərdardır və inşallah, bu yuxusunu onun üçün ibadət hesab edər. Çünki gecə oyaq qalıb narahat halda ibadət etmək düzgün deyil. İnsan gərək ibadəti eşq və həvəslə yerinə yetirsin.
Bu gecə məscidlərə gəlməkdən və evlərimizdə səhərə qədər oyaq qalıb Allaha ibadət etməkdə məqsəd budur ki, Allah-Təalaya ibadət və dua edib günahlarımızın bağışlanmasını diləyək. Bu gecə Allah özü insanları dəvət edərək onların günahlarını bağışlayır. Hər kəs bu gecə onun qapısına getsə, əliboş qayıtmaz. Çünki Allah-Təala özü onu dəvət edib və mümkün deyil ki, kimsə onun qapısına gəldikdə əliboş qayıtsın.
Qədr gecələrinin əməlləri:
1. “Əhya gecəsinin qüslünü edirəm, qürbətənə iləllah” niyyətini etdikdən sonra qüsl almaq. Bu zaman əvvəlcə baş, sonra sağ, daha sonra isə sol tərəf yuyulur. Bu qüslün böyük savabı var.
2. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Bunun mənası insanın sanki Quranı qarşılamasıdır.
3. Əhya gecələrini məscidlərdə qeyd etmək daha yaxşı olar. İmkan olmadıqda evlərdə də qeyd etmək olar, amma boş və mənasız söhbətlər əvəzinə Quran oxuyub, dualar etmək, Qədr gecələrinin ya da qəza namazlarını qılmaq yaxşı olar.
4. Qədr gecəsinin namazını qılmaq. Qədr gecəsinin namazı işa və sübh namazları arasında qılınır. Sübh namazı kimi iki rükət qılınır. Lakin hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsi bir dəfə deyil, yeddi dəfə oxunur. Namazı qılıb qurtardıqdan sonra alını yerə qoyub 70 dəfə “Əstəğfürullah Rəbi və ətubu iləh” zikri deyilir.
5. Quranı başa qoyub Allaha, Onun peyğəmbərinə (s.ə.s) və Məsum imamların (ə) adlarına and vermək lazımdır.
6. İmam Əli (ə) və İmam Hüseynin (ə) ziyarətnamələrini oxumaq.
7. 100 rükət sübh namazı kimi 50 müstəhəb namaz qılmaq. Qəza namazları olanlar hər gecə 6 günlük qəza namazlarını qıla bilərlər.
8. Həzrət Muhəmməd (s.ə.s) və onun məsum Əhli-beytinə (ə) salavat göndərmək.
9. Cövşən-kəbir duasını oxumaq.
10. 100 dəfə İmam Əlinin (ə) qatilinə lənət oxumaq (Allahumməl ən qətələtə Əmirəlmuminin). Yəni İlahi, İmam Əlinin (ə) qatilinə lənət et!
11. 100 dəfə “Əstəğfürullah Rəbi və Ətubu iləhü” zikrini deyib edilən günahlara görə tövbə etmək.
Deyilənlərin hamısını yerinə yetirmək çətin olsa da, imkan daxilində qeyd olunanlara əməl etmək lazımdır. Çünki Qədr gecələri ildə bir dəfə olur.