"Bu çıxış həmin iclasda iştirak edən bəzi ölkə başçılarına yaxşı şapalaq idi..."

Baxış sayı: 
177

 
 
Dünyada, xüsusən Yaxın Şərqdə, qardaş Türkiyədə, Ukraynada gedən proseslər bir daha onu göstərir ki, dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. Bu prosesdə ola bilsin ki, bəzi suveren dövlətlər öz müstəqilliyini itirsin, yaxud parçalansınlar. Ona görə tək hakimiyyət yox, həm də xalq öz davranışlarında çox ehtiyatlı olmalıdır. Azərbaycan hakimiyyətinin daxildəki yararsız siyasəti ilə bağlı fikirlərimi daim Sizinlə bölüşürəm və ömür imkan versə gələcəkdə də bölüşəcəm. Hakimiyyətin bəzi nümayəndələrinin özümə, ailəmə qarşı təhqirlərini bağışlamamışam və bağışlamayacağam. Bununla belə, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Türkiyədə İslam Əməkdaşlığı Təşkilatının konfransında iştirakına və çıxışına müxtəlif yanaşmaları gördüyümdən fikrimi Sizinlə bölüşürəm.
 
Hesab edirəm ki, bu çıxış İlham Əliyevin son dövrlər çıxışları arasında ən uğurlusu idi. 5 dəqiqə 20 saniyəlik çıxışın 1 dəqiqə 46 saniyəsi Dağlıq Qarabağ probleminin bir daha gündəmə gətirilməsinə həsr edildi. Çıxışın, “Ermənistan məscidləri və İslam abidələri də daxil olmaqla bütün mədəni abidələri məhv etmişdir. Bununla bərabər Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu ƏN BÖYÜK RİYAKARLIQDIR. Dünya müsəlmanları bilməlidirlər ki, müsəlman məscidlərini dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz”, hissəsinə isə bir neçə dəfə məmnuniyyətlə qulaq asdım. Bu çıxış həmin iclasda iştirak edən, bizə sadəcə qardaş, dost ölkəyik deyib işğalçı Ermənistanı blokadadan xilas edən, iqtisadiyyatına yüz milyonlarla yatırım edən, yanacaq, qida məhsulları ilə təmin edən bəzi ölkə başçılarına yaxşı şapalaq idi. Zənnimcə elə “riyakarlıq” ifadəsi də onlar üçün nəzərdə tutulmuşdur.
 
Aslan İsmayılov, tanınmış hüquqşünas

Загрузка...
Загрузка...