​Bu cinayətlə bağlı Aygün Bəylərə... - Açıqlama

 
Əməkdar artist Aygün Bəylərin adı 2013-cü ildən itkin düşmüş hesab edilən əmisi nəvəsi Elnur Hümbətovun qətlində hallanır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov E.Hümbətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası Səadət Hümmətova isə mətbuata açıqlamasında bildirib ki, Aygün Bəylər Elnur Hümmətovun qardaşı tərəfindən öldürüldüyünü bilib, ancaq gizlədib.
 
Səsləndirilən ittihamlar qarşısında əməkdar artistin səssiz qalması onun barəsində yeni iddiaların yayılmasına səbəb olub. A.Bəylərin ölkədən qaçdığı, hətta mühacirətə getdiyi iddia olunur.
 
Bəs, ittihamlar qarşısında Aygün Bəylər niyə susur? Səsləndirilən iddialar nə dərəcədə doğrudur?
 
Məsələ ilə bağlı Musavat.com-un suallarını müğənni xanımın prodüseri və dostu Sultan Mustafayev cavablandırıb:
 
- Aygün Bəylərin ölkədən qaçması barədə xəbərlər yayaılıb. Aygün xanım hazırda haradadır?
 
- Aygün Bəylər iki həftə öncə xarici ölkələrin birinə istirahətə gedib. Hazırda dincəlir. Tezliklə qayıdacaq. Ölkədən də qaçmayıb. Vətənini sevən insandır, uzun müddət buradan uzaq qala bilməz. 1 həftəyə geri dönəcək.
 
- Ölüm hadisəsini gizlətməkdə ittiham olunan əməkdar artist niyə susur?
 
- Aygün xanım sənətkardır. O, ucuz şoulara fikir bildirmir. O, deyir ki, böyük sənəti var, insanlar sənətindən danışsınlar. Hər kəsin qohumu cinayət törədə bilər. Kimsə bundan sığortalanmayıb. Sözügedən cinayətdə Aygün xanımın adının hallanması, sənətinə kölgə salmaq cəhdi ədalətsizlikdir. Jurnalistlərdən obyektiv olmağı istəyirik. Azərbaycanla yanaşı, dünyada da Aygün Bəylərin sənətini bəyənirlər. Onun qardaşı səhv edib, hüquq-mühafizə orqanları da lazımi cəzasını verib. Sənətdə bir neçə sənətkar qalıb. Onlardan biri də Aygün xanımdır. Sənətkarı sənətindən bezdirmək, uzaqlaşdırmaq lazım deyil.
 
- Aygün xanımın mühacirətə getdiyi deyilir. Bu məlumatlar nə dərəcədə doğrudur?
 
- Aygün xanım vətənpərvərdir, ölkəsini, prezidentini sevir, Azərbaycanın əməkdar artistidir. O, ölkəsini heç bir ölkəyə, şəhərə dəyişməz. O, mühacirət edə bilməz. Burada onu milyonlarla insan sevir. Azadlıq, sülh içərisində yaşayır. Niyə mühacirətə getməlidir? Bu iddialar absurddur.
 
- Aygün xanım bəzi qohumlarının onun haqqında səsləndirdiyi ittihamlara görə hüquq-mühafizə orqanlarına müraciət edəcəkmi?
 
- Hüququ-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini bilmirəm. Məncə, etməyəcək. Çünki onun haqqında o xanım artıq-əskik danışıb. Amma hər şeyi zaman göstərəcək. Aygün xanım hələlik susmağı seçir. Zamanı gələndə hər şeyi mətbuata açıqlayacağıq.
 
- Qohumlarının ittihamları ilə bağlı hüquq-mühafizə orqanları Aygün xanımla əlaqə saxlayıbmı?
 
- Bu cinayətlə bağlı nə Aygün xanıma zəng edilib, nə də o, hüquq-mühafizə orqanlarına dəvət edilib. Qanuni dövlətdə yaşayırıq. İfadə almaq üçün polisə dəvət edilsə, gedəcək. Aygün xanım qanundan qaçan insan deyil.