“Bu bəyanat optimistdir, gerçəkliyi əks etdirmir” – Müsahibə

Baxış sayı: 
168

 
Teleqraf.com Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə ilə müsahibəni təqdim edir.
 
- Asim bəy, Türkiyədə və Rusiyada terror həyata keçirmək istəyən cinayətkar qruplar saxlanılıb. Sankt-Peterburqda terrorun qarşısını alan isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi olub. Bu vəziyyəti necə qiymətləndirirsiniz?
 
- Əslində, terrorla mübarizə beynəlxalq əməkdaşlıq tələb edir. Bu istiqamətdə əldə edilən uğurları yüksək qiymətləndirirəm. Azərbaycan anti-terror koalisiyasının ən fəal üzvlərindəndir. Biz dəfələrlə beynəlxalq terrorun nəticələrini hiss etmişik, yüzlərlə vətəndaşımız bu terrorun qurbanı olub. Bunun üçün terrorla mübarizədə beynəlxalq əməkdaşlıq öz müsbət nəticələrini verəcək. Bu əməkdaşlıq daha da güclənməlidir.
 
- Türkiyədə terrora cəhd Qüds hadisələrindən, Rusiyada isə Prezident Putinin Suriyada özünü qalib kimi göstərməsindən sonra baş verdi. Sizcə, bu proseslər arasında bağlılıq varmı?
 
- Mən belə bir əlaqə görmürəm. Məncə, terrora qarşı fərqli fikir olmamalıdır. Terror insanlığa, bəşəriyyətə qarşı olan cinayətdir. Odur ki, bütün dövlətlər öz səylərini birləşdirərək terrorizmə qarşı mübarizə aparmalıdır.
 
- Rusiya-Türkiyə-İran yaxınlaşması anti-Amerika ittifaqı kimi təqdim edilir. Artıq Türkiyə və Rusiyada terrora cəhd edildi və qarşısı alındı. Bu mənada İranda da terrora cəhd və ya terror hadisələri ola bilərmi?
 
- Mənə elə gəlir ki, siyasət və münasibətlər mövzusunun terrorla mübarizəyə aidiyyəti yoxdur. Fərqli fikirlər ola bilər, fərqli siyasət və mövqenin olması mümkündür. Amma terror bəşəriyyətə qarşı olan cinayətdir. Odur ki, bütün dövlətlər fərqli siyasət və mövqeləri olmasına baxmayaraq, öz səylərini birləşdirməli, beynəlxalq terrorizmin qarşısını almalı, heç bir mülki şəxs də terrorun qurbanı olmamaldıır.
 
- İranda terrora cəhd edilməsi ehtimalını nə dərəcədə mümkün sayırsınız?
 
- Mənim bundan xəbərim yoxdur. İranda da nəyin baş verə biləcəyini deyə bilmərəm.
 
- Prezident Putin Suriyada bəyan etdi ki, İŞİD məhv edilib, sıradan çıxarılıb. Ancaq indi bəlli olur ki, İŞİD terrorçuları Rusiyanın özündə terror təşkil etmək istəyirlər. Bunu necə anlamaq olar?
 
- Rusiya Suriyada artıq üç hərbi baza açıb və qismən Suriyadakı qoşunlarını geri çəkib. Əslində bir neçə sahədə Rusiyanın Suriyada qoşunları var və gücləndirilir. Hətta bildiyim qədər İran da Suriyada hərbi baza açmağa cəhdlər göstərir. Bu, öz-özlüyündə təhlükəli prosesdir. Bununla yanaşı mənə elə gəlir ki, müvafiq qarşıdurmaların səbəbi ola bilər. Suriyada, İraqın özündə də mübarizə bitməyib və kifayət qədər təhlükə mövcuddur.
 
- Siz də hesab edirsiniz ki, İŞİD məhv edilməyib?
 
- Söhbət təkcə İŞİD-dən getmir. Fərqli terror qrupları, təhlükəli qüvvələr var.
 
- Maraqlıdır, Moskva bəyan edir ki, İŞİD məhv edilib, amma Pentaqonun şefi general Mettis bildirir ki, İŞİD-lə müharibə davam edəcək...
 
- Mənə elə gəlir ki, Rusiyanın bu istiqamətdəki bəyanatı həddən artıq optimist bəyanatdır və gerçəkliyi əks etdirmir.
 
İkincisi, adından asılı olmayaraq, beynəlxalq terror qrupları mövcuddur və onlarla mübarizə davam etdirilməli, bu istiqamətdə beynəlxalq səylər daha da güclənməlidir.
 
- Hazırda İŞİD sıralarını tərk edərək öz ölkələrinə - Almaniyaya, Fransaya, Pakistana, Türkiyəyə, Rusiyaya, Orta Asiya ölkələrinə, ABŞ-a gedən yüzlərlə terrorçu var. Bu şəxslərin öz ölkələrində terror törətməyə cəhd edəcəyi nə dərəcədə realdır?
 
- Bu real məsələdir və əsla təkzib edilməməlidir. Bunun üçün də onlara ciddi nəzarət edilməlidir. Mən bu şəxslərin öz ölkələrində terrora cəhd etməsini mümkün hesab edirəm. Düşünürəm ki, bunun üçün də beynəlxalq əməkdaşlıq, informasiya mübadiləsi olmalıdır ki, gələcəkdə ehtimal olunan terror cəhdlərinin qarşısı alınsın.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...