​“Bu, Ankara üçün çox ağır nəticələr doğura bilər” – Şərh

Baxış sayı: 
151
0  
0  

 
 
Türkiyənin həyata keçirməyə çalışdığı Afrin əməliyyatının nə ilə yekunlaşacağını söyləmək çox çətindir. Çünki ABŞ birmənalı olaraq PKK-nın Suriya qolu olan YPG-nin arxasında dayanıb.
 
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, ABŞ Suriya demokratik qüvvələri adı altında Suriya-İraq və Suriya-Türkiyə sərhədlərini qoruyacaq xüsusi ordu yaradır:
 
“Bu dəstə ən modern silahlarla təchiz edilir. Məsələn, onlara tank əleyhinə ən müasir silahlar verilib. Həmin silahlarla vertolyotları da vurmaq mümkündür. Artıq Türkiyənin bir vertolyotu vurulub. Hələlik, PKK/YPG-nin 2-3 minlik silahlanmış dəstəsi var. Amma ABŞ bu dəstənin sayını 30 minə çatdırmaq niyyətindədir. Türkiyə bu dəstənin mövcudluğunu istəmirsə, indidən hücum edib onu məhv etməlidir. Bu məsələ uzandıqca, daha ciddi problemlər əmələ gələcək. Bölgədəki bütün kürdlər Suriyaya axışacaq, ABŞ onları silahla təmin edəcək və Suriyanın federallaşması prosesi başlayacaq. Nəticə etibarilə, Türkiyənin sərhədində federallaşmış Suriyanın kürdlərdən ibarət qurumu yaranacaq”.
 
Bununla belə Q.Hüseynli qeyd edib ki, hücum edib yeni hərbi əməliyyatlara başlamağın özü də ciddi insidentlər yarada bilər:
 
“ABŞ bu məsələni beynəlxalq təşkilatlara daşıyar, onlar da Türkiyəyə ağırlaşdırıcı sanksiyalar tətbiq edə bilərlər. Yəni, elə vəziyyət yaranıb ki, yuxarı baxırsan bığdı, aşağı baxırsan saqqal. Mən ABŞ-ın bu bölgədəki siyasətinin mahiyyətini başa düşə bilmirəm. Amma eyni zamanda onu da əlavə etməliyəm ki, ABŞ-ın bu cür siyasət yürütməsində Türkiyə xarici siyasət xəttinin də müəyyən rolu var. Yəni, bir Fətullah Gülənə görə ABŞ kimi bir dövlətlə münasibətləri uçurumun kənarına gətirib çıxarmağa dəyməzdi. ABŞ kinli dövlətdir, onunla münasibətləri pisləşdirən dövlətlərlə heç də xoş rəftar etmir. Əksinə, amansızcasına rəftar edir. İndi də bölgədə Türkiyəyə alternativ dövlət hazırlayır. Son məqsədləri böyük Kürdüstan dövlətinin yaradılmasıdır. Düzdür, Türkiyə mətinliklə bu prosesə dirəniş göstərəcək. Amma əgər bu prosesə ABŞ da qarışacaqsa, bu, Ankara üçün ağır nəticələr doğura bilər. Zənnimcə, Türkiyə ABŞ-la münasibətləri düzəltmək əvəzinə onu korlamaqdan imtina etməlidir. Necə ki, Almaniya, Fransa və İtaliya ilə münasibətləri düzəldir, Vaşinqtonla da müəyyən kompromislərə getməyi bacarmalıdır”.
 
Müsahibimiz bildirib ki, Türkiyə Afrin əməliyyatı ilə Suriyanın federallaşmasının qarşısını almaq, kürdlərdən ibarət bir qurumun yaradılmasını önləmək istəyir:
 
“Əgər Türkiyə ilk günlərdə bunu etməyə müvəffəq olmazsa, sonradan bunu etmək çox çətin, bəlkə də mümkünsüz olacaq. Bunu Ankarada da başa düşürlər və Türkiyə Afrin ətrafında yenicə formalaşmaqda olan 30 minlik ordunun yaradılmasının qarşısını dərhal almaq istəyir”.
 
Qeyd edək ki, yanvarın 14-də ABŞ Suriya və İraqda İŞİD-lə mübarizə məqsədilə koalisiya əsasını PKK-nın Suriya qolu PYD/YPG-nin təşkil edəcəyi 30 minlik ordu quracağını bəyan edib. ABŞ-ın bu bəyanatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın günlərdə Türkiyə ordusunun Suriyada PYD/YPG-nin nəzarətində olan Afrin bölgəsində hərbi əməliyyat aparacağını açıqlamasından sonraya təsadüf edib. Daha öncə isə ABŞ-ın Suriyanın şimalındakı ərazidə terror təşkilatının hakimiyyəti ilə rəsmən diplomatik əlaqə yaratmaq niyyətində olması barədə məlumatlar yayılıb. Bununla əlaqədar bir həftə öncə ABŞ-ın Türkiyədəki müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmış və məsələyə aydınlıq gətirilməsi istənilmişdi.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...