"Bu adam axşam viski içib bir söz, ertəsi gün ayılıb başqa bir söz deyir..."

Baxış sayı: 
209

“Arif Hacılı iki dəfə Əli Kərimli ilə seçkilərlə bağlı görüşməyə cəhd edib, amma baş tutmayıb...”
 
 
Ötən ilin bu günlərində (23 dekabrda) ömür-gün yoldaşını itirmiş, yaşı 70-ə varan, artıq ağsaqqal məsləhəti verməli olan  milli azadlıq hərəkatının liderlərindən biri İsgəndər Həmidovla görüşüb hal-əhval tutduq. 1988-ci ildən bəri Meydan hərəkatının, Qarabağ savaşının od-alovundan keçmiş, 9 ilə yaxın zindan həyatı yaşamış İsgəndər bəy üçün son bir ilin daha ağır bir sınaq olduğunu anladıq... 
Adətən keçmiş daxili işlər naziri, bozqurd, Milliyyətçi Demokrat Partiyasının lideri kimi tanıdığımız İsgəndər  Həmidov  hazırda ictimai-siyasi  fəaliyyətini əsasən Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) üzvü  kimi davam etdirir.
 
Moderator.az bu qeyri-adi müsahiblə indi xalqı daha çox maraqlandıran ən müxtəlif suallar ətrafındakı söhbətimizin ən maraqlı məqamlarını diqqətinizə çatdırır:
 
(Müsahibənin əvvəli bu linkdə: moderator.az/news/204222.html)
 
- İsgəndər bəy, Milli Strateji Düşüncə Mərkəzi prezident seçkilərinə hazırlaşırmı? Namizədləriniz kimlərdir?
 
- Bəli, Milli Strateji Düşüncə Mərkəzi prezident seçkilərinə hazırlaşır. Seçkilərdə namizədimizi də müəyyən etmiş və müvafiq proseslərə start da vermişik?
 
- Kimdir namizədiniz?
 
- MSDM-nin, həm də Müsavat Partiyasının  namizədi İsa Qəmbərdir. Bununla bağlı digər partiya və qurumlarla danışıqlar gedir. Bu günlərdə seçkilərlə bağlı təşkil etdiyimiz toplantıda bir neçə partiya və ictimai təşkilatların, o cümlədən “REAL”-ın nümayəndələri də iştirak edirdi. Tədbirdə çox konstruktiv çıxışlar və təkliflər oldu. Biz demirik ki, yalnız bizim vahid namizədi dəstəkləyin. Deyirik ki, gəlin, təkliflərinizi söyləyin, təqdim edin. Toplum da buna əsasən bir yekdil qərara gəlsin...
 
- Təbii ki, hər bir vətəndaş namzədliyini verə bilər. Amma ölkədə müəyyən dərəcədə real görünən  siyasi qüvvələr var. Bu baxımdan MSDM, eləcə də ayrılıqda İsa Qəmbər seçki ərəfəsində vahid güc kimi ortaya çıxmaq məqsədi ilə,  məsələn, Milli İstiqlal Partiyasıyla, AXCP ilə, Milli Şura ilə danışıqlar aparırmı?
 
- Obyektiv  olduğuna görə bir az çətin sualdı. Bəli, bu istiqamətdə danışıqlar gedir. Ancaq həmin danışıqların nə dərəcədə müsbət nəticə verəcəyini bəri başdan deyə bilmərəm. Hər kəsin bir baxışı və xüsusiyyəti var. Bildiyiniz kimi, Azərbaycan Seçki Məcəlləsində dəyişiklik edildi. Əvvəllər o namizəd seçilmiş sayılırdı ki, mövcud seçicilərin azı, 50+1 faiz-inin səsini toplayırdı. İndi isə seçilmək asanlaşıb. Əgər seçkilərə seçicilərin 30 faizi gəlsə də, kim onlardan çoxunun səsini toplayırsa, qalib hesab olunur. Qaldı, prezidentliyə namizədliyin verilməsinə,  namizədin MSK-da qeydə alınması üçün o, azı, 50 min imza toplamalıdır. Amma siz dediyiniz partiya, təşkilat liderlərindən heç biri reallıqda 50 min imzanı toplamaq iqtidarında deyil. Hakimiyyət isə həmişə xalqı çaş-baş salmaq üçün  özü təyin etdiyi 5-6 nəfəri namizəd kimi çıxardır, onlar üçün də 50 min imzanı topladır... Amma gerçəkdən namizədliyini irəli sürəcək biri sifarişlə müxalifətin hər hansı namizədinə qarşı əsassız ittihamlarla çıxış edən deyil. Odur ki, müxalifət cəbhəsindən nə qədər çox namizəd qeydə alınsa, bir o qədər yaxşıdır... 
 
- Deyəsən, belə çıxır ki, həmişəki kimi bu dəfə də müxalifətin prezidentliyə vahid namizəd irəli sürməsi baş tutmayacaq?
 
- Bilirsiz, bu, bir az çətin məsələdir.  Vahid namizəd alınacaq-alınmayacaq... Bir az da geniş düşünək. Vahid bir məxrəcə gəlmək, vahid namizəd irəli sürmək üçün gərək hər bir lider içindəki  “mən” xislətini öldürə, onu “biz”lə əvəzləyərək gerçəkliyə uyğun qərar qəbul edə. Amma təəssüf ki, “mənəm-mənəm” xisləti bizdə əksəriyyətin canına elə hopub ki....
 
- Sizin özünüzün  seçkidə potensial namizəd hesab olunan şəxslərlə, məsələn, Əli Kərimli ilə görüşünüz, seçkilər barədə söhbətiniz olmayıb ki?
 
- Əli Kərimliyə mənim böyük hörmətim var. Amma onunla seçki ilə bağlı görüşməmişəm. Bildiyimə görə, Müsavat başqanı Arif Hacılı Əli Kərimli ilə iki dəfə görüşməyə cəhd edib, ancaq hələki görüş və danışıqlar baş tutmayıb... Lakin Sabir Rüstəmxanlı ilə müəyyən söhbətlər olub...
 
- Bəs Etibar Məmmədovla necə?
 
- Axı Etibar Məmmədov partiya sədri deyil...
 
- Amma hər kəs bilir ki, faktiki olaraq AMİP-in nəinki lideri, elə rəhbəri də  Etibar Məmmədov özüdür...
 
- Etibar bəy çox ağıllı adamdı və qəribə bir ictimai-siyasi mövqe tutub. Partiyanın hüquqi olaraq sədri başqa şəxsdi. Amma biz bilirik ki, strateji məsələlərlə bağlı  məsləhətləri özü verir... Bununla belə, son illər Etibar bəyin davranışları onu göstərir ki, o, artıq siyasətdən xeyli uzaqlaşmaq qərarını verib...
 
- Bəlkə də klassik milli hərəkatçı lider Etibar Məmmədov yenidən siyasət meydanında zühur edə bilər?
 
- Ola bilər. Hər şey ola bilər... Azərbaycan elə məmləkət və biz elə xalqıq ki, bir də gördün, bir akademik çıxdı, dedi ki, mən “Bulaq-3”, “Bulaq-4” aparatlarını kəşf etmişəm, Qarabağı azad edəcəm, çörəyi pulsuz edəcəm və s. Bununla da xalqın xeyli hissəsi ümidlənib onun arxasınca gedə bilər. Bu, bizim xislətimizdən irəli gəlir... Nə desən, ola bilər. Amma mənim subyektiv təhlillərim göstərir ki, bizim namizədliyini görmək istədiyimiz adamlar arasında beləsi ola bilməz... Ertibar Məmmədovla da mən görüşüb danışmağa hazıram... İndi elə vəziyyət yaranıb ki, Rəsul Quliyev də, Hüseyn Abdullayev də, namizədliklərini vermək istəyirlər... O tərəfdən də İlqar Məmmədovun namizədliyi gözlənilir...
 
- 70 yaşlı Rəsul Quliyevin namizədliyinə münasibətiniz necə olardı?
 
- Bu adamın çox qəribə xüsusiyyəti var. Axşam oturub barda viski içib bir söz deyir, ertəsi gün ayılıb başqa bir söz deyir... Bu adam hansı  məqsəd və ideyalarla prezidentliyə namizədliyini irəli sürürsə, bu öz işidi. Amma Amerikada oturub Azərbaycanın məsələsini həll etmək mümkün deyil. Ona məsləhət görürəm ki, gəlsin Azərbaycana- xalqın arasına qatılsın.  Saakaşvili nə təhər gəldi Ukraynaya? Qoy Rəsul Quliyev də gəlsin, tutulsun, 3 gün yatsın...
 
- Qarşıdakı seçki marafonunda iqtidarın vahid namizədinin kimliyi aşağı-yuxarı hər kəsə bəllidir. Bəs əgər normal demokratk seçkilər keçirilərsə, Azərbaycan müxalifətində prezidentliyə ən şanslı namizəd kimdir, sizcə?
 
(Davamı var)
 
Söhbətləşdilər:
Zülfüqar Hüseynzadə,
Sultan Laçın

Загрузка...
Загрузка...