Bəşər Əsəd yaxşı adamdı, onunla tez-tez görüşərdik... – Müsahibə

 
Teleqraf.com-un suallarını Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda rəsmi Ankaranın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç cavablandırıb:
 
- Hulusi bəy, istərdim söhbətə Bakıya gəlişinizin səbəbi ilə başlayaq...
 
- Məni Bakıya Azərbaycan Yazıçılar Birliyi dəvət edib, ötən gün türk dünyasına xidmət ödülü təqdim olundu. Artıq 8-ci dəfədir “The first” mükafatının təqdimatı keçirilir. Bakıda olmaq mənim üçün həmişə xoşdur, çünki dostlarımla görüşürəm, keçmiş günləri yad edirik. 5 ilə yaxın müddətdə həm Türkiyənin, həm də Azərbaycanın səfiri kimi işləmişəm. O illər çətin illər idi. Ermənistanla bağlı protokolların imzalanması məsələsi gündəmdə idi, həmin protokollar imzalanmadı və buna görə çox şad oldum. Cənab İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Onu da qeyd edim ki, bu medalı alan yeganə səfirəm, bu da məni sevindirir.
 
- Diplomatik missiyanız başa çatandan sonra ilk dəfədir Bakıya gəlirsiniz?
 
- Yox, tez-tez gəlirdim, PETKİM-in İdarə Heyətinin üzvü idim, 6 aydan bir Bakıya səfər edirdim. Dayana bilmirdim, Azərbaycan mənim sevdam, eşqimdir. Türk dünyasına çox dəyər verirəm və türkdilli ölkələrin inkişaf etdiyini görmək məni şad edir. Bunun üçün üzərimə düşən bir şey varsa, əlimdən gələni etməyə çalışıram. Moldovada Türkiyənin səfiri kimi çalışıram, eyni zamanda özümü Azərbaycanın səfiri kimi hiss edirəm. Azərbaycanın Moldovadakı səfiri cənab Qüdsi Osmanov ilə birgə hərəkət edirik, bir yerdə çalışırıq. O, mənə verilən mükafatın təqdimat mərasiminə qatılmaq üçün mənimlə birlikdə Bakıya gəldi. Bu, xüsusi bir jestdir. Bakıda olmaq doğrudan da gözəl hissdir. Səfərimizin ilk günündə Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət etdik.
 
- Səfirliyin əməkdaşları Sizi necə qarşıladı?
 
- Çox böyük həyəcanla! Doğrudan da çalışdığım yerdə əməkdaşlarımıza, işçilərə dəyər verirəm. Ailələri, övladları ilə maraqlanıram. Səfirlik mənim üçün ailə kimidir. Məni görməyə məmnun oldular, eləcə də mən çox şad oldum. İstər-istəməz adam çox darıxır.
 
- Səfir kimi çalışdığınız dönəmdə Azərbaycanda işləmiş əməkdaşlarla Türkiyədə görüşmək kimi bir ənənəniz var, deyəsən.
 
- Əslində, Ankarada olanda hər ay görüşürdük. İndi Moldovadayam deyə, 2 aydan bir görüşə bilirik. Bu, mənim başlatdığım ənənədir və 5 ildir davam edir.
 
- Əbəs yerə, Sizə bakılı demirlər...
 
- Bakılıyam, buna görə də fəxr edirəm (gülür). Moldovada qaqauz türkləri bizimlə eyni dildə danışırlar. Sadəcə, dinləri fərqlidir, bizim üçün Türk dünyadının birliği için din bir o qədər önəmli ünsür deyil, dildə, əməldə, işdə birlik əhəmiyyətlidir. Din hər kəsin özgür seçimindən asılıdır. Biz orada gözəl layihələr həyata keçiririk. Qaqauz türklərinin yaşadığı Qaqauziyanın paytaxtı Komratda (kömür at/qara at) keçən həftə gənclər mərkəzinin təməlini qoyduq, mədəniyyət mərkəzi, Çadır qəsəbəsində qocalar evinin tikintisi istiqamətində işlər başlayıb. Azərbaycan da mədəniyyət mərkəzi yaradacaq. Türkmənistan Çeşməköydə uşaq bağçası inşa edib. Adlara fikir verin, hamısı türk adıdıdır. İnsanların ad və soyadı da o cürdür. Məsələn, Stefan Topal. Bunun şahidi olmaq çox qəribə duyğudur. Mənim ən böyük arzularımdan biri Azərbaycanda səfir olmaq idi, ən uzun müddətli səfir mən oldum. İkinci bir istəyim də vardı, deyirdim ki, Qaqauziyanı görmək istəyirəm. Allah mənə Moldovada səfir olmağı nəsib etdi (gülür). 1 ildir səfir kimi çalışıram. Bu müddət ərzində böyük işlər görmüşük. Bir sıra rəsmi səfərlər reallaşıb. İki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi tamam olur. Mən daha çox səfərlərin həyata keçirilməsini təbliğ edirəm. Moldova ilə dost münasibətdəyik, azad ticarətlə bağlı razılaşmamız var, hazırda şəxsiyyət vəsiqəsi ilə səfərlərin baş tutması üzərində çalışırıq. Menim teşebbüsümle Moldovadan 7 jurnalist Ankaraya gəlib, gələn həftənin ikinci günü səfirlikdə görüşəcəyik, səfərləri ilə bağlı söhbətləşəcəyik.
 
- Hulusi bəy, Moldovada yaşayan qaqauz türklərindən bəhs elədiniz, Sizcə, nədən bir çox hadisələrdə türk dünyasının birliyini, onun reaksiyasını görə bilmirik? Bir türkdilli ölkədə yaşananların digər türk dövlətlərində biganəliklə qarşılanmasının səbəbini nə ilə izah etmək olar?
 
- Zaman-zaman bu sual ətrafında mən də düşünürəm. Bunu gənc dövlətlər olmağımızla əlaqələndirirəm. Türkdilli Ölkələrin Parlament Assambleyası var. Bunu 2010-ci ildə Naxçıvanda qurduq, o zaman Azərbaycanda səfir idim. Cənab Prezident İlham Əliyevdən bu təşkilat üçün yer ayrılmasını xahiş etmişdim, artıq həmin binanın açılışı da olub. Bütün bu proseslər addım-addım olur. İnanıram ki, 10 il sonra türk dünyası adına daha fərqli şeylər görəcəyəm. Türk dünyamızın güclü olması dünyadakı yerimizi də gücləndirər. Biz Azərbaycanla Türkiyəyə bir millət, iki dövlət deyirik, biz bir millət, 6 dövlətik. Ancaq Türkiyə və Azərbaycan əkiz qardaşdır. Bu ifadə mənə məxsusdur. Türk dövlətləri daha sıx əməkdaşlıq etməli və yaxın olmalıdır. Zaman hər şeyin dərmanıdır, deyirlər, zamanla bu da olacaq.
 
- 4 Türkiyə vətəndaşının Xankəndinə qanunsuz səfərinə rəsmi şəxslərin heç bir reaksiya verməməsi Azərbaycan tərəfinin haqlı iradına səbəb olub. Bu faktla bağlı fikirləriniz nədən ibarətdir?
 
- Bu barədə mediadan oxudum, Türkiyənin Azərbaycandakı səfiri cənap Erkan Özoral da buna reaksiya verdi. Türkiyə Xarici İşlər Nazirliyi də bu faktı pislədi. Hulusi Kılıç olaraq türk milləti adına bu addımı qınayıram, hesab edirəm ki, bu addım yanlışdır və olmamalıdır. Biz nə deyirik? Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Hər türk bu cür düşünməlidir, birlikdən güc doğar. Biz bir olmalıyıq ki, işğal altında olan qədim Azərbaycan torpaqları Türk torpaklarıdır . Buralar tez vaxte azad olsun. İşğal faktı olmasa, türk və erməni xalqı daha yaxın olardı, ermənilər də buradakı inkişafdan yararlanar, qapılar açılar, rifah içərisində yaşayarlar. Dostluqdan gözəl şey varmı?! Niyə gələcək nəsilləri zəhərləyirik? Ermənistandakı gənclər başqa yerlərə üz tutur. Yazıq deyilmi? Barış olsa, torpaqlar azad olsa, birgə yaşayış olar. Tarixən türklər ermənilərlə bir yerdə yaşayıb. Mən xalqların düşmənçiliyinə inanmıram, siyasətçilərin yanlışlıqlarına inanıram. Ona görə də siyasətçilər buna yol açmalıdırlar. Bu torpaqlar tez zamanda işğaldan azad olunmalı, 1 milyon qaçqın və məcburi köçkün öz doğma torpağına qayıtmalıdır. Bu davanı davam etdirməyin mənası yoxdur. Bu coğrafiyanın barış və hüzuru pozulub. Mən bunu dost kimi söyləyirəm. Türk və erməni xalqının dostluğuna inanıram.
 
- Gündəmin əsas müzakirə mövzularından biri də Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranıdır. Əslində, nələr baş verir, problemin kökündə nə dayanır?
 
- Bu problem süni şəkildə yaranıb. Türkiyə və ABŞ NATO-nun ən güclü üzv ölkəsidir. İki ölkə əsrlərdir dost və strateji tərəfdaş olan ölkələrdir. Süni şəkildə yaranmış problemin tezliklə aradan qalxacağına inanıram. Hazırda ABŞ-dan gələn nümayəndə heyəti Türkiyədə səfərdədir, problem tezliklə həll olunacaq. Kaş ki, belə hadisə olmayaydı...
 
- Yeri gəlmişkən, Türkiyə ilə Rusiyanın S-400 zenit-raket kompleksi ilə bağlı razılaşması da Qərbdə birmənalı qarşılanmadı və çoxsaylı təpkilər oldu. Bu reaksiyalar gözlənilən idi?
 
- Türkiyənin S-400 zenit-raket kompleksi ilə bağlı qərarı öz seçimidir. NATO baş katibinin da açıqlaması var. Bunu NATO sisteminə uyğunlaşdıracağıq. Türkiyənin seçiminə kimsə bir söz deyə bilməz. Bu, müstəqil şəkildə verilən qərardır.
 
- Türkiyənin yeni başlatdığı İdlib əməliyyatını necə şərh edərdiniz, gözləntilər nələrdir?
 
- 2000-2005-ci illərdə Suriyada baş konsul kimi çalışmışam. O coğrafiyaya yaxşı bələdəm. Suriya qonşumuzdur, Türkiyənin güvəni o ölkənin sərhədindən başlayır. Türkiyənin İdlib əməliyyatı Astanadakı qərara əsasən başladılıb və bunu doğru addım sayıram. Bu əməliyyat son dərəcədə sakit şəkildə həyata keçirilir, heç bir problem yoxdur. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, Türkiyə orada işğalçı deyil. Zərərli gücləri, terror təşkilatlarını təmizlədikdən sonra geri çəkiləcək. Prezidentimiz, baş nazirimiz, xarici işlər nazirimiz hər zaman bəyan edir ki, biz Suriyanın ərazi bütövlüyündən yanayıq.
 
- Adətən, xarabalığa çevrilmiş bir qəsəbəni görəndə insan təəssüf hissi yaşayır. Suriya xatirinizdə necə qalıb? Bu savaş Suriyada nələri dəyişdirdi?
 
- Suriya doğrudan da gözəl ölkəydi, orada 5 il yaşamışam və uzun müddət vəzifədə olan baş konsul olmuşam. Suriyada çalışmaqdan böyük zövq almışdım. Təəssüf ki, ölkənin düzəni pozulub, buna görə çox heyfslənirəm. Xarabalığa çevrilmiş Suriyaya aid fotolara baxa bilmirəm, içim parçalanır. Prezident Əsədin çox səhvləri var, iç savaşa barışla son qoya bilərdilər, amma əfsus ki, olmadı.
 
- Bəşər Əsədlə görüşmüsünüz?
 
- Əlbəttə, Hələbə gələrdi, görüşərdik. O zaman Türkiyə ilə Suriya arasında münasibətlər çox yaxşı idi, viza rejimi aradan qaldırıldı. Bizim sərhədimiz çox uzundur, sərhədin hər iki tərəfində insanların qohumları var, keçmişdə ənənəvi bayramlaşma olurdu, insanlar xüsusi günlərdə qovuşardı. Bu istiqamətdə fəal iş aparmışdıq, o günləri xoş xatirə kimi yad edirəm.
 
- Bəzən media prezidentlərin psixoloji portretini cızır. Günahsız insanların qətliamına göz yuman Əsədlə bağlı da müxtəlif mövqelər var. Onunla təmasda olan insan kimi Əsədi necə xarakterizə edərdiniz?
 
- Bəşər Əsədlə bir neçə dəfə görüşmüşəm, yaxşı insan idi. Onun atasından sonra iqtidara gəlməsi yaxşı hal idi, hamının ondan gözləntiləri vardı. Bəşər Əsədin prezidentliyi dövründə Türkiyə ilə əlaqələr çox irəlilədi. Təəssüf ki, bəzi güclərin təsiri altına düşdü və ölkədəki düzən pozuldu, 6 ildir Suriyada savaş gedir.
 
- Bərzaninin son addımlarını necə qiymətləndirirsiniz?
 
- Bərzaninin son addımları hər kəsə bəllidir. Prezidentimiz, baş nazirimizin ve harici işler nazirimizin açıqladığı kimi biz heç zaman dəstəkləmirik. Suriyada savaşın getdiyi, bölgədəki vəziyyət fonunda heç cür qəbul oluna bilməz. Bu gün gördüyümüz kimi, Mosul yenidən Bağdadın rəhbərliyinin nəzarətinə keçdi. Şimali İraqa gedən bütün avireyslər üçün hava məkanını qapatmışıq. Bərzaninin atdığı addımlar Türkiyə, Suriya, İran, İraq üçün zərərlidir və dünyada heç kəs bunu qəbul etmir.
 
- Hulusi bəy, yenidən Bakı ilə bağlı xatirələrinizə qayıtmaq istərdim. Kimlərlə hələ də münasibətiniz davam edir?
 
- Hamı ilə (gülür). Bilirsiniz, burada azərbaycanlı kimi işləmişəm. Azərbaycanın nazirlərilə və rəsmi şəxslərilə hələ də görüşürəm, məni evlərinə qonaq dəvət edirlər. Hamısı ilə münasibətlərim yaxşıdır.
 
- Bakı üçün darıxanda hansı Azərbaycan musiqisini dinləyirsiniz?
 
- “Ayrılıq, ayrılıq, aman ayrılıq”. Bu mahnını çox sevirəm. Xoşladığım və dinlədiyimiz mahnılar çoxdur. “Küçələrə su səpmişəm” mahnısı da tez-tez dinləyirəm. Müğənni Azərinin mahnılarını xoşlayıram. Azərin türk sevdalısıdır, çox mərddir, onun ürəyindəki türk dünyasına olan sevgini üzünə baxanda hiss edirəm. Bakıya gəldim, nə qədər pozitiv mesajlar aldım, bu məni çox sevindirir, sevmək, sevilmək gözəl bir şeydir. Dünən artıq bitib, sabah nələr olacaq, övladlarımız 20 il sonra necə yaşayacaq deyə düşünməliyik. Mən həmişə pozitiv düşüncənin tərəfdarıyam. Türk dünyası birləşməlidir. Türk dünyasının etnik, mədəni birliyi yaradılmalıdır. Bu, NATO, keçmiş Varşava paktı deyil, heç kəsə də təhdid deyil.
 
- Təəssüf, dünya türk birliyini təhdid olaraq görür.
 
- Onlar bizim birliyimizi, güclənməyimizi istəmirlər. Türkmənistanda, Qırğızıstanda, Özbəkistanda da bizim danışığımızı başa düşürlər. Qazaxıstan da latın əlifbasına keçir. 5 il öncə Qazaxıstanın latın əlifbasına keçəcəyini düşünərdiniz? Biz öz yolumuzla getməliyik, ayağımıza daş dəyə bilər, keçilməz divarları adlayıb keçsək, qarşımızda heç kəs dayana bilməz. Bu da addım-addım, zamanla olacaq.
 
Müəllif: Nərgiz Ehlamqızı, Elçin Murad

Загрузка...
Загрузка...