​Bərzaninin bacısı oğlu İsrailə təşəkkür etdi - Foto

Ərbil küçələrinə axışan kürdlər İsrail bayrağı dalğalandırıblar...
 
 
Xəbər verildiyi kimi,  Məsud Bərzaninin liderlik etdiyi “İraq Kürdüstanı” deyilən ərazidə sentyabrın 25-də  mərkəzi İraq hökumətinin icazəsi olmadan qeyri-qanuni “referendum” keçirilib.
 
“Rəsmi nəticələrin” 72 saat sonra açıqlanacağı” bildirilib. Lakin Moderator.az xarici saytlara istinadla xəbər verir ki, Ərbildəki kürdlər arasında artıq bayram əhvali-ruhiyyəsi hökm sürür.
 
 
 
Onlar gecədən küçələrə axışaraq şənlik etməyə başlayıblar. Kürd mənbələrinin yaydığı məlumata görə, referendumda seçicilərin 72,16 faizi iştirak edib və onların 93, 29 faizi “Kürdüstanın İraqdan ayrılaraq müstəqil dövlət olmasına” səs verib.
 
 
 
“Referendum” ərəfəsində ABŞ, Rusiya və bir sıra Avropa dövlətləri çoxbaşlı mövqe tutsalar da, Məsud Bərzani rejiminə birbaşa dəstək verən yalnız İsrail olub. Ərbil küçələrinə axışan kürdlərin əllərində İraq Kürd Regional Hökumətinin rəmzi ilə yanaşı, İsrail bayrağının da dalğalandırması diqqət çəkən məqamlardan olub.
 
 
 
Bu arada M.Bərzaninin doğma bacısı oğlu, “Kürdüstan”ın hakim Demokratik Kürdüstan Partiyası rəhbərliyinə daxil peşmərgə komandiri Şirvan Bərzani “referendum”a siyasi dəstək verdiyi üçün İsrailə, baş nazir B.Netanyahuya  təşəkkür edib. ”Bu gün çox çətin vəziyyətdəyik. Bu, kürdlərin tarixində keçid dövrüdür. Və bizi ciddi şəkildə dəstəkləyənləri gələcəkdə unutmayacağıq. Belələri  arasında bu gün İsrail var. İsraillə sərhədimiz, ümumi hava məkanımız da yoxdur. Ona görə də oradan bizə heç bir hərbi dəstək gəlmir. Amma İsraildən bizə siyasi, mənəvi dəstək vardır. Və buna görə biz İsrail Baş Nazirinə minnətdarıq”- deyə peşmərgə komandiri bəyan edib.
 
 
 
Qeyd edək ki, Şirvan Bərzani peşmərgələrin “Qara pələng” adlı xüsusi təyinatlı elit birləşməsinin komandiridir. O, eyni zamanda ən uzun təmas xəttinə malik olan Qveyr-Mahmur cəbhəsinin komandanıdır. Məhz bu cəbhədəki peşmərgələr “İŞİD” birləşmələrinə ilk məglubedici zərbələr vuraraq onları Mosul istiqamətinə qovmuşdular.  Bundan əlavə, Şirvan Bərzani iraqın iri mobil rabitə şirkətinin direktorlar şurasının sədridir.

Загрузка...
Загрузка...