Bərzani geri çəkilməsə, Türkiyə Mosul və Kərkükü götürəcək

 
Məsud Bərzanini referendum fikrindən daşındırmaq prosesinə ABŞ özü də qoşulub.
 
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, İraq və Türkiyə bu məsələdə bir-birinin ardınca bəyanat verməkdə davam edirlər:
 
“Hələlik bu bəyanatlar baş nazirlər səviyyəsindədir. İraqın baş naziri Heydər İbadi və onun türkiyəli həmkarı Binəli Yıldırım iki dəfə bəyanat verib. Onlar hər dəfə Bərzanidən regionda qarışıqlığa səbəb ola biləcək və hər iki ölkənin təhlükəsizliyi üçün ciddi təhdidə çevriləcək bu macəradan əl çəkməsini tələb ediblər. Bildiriblər ki, əks-təqdirdə həm Türkiyə, həm İraq, həm də İran referendumun baş tutmaması üçün lazım olan tədbirləri həyata keçirəcəklər. Məsələn, Heydər İbadi bildirib ki, referenduma yol verməmək üçün silahlı qüvvələrdən istifadə edəcək. Zənnimcə, İranla Türkiyə arasında olan sövdələşmə əsasında referenduma qədər, yaxud referendum günü bu planları pozmaq üçün Bağdadla danışılaraq Şimali İraq ərazisinə qoşun yeridiləcək. Artıq Bərzanidə tərəddüdlər başlayıb. O, kompromislər axtarır və gileylənir ki, qarşı tərəf referendumun təxirə salınması əvəzində ciddi güzəştlər təklif etmir. Yəni, o, İraq hakimiyyətindən rəhbərlik etdiyi muxtariyyətin səlahiyyətlərini artırmaq üçün yerinə yetirilməsi mümkün olmayan bir sıra güzəştlər tələb edir. Bu sıraya İraq parlamentində deputat yerlərinin sayının artırılması, peşmərgələrə müstəqil silahlı qüvvələr statusu verilməsi, Şimali İraqda çıxarılan neftdən İraq büdcəsi üçün xüsusi maddə ilə büdcə təsisatı ayrılması və sair belə sərsəm təkliflər daxildir. Halbuki, kürd muxtariyyəti ərazisində neft çıxmır. Bu neft əsasən türkmanların (azərbaycanlıların - .red) yaşadıqları Kərkük bölgəsində çıxır. Həmin bölgələr müvəqqəti olaraq Şimali Kürdüstan tərəfindən ilhaq olunub”.
 
Q.Hüseynli qeyd edib ki, bu məsələlər özü də ciddi müzakirə predmetidir. Politoloq fikirlərini 1926-cı ildə İraq, Böyük Britaniya və Türkiyə arasında Ankarada imzalanmış müqavilə ilə əsaslandırıb:
 
“Bu müqaviləyə əsasən, İraqın şimalında – tarixi türk torpaqlarında hər hansı dövlət qurumu yaransa, Türkiyə Mosul və Kərkük də daxil olmaqla bu bölgəni bütünlüklə öz suverenliyi altına almaq hüququna malikdir. Belə ki, həmin müqaviləyə görə, Mosul və Kərkük Türkiyənin “misaki-milli” sərhədləri elan edilib, bu şəhərlər üzərində suverenlik hüququ İraqa verilib. Mosul və Kərkükün üçüncü dövlətə verilməsi qadağan olunub. 1926-cı ildə imzalanan müqavilə bu gün də qüvvədədir. Bərzani hər hansı yanlış hərəkət edərsə, Türkiyə proseslərə hərbi müdaxilə etmək üçün lazımi hüquq-müqavilə bazasına malikdir. Bir sözlə, Bərzani özünü çıxılmaz dairə içərisinə salıb. Bütün ərəb dövlətləri, o cümlədən İran, İraq və Türkiyə onun referendum ideyasına qarşıdır. Hesab edirəm ki, referendumun keçirilməsi baş tutmayacaq. Referendumdan sonra isə Bərzaninin siyasi həyatının sonu gələ bilər. Artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir. Bərzani bölgədə İsrail və ABŞ-ın müəyyən dairələrinin ötürməsi ilə odla oyuna bənzər bir oyunun içinə girib. Bu oyunun xoş sonluqla bitəcəyi kifayət qədər şübhəlidir”.
 
Müəllif: Səxavət Həmid

Загрузка...
Загрузка...