Brüsseldəki partlayışda ölənlərin sayı arta bilər

Brüssel hava limanında baş verən insident zamanı yaralanan qadın
“Belçikanın paytaxtı Brüsseldə törədilən silsilə terror aktları zamanı xəsarət alanların vəziyyəti ağırdır. Buna görə də ölüm faktının artacağı istisna edilmir”. Turaninfo.az-ın  BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Belçikanın səhiyyə naziri Maqqi de Blok danışıb. Nazir bildirib ki, Brüsseldə ard-arda baş verən üç partlayış nəticəsində 31 insan həlak olub, 300 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: “Zərər çəkənlər arasında 40 dövlətin vətəndaşı var. Belçikanın müxtəlif şəhərlərindəki xəstəxanalarda 150 insan müalicə alır. Onlardan 61-nin vəziyyəti kritikdir. Dörd nəfər ağır yaralının şəxsiyyətini müəyyən etmək isə mümkün olmayıb. Xəsarət alanların çoxuna yanıq diaqnozu qoyulub. Xəsarətlərin ağırlığına görə ölənlərin sayının artacağını istisna etmirik".

Maqqi de Blok- Belçikanın səhiyyə naziri
Martın 22-si Belçikanın paytaxtı Brüsseldə, hava limanında və metroda ard-arda partlayışlar baş verib. Belçika Prokurorluğunun məlumatına görə, terror aktlarını 3 nəfər həyata keçirib. Bunlar Belçika vətəndaşları olan Xalid və İbrahim Bakraui qardaşları və Nacim Laaşraui olub. Qardaşların partlayış nəticəsində öldüyü qeyd olunur.
Məlumata görə, Bakraui qardaşları Brüsseldə kirayədə yaşayıb. Qardaşlar cinayətkar qruplaşma ilə əlaqədə şübhəli bilinərək axtarışda olub. Bir həftə əvvəl Brüsselin polis əməkdaşları onların yaşadığı evə basqın ediblər. Lakin əməliyyat zamanı qardaşları tutmaq mümkün olmayıb. Belçikanın Daxili İşlər Nazirliyinin məlumatına görə, qardaşlar ötən ilin noyabr ayında Parisdə bir neçə partlayışlar törədən Salah Abdeslam ilə əlaqədə olublar. Şəkildə görünən boz gödəkcəli və papaqlı şəxsin adı Nacim Laaşrauidir. O, Parisdə bir neçə partlayış  törədən şəxslərdən biridir. Hazırda onun axtarışları davam etdirilir.