Bərdədə şəhid anasının aldığı müavinəti kəsiblər - Şikayət

Bərdə rayonu, Mustafaağalı kəndində yaşayan şəhid anası Muradova Əsli Həmid qızı üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.
Şəhid anası qeyd edir ki, onu bu məktubu yazmağa vadar edən səbəb bir sıra məmurların ona və şəhid oğluna qarşı göstərdikləri hörmətsizlik, ədalətsiz və qanunsuz münasibətdir.
Ə.Muradova yazır: "Mən həyat yoldaşımı erkən itirmişəm və öz halal zəhmətimlə 9 uşaq böyütmüşəm. Lakin həyatda heç nə məni övladımı itirməyim və uğrunda şəhid olduğu vətənində məmurların ona qarşı heç bir qanuna, etikaya sığmayan hərəkətləri qədər yaralamayıb. Bu münasibət məni həyatımdan belə küsdürüb. Amma qərara gəlmişəm ki, son nəfəsimə qədər şəhid balamın haqqını yeyənlərə qarşı mübarizə aparım".
Şəhid anası başına gələn faciəni yazır: "1995-ci ilin 27 dekabrında oğlum Mübariz Muradovun əsgərlikdən cənazəsini üstümə gətirdilər. Hərbi hissənin zabit heyəti, rayon  icra hakimiyyətinin səlahiyyətli nümayəndələri, “oğlunuz şəhiddir”, deyə mənə təskinlik verdilər. O, günlərdə tək təsəllim oğlumun məhz şəhidlik zirvəsinə yüksəlməsi idi. Hərbi hissənin verdiyi arayışda da oğlumun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilmişdi.
Bərdə Rayon İcra Hakimiyyətindən mənə oğlumun şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi verilmişdir. “Təkcə mənim övladım şəhid olmayıb ki, elnən gələn qara gün toy-bayramdır” - deyə özümə təsəlli verirdim. Amma Bərdə rayon ƏSMM mənim yaramın üstünə duz tökdü, balamın şəhid adını şübhə altına aldı. Əlbəttə nə şəhid adı, nə hansısa fəxri ad, nə milli qəhrəman statusu, nə də hər hansı imtiyaz, vəsait mənim balamı geri gətirmək qüdrətində deyil. Əgər verə bilirlərsə, balamı geri versinlər. Çünki məndən ötrü dünyada balamdan qiymətli heç nə yoxdur. Əgər balamı geri verə bilmirlərsə, heç olmasa onun ruhunu incitməsinlər, onun anasının, doğmalarının heysiyyatı ilə oynamasınlar".
Ə.Muradova yazır ki,  oğlu 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb, həkim komissiyasından keçirilib, xidmətə yararlı sayılıb. Hərbi xidmət müddətində bir gün olsun belə hospitalda olmayıb: "Oğlum Murovdağda ön mövqedə xidmətə cəlb olunub. Ölümündən sonra da hərbi hissənin komandiri şəraiti, vəziyyəti əks etdirən arayış verib. Ölümün səbəbi barədə çox aydın şəkildə yazılıbki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Murovdağ bölgəsində xidməti borcunu yerinə yetirərkən həlak olub.  Bu o vaxt idi ki, o, zaman nə AXC-Musavat hakimiyyətdəydi, nə də könüllü batalyonların dövranıydı.
Cənab Prezident! 2006-cı ilin dekabrında “Şəhid Ailələrinin Sosial müdafiəsini gücləndirmək” məqsədilə verdiyinız fərmana uyğun olaraq, 2007-ci ilin yanvarından dekabrına qədər hər ay 100 manat olmaqla prezident təqaüdü almışam. 2008–ci ildən isə Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən mənə bu vəsaitin dayandırıldığı bildirilib. Prezident təqaüdünün verilməsi üçün Hərbi Komissarlıqdan şəhid statusu barədə arayış tələb ediblər.Hərbi Komissarlığa müraciət etsəmdə, Komissarlıq Hərbi hissənin arayışında “ölümün səbəbi barədə aydın yazılmadığını”bəhanə gətirərəkoğlumun şəhid olmasını təsdiq edən arayışı verməkdən imtina edib. Hərbi Komissarlıqoğluma şəhid statusunun verilməsi üçün bizəməhkəməyə müraciət etməyi məsləhət görüb.
Həmin vaxt, yəni 2008-ci ilin fevralında Sizin adınıza məktub yazıb kömək istədim. Bir surəti Bərdə Hərbi komissarlığına, digəri mənə aid olmaqla məktub göndərildi. Həmin məktubda da mənim statusla bağlı Hərbi komissarlıqdan arayış ala bilmədiyim, mənə verilən prezident təqaüdünün dayandırıldığı göstərilmişdi.
Bu münasibətdən incidiyim üçün bir daha nə Hərbi komissarlığa, nə də Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon ƏSMM-ə müraciət etmədim.Buna heç səhhətimdə yaranan problemlər də imkan vermədi. Hazırda hepatit virusunun daşıyıcısı kimi müalicə alır, baş ağrılarından əziyyət çəkirəm. Üstəlik gözlərimdə də ciddi problemlər var.
2014-cü ilin noyabrında isə Bərdə rayon ƏSMM-dən mənə şəhid statusunu təqdim etmək üçünməktub göndərildi. Burada qeyd olunmuşdu ki, oğlumun şəhid olması barədə Hərbi komissarlıqdan arayış təqdim edim. Yenədə Hərbi komissarlıqdan arayış ala bilmədim.
2015-ci ilin iyun ayında bildim ki, Bərdə rayon ƏSMM-də mənim adımdan 2008-ci ildən üzü bəri bütün təqaüdlər alınıb. Şəhid anasına dayandırılan vəsaitin kim tərəfindən alındığını aydınlaşdırmaq məqsədilə Bərdə rayon ƏSMM-in direktoru Raquf Məmtiyevə ərizə ilə müraciət olunub.Bu əsasla Bərdə RPŞ-nın müstəntiqi A.Mehdiyevin apardığı təhqiqat işi, cinayət əməli kimi qiymətləndirməyərək rədd edilib. Hansı ki, şəhid anasına çatmalı olan ümumilikdə 11350 manat pulun kim tərəfindən mənimsənildiyini aşkar etmək lazım idi. Bu vəsaiti faktiki olaraq mən almamışam. Çünki əlimdə fakt olaraq, bu vəsaitin dayandırılması barədə Prezidentə ünvanladığım məktub var. Məntiqlə,o pulu ala bilmək üçün Hərbi Komissarlıq mənə oğlumun şəhid olması barədə arayışı verməli idi. Axı Hərbi Komissarlıq onu verməkdən imtina edib. Bəs necə olub ki, ƏSMM tələb olunan arayış ona təqdim edilməmiş mənə vəsait ayırıb?
2015-ci ilin 2 noyabrında Bərdə rayon Prokurorluğuna edilən müraciət əsasında RPŞ-nın qərardadı ləğv edilərək yenidən polis təhqiqatına göndərilib.O vaxtdan bəri xeyli müddət keçsə də, hələdə təhqiqatdan bir xəbər yoxdur.
Mən neçə aydı xəstə canımla yollarda, məmurların qapılarında qalmışam. Mən nəinki övladımın şəhidlik statusunu məmurlara qəbul etdirə bilirəm, üstəlik mənə çatacaq vəsaiti mənimsəmiş o məmurların şərinə, böhtanına məruz qalıram. Hələdə DSTX-nin Bərdə rayon ƏSMM və Azərbaycan Respublikasının Hərbi Səfərbərlik, Xidmətə Çağırış Xidməti mənim şəhid ailəsi statusumu təmin etmir. Onlar qanunsuz yollarla mənimsədikləri pullarıda utanmadan mənim üzərimə atırlar".
Şəhid anası yazır: "Cənab Prezident, bir şəhid anasının məmurlar tərəfindən incidilməsinin, alçaldılmasının, təhqirə, şərə, böhtana məruz qalmasının, hüquqlarının tapdanmasının qarşını almaq Sizə düşər! Şəhid anasının adından sui-istifadə edərək ona dövlət tərəfindən ödəniləcək vəsaitlərin mənimsənilməsi cinayət əməlidir. Hüquq-mühafizə orqanlarının araşdırmaqdan, günahkarları taparaq cəzalandırmaqdan imtina etməsinin qarşısını da yalnız Siz ala bilərsiz. Çünki bunun üçün sizin əlinizdə geniş səlahiyyətlər və nüfuzunuz var.
Bir şəhid anası olaraq, Sizdən, dövlətimizin başçısından  mənim məmurlar tərəfindən tapdanmış hüquqlarımın bərpasına yardım etmənizi  xahiş edirəm! Ümid edirəm ki, Siz bir şəhid əsgər anasına bunları rəva görməzsiz və bu əməllərin torpaqları işğal altında olan, müharibə vəziyyətində yaşayan Azərbaycan dövlətinə baş ucalığı gətirmədiyini də məndən daha yaxşı bilirsiz.
Sizdən, vətəndaşınıza, rəhmətlik atanız, ümummilli lider Heydər Əliyevin əsgəri Mübariz Muradova və onun anasına sahib çıxmanızı istəyirəm. Onların haqlarının bərpasına, günahkarların isə cəzalandırılmasına yardım etməyinizi xahiş edirəm!"