Boz toğan-Saraqap… – Unudulan tarix

 
Ta qədimdən yer, yurd adları insanların adına yaraşdırılıb və tanınan adların tərkib hissəsi kimi yaddaşlarda qalıb, tarixin səhifələrindən bu günə qədər oxyuna-oxuna gəlib.
 
Belə adlardan biri də ta əski çağlarda toğan (doğan) adıdır ki, bu ad şöhrətli titul kimi şəxsiyyət adlarına əlavə edilib və Toğan-Tuqan ləqəbi kimi tarixdə qalıb. Tanınmış türkoloq alim, professor Minə xanım Təkləlinin qeydlərindən birində bu haqda daha ətraflı olaraq bəhs olunur.
 
“Unudulan tarix” layihəsində professor xanımla bu haqda söhbət etdik:
 
- Professor, Toğan-Tuqan ləqəbi kimi tarixdə qalmış insanlarımız çox olub, Siz bu haqda oxucularımıza daha nə deyə bilərsiz?
 
- Düzdür, bu adla tarixdə özünün izini qoymuş onlarla şəxsiyyətlər olub. Götürək Fəxrəddin Toğan Yürəyi. Səlcuqlar dövründə Azərbaycanın Arran hakimlərindən biri idi. Şəmsüddövlə Tuğan Arslan isə Arran, Bitlis, Divin əmiri olublar. Yenisey abidəsində El Tuğan Tutuq əsilzadə adlarındandır və s.
 
- Bəs bu sözün kökü hardan götürülüb, nəyi əxz edir?
 
- Toğan-Doğan bir çox türk dillərində "qırğı, şunqar, çalağan, ağ quş" mənalarında işlənir.
 
Ədəbi dilimizin əski dövrlərinə aid mənbələrdə bu söz ov quşu adı kimi alıcı quş, şahbaz mənasında rast gəlinir. Məsələn; “Kitabi-Dədə Qorqud”da “Toğan quş oluban uçayımmı?” – deyə sorulur.
 
Şah İsmayıl Xətaidə isə:
 
Dörd şey vardır:
 
Ovçu almış dəstinə.
 
Bir şahin, bir doğan,
 
Bir əspir, bir baz, – kimi ədəbi dilimizdə qalmaqdadır.
 
- Bu ada çox yerlərdə təsadüf edirik...
 
- Coğrafi adları həm tarixin, həm də dilin yadigarları saymaqda haqlıyıq. Azərbaycanda "toğan"la bağlı yer adları kifayət qədərdir. Laçın rayonunda Boztoğan, Xanlar rayonunda Toğanalı kəndləri vardır. Ehtimal ki, bu adı daşıyan etnik dəstə üçün şahin quşu totem olub. Doğan, Doğanlar Türk dünyası xəritələrində Batı Trakyada Doğançı, Diyarbəkir, Ərzincan, Tuncelidə Doğan kəndləri Doğanlar, Malatyada Doğan Şehir, Maraşda Doğanlı Qara Hisarı, İstanbulda tarixi yer - Bozdoğan su kəməri adında yaşayır.
 
- Bu uğurlu adın coğrafiyası deyəsən daha genişdir axı...
 
- Elədir, bu ada Rusiyada və digər ölkələrdə də təsadüf edilir. Kırımda Ay Tuqan, El Tuqan, Rusiyanın Samara vilayəti ətrafında Bay Tuqan, Tatarıstanda Jan Tuqan, Qazaxıstanda Ak Toğan və s. kənd adları olub.
 
- Bəs yer adlarından başqa tayfa, nəsil adları kimi də mövcud ola bilər.
 
- Bəli, Türkiyə ərazisində Doğanların, о cümlədən Boz Doğanların güclü tayfa olması səbəbilə Mehmet Eroz Boz Doğan böyük bir yörük boyudur; Adana ətrafında çox sayda Bozdoğan köyü vardır deyə qeyd edir.
 
- Bəs indi mənfur qonşularımızın məskunlaşdığı əzəli türk torpaqlarında necə, bu ada təsadüf olunubmu?
 
- Boz Toğan indiki Ermənistanda tarixi kəndlərimizdən indiki Şirak əyaləti olub. Burada bir çox qiymətli türk adları kimi Boz Toğan adı da saxlanılmamış, Saraqap adıyla əvəz olunmuşdur. Lakin bu işıqlı tarixi faktın xəfif şəkildə olsa da izləri saxlanılmaqdadır: Bozdoğan Curank –yəni, Bozdoğan su anbarı - şəklində bu ad qədim türk torpaqları olan Ermənistanda yaşamaqdadır.
 
Həm də Toğan-Doğan “şahin quşu” adının işlənmə alanı qeyri məhdudur. Rusiyanın bütün hüdudlarında bu sözə addımbaşı təsadüf etmək olar. Elə rus dilində türk mənşəli familiyalardan olan Tuqanov, Tuqanovski soyadları türk sözü Toğan, Tuqan quş adıyla bağlıdır.
 
- Bu haqda daha hansı ədəbiyyatlar var?
 
- Rusiyalı türkoloq S.E Мalovun “Qədim türk yazıllarını abidələri”, Əhməd Turanın “Trakya və doğu Anadoluda köy adları”, (Türk Dünyası Araşdırmaları,1991 №71) və Mehmet Erözün 1987-ci ildə İstanbulda məşr olunan “Atatürk. Milliyyetçilik. Doğu Anadolu”, kitalarında Toğan-Doğan adına kifayət qədər yer verilib.
 
Söhbətləşdi Faiq Balabəyli
 
Müəllif: Teleqraf.com

Загрузка...
Загрузка...