“Böyük təmizləmə gözlənilir: məmur və oliqarxlar hər şeylərini itirəcək...”- Seçkiöncəsi...

 
 
“Sovet İttifaqından qalanların “yığdıqları”nı geri ala biləcək şəxslərin siyahısına düşməyəcəyinə əminəm...”
 
Rusiyanın tanınmış iqtisadçı və publisisti Mixail Xazin 2018-ci il prezident seçkiləri ilində ölkə elitasının acınacaqlı gələcəyini əks etdirən məqalə ilə çıxış edib.
 
Moderator.az məqalənin əsas qayəsini nəzərinizə çatdırır:
 
“Ölkədə iqtisadi tənəzzül davam edir. Səlahiyyətlilər bunu bilir, lakin yuxarılara bəd məlumatlar ötürməkdən qorxurlar, çünki bilavasitə rəhbərləri olanlar(nazirlər, komitə sədrləri, region başçıları və s. -S.L.) onların başını əzə bilər. Axı seçkilər  ərəfəsidir, təmizlənmə gedəcək. Odur ki, hər şey “qaydasında” olmalıdır... 
 
 
 
Yazısına bu fikirlərlə başlayan iqtisadçı məmur və oliqarxları xəbərdar edir: “Təmizlənmədən onsuz da qaça bilməyəcəksiz, bu - “təbiətin qanunu”dur...” Mütəxəssisin proqnozuna görə, bu dəfə oliqarxların varidatı fərdi qaydada deyil, ümumi formada müsadirə olunacaq. “Nəyə görə ümumi müsadirə olacaq? Ona görə ki, müsadirə fərdi olduqda hər zaman bir şans var: “ola bilər, fərq etməzlər, bağışlayar, yaxud qiymətləndirirlər...” İndi isə müsadirə ümumi olacaq: ümumiyyətlə, həm özününkülərinki, həm yadlarınkı... Amma sonra fərdi qaydada bəzilərinə yığdıqlarını qaytaracaqlar.  Mən əminliklə deyə bilərəm ki, keçmiş Sovet İttifaqından qalanların heç biri “yığdıqlarını” geri ala biləcək şəxslərin  siyahısına düşməyəcək”-deyə M.Xazin  vurğulayır.
 
Publisistin sözlərinə görə, vəzifələrini və  ya varidatlarını itirəcəklərini bilənlər yanlış olaraq Qərbdəki “dostlar”a arxayın olurlar. Belələri anlamır ki, artıq Qərbdə də parçalanma gedib. Onlar özlərini “Klinton komandası”, yəni beynəlxalq maliyyəçilərin “adamları” kimi hiss edirlər. Ancaq dərk etmirlər ki, Tramp komandası üçün belələri Putinin özündən də təhlükəli düşmənlərdir...
 
 
 
Tanınmış iqtisadçı yazısını bu fikirlərlə bitirir:”Mən oligarxların və vəzifəli şəxslərin maarifləndirilməsi ilə məşğul deyiləm. Amma ölkədə onlardan asılı bir çox insan var. Odur ki, onlara bir məsləhət verməyi doğru hesab edirəm:  belə personajlarla münasibət qurarkən şəxsiyyətlərə yox,  onların funksiyalarına üstünlük vermək gərəkdir.  Çünki funksiyalar qalıcıdır, şəxsiyyətlət isə yox. Və yaxın gələcəkdə bu şəxsiyyətlərin bir çoxu bunu tam olaraq hiss edəcək...”
 
P.S. Bu günlərdə rusiyalı məşhur biznesmen Süleyman Kərimovun Fransadakı gözlənilməz həbsi, bəlkə də V.Putinin  “böyük təmizləmə”sinin ilk  işartılarıdır...
 
Sultan Laçın

Загрузка...
Загрузка...