Böyük Hələb savaşı başlayır - Bəşər Əsəd Rusiyanın dəstəyi ilə... - FOTOLAR

Suriyanın ikinci böyük şəhəri Hələbdə toqquşmalar yenidən başlayıb. Rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, bu gün Şeyx Maqsud rayonunda partlayışlar törədilib. Amma bölgədən gələn məlumatlara görə, hökumət qüvvələri artıq Hələbin müxaliflərin əlində olan hissəsini təmizləmək üçün əməliyyatlara başlayıb.
Gələn bilgilərə görə, Hələbin Xan Tuman və əz-Zərbə cəbhələrində baş verən toqquşmalarda müxaliflərin hücumları dəf edilib, xeyli sayda silahlı öldürülüb. Qeyd edək ki, Suriya ordusu Hələbin azad edilməsi əməliyyatını xeyli vaxtdır hazırlayır.
Yerli və beynəlxalq media Bəşər Əsədin ölkənin şimalında yerləşən ikinci böyük şəhər, əsas sənaye və ticarət mərkəzi hesab olunan Hələbin tamamilə hökumət qüvvələrinin nəzarətinə keçməsi üçün ciddi hazırlıqlar həyata keçirdiyini yazır.

Hələb Suriyanın şimalında yerləşir, Türkiyə sərhədlərinə yaxındır və Suriyada ilk etirazlardan biri də burda baş qaldırıb.
Hələbə böyük hücum hazırlığı
Hələbin azad edilməsi əməliyyatına Suriya ordusu ilə yanaşı Rusiya hərbi qüvvələri, əsasən də aviasiya, həmçinin Hizbullah döyüşçüləri, İranın xüsusi təyinatlılarının qatılacağı gözlənilir. Gələn xəbərlərdən məlum olur ki. bu, son illərin ən böyük əməliyyatlarından biri olacaq. Artıq Hələb ətrafında hökumət birgə əməliyyat qərargahı qurub.
Bu əməliyyatın daha böyük və şiddətli olacağının ən mühüm səbəblərindən biri də hərbi ekspertlərə görə, son aylarda müxalif silahlı qrupların güclənməsi ilə bağlıdır. Hökumət mənbələrinin bildirdiyinə görə, son aylarda Suriyada silahlı qruplara xaricdən müasir silah və sursatlar verilib. Bu isə əməliyyatları daha da çətinləşdirir.
Artıq müxaliflərin əlində tank əleyhinə lazer qurğuları, təyyarə və helikopterləri vurmaq üçün yeni silahlar var. Bu isə hökumət qüvvələrinin işini daha da çətinləşdirir. Bu səbəbdən də Hələb əməliyyatının miqyası və təsirləri baxımından daha böyük olacağı gözlənilir.

İran da Hələb ətrafına “yaşıl beretli” adlanan xüsusi təyinatlı desantları göndərib. İran xüsusi təyinatlıları Hizbullah dəstələri ilə birlikdə Hələb ətrafında mövqe tutublar. Əməliyyatın başlaması ilə bu qruplar rusların hava dəstəyi ilə Hələbə daxil olub küçə döyüşlərinə qatılacaq. Bu mənada Hələb Kobanidən sonra Suriyada ən ağır küçə döyüşlərinin keçirildiyi növbəti şəhər olacaq.
Hələb nədən bu qədər əhəmiyyətlidir?
Hələb ölkənin ikinci şəhəri hesab olunsa da, əhalisinin sayına görə Dəməşqdən iki dəfə böyükdür (ətraf qəsəbələrlə birlikdə 4 milyondan çox əhalisi var), Suriyanın ən böyük sənaye və ticarət mərkəzidir. Yaxın Şərqin də ən böyük sənaye mərkəzlərindən biri olan Hələb geyim, ayaqqabı və digər istehsal sahələri üzrə inkişaf etmişdi. Müharibə başlayana qədər Hələbdə 320-dən artıq böyük fabrik fəaliyyət göstərirdi.
Hələbin böyük şəhər olması ilə yanaşı, əsas üstünlüyü yerləşdiyi coğrafiyadır. Hələbdən Türkiyə sərhədinə  - şimala doğru Kilis istiqamətində 68 km, qərbə doğru, yəni Hatay vilayətinə isə 52 km yol var. Eyni zamanda, Dəməşqdən gələn və Türkiyə sərhədinə gedən əsas magistral yolun üzərində yerləşir. Bu baxımdan, Hələbə sahib olmaq Suriyanın “ikinci yarısına” sahib olmaq mənasındadır.
Artıq 3 ildən çoxdur ki, şəhər hökumət və müxaliflər arasında bölünüb. Ancaq şəhər uğurunda İŞİD, ən-Nusra-Əhrar Şam, eləcə də kürdlər də savaşır. Hazırda hökumət qüvvələri Hələbin yarısına nəzarət edir və bu əməliyyat şəhərin tamamilə nəzarətə götürülməsinə hesablanıb. Əgər Hələb alınsa müxaliflərin Türkiyə ilə əlaqə qurduğu Əziz-Hələb yolu bağlanacaq. Hələbin alınması Əzizin də boşaldılmasını asanlaşdıracaq. 
  
Bu səbəbdən hazırda Bəşər Əsəd müxaliflərin Türkiyə ilə bağlarını qoparmaq, xarici əlaqələrini kəsmək üçün Suriya-Türkiyə sərhədini, eləcə də İraq sərhədinə doğru şərqdə hücum əməliyyatlarını həyata keçirir. İraq və Türkiyə sərhədlərinin nəzarətə götürülməsi müxaliflərin ölkə daxilində faktiki olaraq mühasirə vəziyyətinə salacaq.
Yeri gəlmişkən, Əsədin İordaniya sərhədlərinə son aylarda çox da diqqət göstərməməsi maraq doğurur, görünən odur ki, İordaniya artıq böyük ölçüdə sərhədlərini bağlamaq vədi verib. Yeri gəlmişkən, bu ilin  yanvarında İordaniya kralının Türkiyəni ittiham edən açıqlamaları da yayılmışdı. Bəşər Əsədin əsas diqqətini şimal ərazilərə verməsi və cənub sərhədlərində sakitliyin yaranması Amanla Dəməşq arasında anlaşmanın olduğunu göstərir.
Beləliklə, Hələbin təmizlənməsi Bəşər Əsədin Suriyanı geri alması istiqamətində həlledici əməliyyatı olacaq. Təbii ki, bu, elə də asan olmayacaq, əgər müxaliflər arasında ciddi parçalanma, daxili savaşlar olmasa, Hələbdə “Stalinqrad savaşının” olacağı qaçılmazdır.