“Böyük bir cinayət etdim...” - Mehman Hüseynov

 
Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər.
 
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.
 
Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.
 
“Bundan sonra sosial şəbəkələrdə saxta profillər, adlar və ya hesablardan istifadə edərək böhtan atma və təhqirlərdən istifadəyə görə cinayət məsuliyyəti yaranacaq. Bu, Azərbaycanda bir yenilikdir".
 
Maraqlıdır, bu qanunun qəbul olunmasından sonra Azərbaycanın 1 nömrəli  "şuluq" blogeri hesab olunan Mehman Hüseynov fəaliyyətində hər hansısa korrektələr edəcəkmi?
 
Xatırladaq ki, ötən ay deputat Məlahət İbrahimqızı Mehman Hüseynova aid olan “Sancaq” səhifəsi haqda danışaraq bu səhifənin bağlanmalı olduğunu bildirmişdi.
 
Bloger Mehman Hüseynov Moderator.az-a açıqlamasında bildirdi ki, o, gələcək fəaliyyətində heç bir korrektə etmək fikirində deyil:
 
"Əslində mən bu tip fikirlərə münasibət bildirmirəm. Sadəcə olaraq onu demək istəyirəm ki, fəaliyyətimdə heç bir dəyişiklik olmayacaq. Bu günə qədər yalnız doğruları yazmışam, demişəm, çəkib yaymışam. Bu qanunlar bizləri qorxutmaq üçün qəbul olunub. Bu gün mən qorxub geriyə addım atsam hesab edin ki, onda böyük bir cinayət etdim. Odur ki, mən cinayət etmək istəmirəm. Fəaliyyətim düzgün istiqamətdə gedir. Buna görə də bundan narahat olanlar var. Buna görə də qanun qəbul edib bizləri qorxutmaq istəyirlər.”