"Bolluq" hərraca çıxarıldı: YENİ QİYMƏTLƏR VƏ ŞƏRTLƏR

Baxış sayı: 
191
0  
0  

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 fevral tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 110-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 304 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Bu barədə Publika.az-aƏmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov məlumat verib. O bildirib ki, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətlər, 11-i isə nəqliyyat vasitələridir:
“Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Azinterservis”, “Bərdə Kərpic”, “Çatal Broyler“, “Ləki Sinklənmiş qablar”, “Oğuz Kəndkimya“, “Sabirabad İnşaat Sənaye” və digər bu kimi müəssisələr aiddir. Bu obyektlərin bəziləri paytaxtda, bəziləri bölgələrdə yerləşir”.
O qeyd edib ki, hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri, nizamnamə kapitalının 30-45%-ni təşkil edir:
“Bunların arasında ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 130 min manatdan çoxdur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 2 min kv.m arasında dəyişir”.
Q.Xəlilov qeyd edib ki, ən yüksək qiymət Sumqayıtda yerləşən "Bolluq" bazasına qoyulub:
“Adı çəkilən əmlak 444 min 500 manata təklif edilir. Torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır”.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 kv.m-dən çoxdur.
Bundan başqa, Masallıda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfat da yeyinti sənaye sahəsində gəlirli hesab olunur.
Xatırladaq ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 30,3 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək olar. Həmin əmlakın ilkin start qiyməti 1875 manat təşkil edir. Həmçinin paytaxtın Qaradağ rayonunda yerləşən, sahəsi 16,8 kv.m olan, ilkin start qiyməti 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Eyni zamanda, müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Xüsusilə Almaniya istehsalı olan BMW markalı maşınlara üstünlük verilib. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1500 manatla 5200 manat arasında dəyişir.
Q.Xəlilov vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələrinin kifayət etdiyini bildirib:
“Hərracda iştirak etmək üçün, privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir. Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. Eyni zamanda, mühüm yeniliklərdən biri də, Elektron hərrac vasitəsilə də əmlakın özəlləşdirməsində iştirak etmək olar. Bunun üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən, hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər”.
Könül Cəfərli

Загрузка...
Загрузка...