​BMT: Ərzaq bahalaşacaq, bunda Trampın da əli var

 
 
Bu il taxıl məhsullarının bol olmasına və ətə tələbatın azalmasına baxmayaraq bir çox ərzaq məhsullarının dünya bazar qiymətləri bahalaşıb.
 
Virtualaz.org xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyi (FAO) bildirir. Bahalaşma əsasən şəkər və süd məhsulları hesabına baş verib. FAO proqnozlaşdırır ki, ərzağın bahalaşması dünyanın yoxsul əhalisinin vəziyyətini daha da ağırlaşdırsa da ortamüddətli perspektiv üçün kənd təsərrüfatının dirçəlməsi və fermerlərin vəziyyətinin yaxşılaşması ilə müşaiyət olunacaq.
 
 
 
FAO-nun hesablamalarına görə ərzaq məhsullarının bahalaşması əsasən oktyabr ayında baş verib. Şəkərin və süd məhsullarının dünya bazar qiyməti ayda orta hesabla 0.7 faiz, il ərzində isə orta hesabla 9.1 faiz bahalaşıb.  Bu, son illərdə alış qiymətlərinin aşağı olmasından şikayətlənən fermerlər üçün yaxşı xəbərdir. Süd məhsullarının qiymətinin son 3-4 ildə aşağı düşməsi nəticəsində Amerikada fermerlər bir çox hallarda südü çölə tökürdülər, çünki qiymət onu qəbul məntəqəsinə daşımağa belə sərf etmirdi. Ancaq indi “Financial Times” FAO-nun hesabatına istinadən  bildirir ki, əsasən bir çox ölkələrdəki iqlib problemlərinə görə qiymətlər artmağa başlayıb.
 
 
 
FAO-nun baş iqtisadçısı Abdulrza Abbasian hesab edir ki, qiymətlər bundan sonra da artacaq və bu, gələcəkdə fermerlərin daha çox məhsul istehsal etməsi üçün stimul yaradacaq. “Lakin yaxın aylarda ərzaq qiymətləri üçün bazarda müəyyənləşdirici amil heç də bu deyil, ABŞ-da Donald Trampın seçilməsi ilə əlaqəli olaraq maliyyə bazarlarında yaranan qeyri-stabillik və dolların başqa ölkələrin valyutalarına nisbətdə məzənnəsi olacaq”-FAO baş iqtisadçısı bildirir.
 
“Bu, hansısa başqa ölkədə keçirilmiş seçki deyil, bu, valyutası dünya ticarətinin taleyini həll edən dövlətin başçısının seçilməsidir”-Abbasian əlavə edib.
 
BMT agentliyi qeyd edir ki, oktyabr ayında ətin dünya bazar qiymətləri 1 faiz azalıb. Bunun səbəbi Avropada istehsal edilən donuz ətinə Çində tələbatın azalmasıdır. Şəkər və süd məhsullarının isə müvafiq olaraq 3.4 və 3.9 faiz bahalaşması qiymətlərin artımına səbəb olub. Şəkər əasən Braziliyadakı və Hindistandakı problemlərə, süd məhsulları isə Avropa İttifaqında pendirə və yağa tələbatın artmasına görə bahalaşıb. Şəkər istehsalının azalması Misirdə ərzaq böhranı yaradıb və bu ölkədə hər adama 2 kq-dan artıq şəkər satılmır.
 
 
 
ABŞ-da keyfiyyətli taxıla və qarğıdalıya tələbatın artması taxıl məhsullarını da bahalaşdırıb, hərçənd ki, bu il taxıl istehsalı rekord səviyyədə artıb. FAO bildirir ki, 2016-2017-ci illərdə taxıl istehsalı dünyada 1.5 faiz artacaq və 2.57 milyard tona çatacaq. Bu, əsasən Rusiya və Qazaxıstanda taxılın bol olması ilə bağlıdır.
 
Çin, Braziliya və Avropa İttifaqı ölkələrində qarğıdalı yığımı 4.8 milyon ton azalıb, ancaq buğda və digər dənli bitkilərin daha bol olması bu qıtlığı kompensasiya edir.
 
FAO proqnozlaşdırır ki, buğdanın aşağı qiyməti onun istehlak həcmini artıracaq. Tələbatın bu il və gələn il 2.7 faiz artacağı gözlənilir. Habelə proqnozlaşdırılır ki, taxıldan heyvan yemi kimi istifadə də 6.1 faiz artacaq.
 
 
 
Qeyd edək ki, Azərbaycan kimi milli valyutası ABŞ dolları ilə müqayisədə dəyər itirməkdə olan ölkələrə ərzağın dünya bazar qiymətlərinin dollar ekvivalenti ilə artması daha çox təsir göstərməkdədir. Manatın dollara nisbətdə iki dəfə kəskin devalvasiyaya məruz qalması, hazırda da ucuzlaşmaqda davam etməsi xaricdən idxal edilən ərzaq məhsullarının qiymətlərində ciddi artıma səbəb olub. O cümlədən xammalı idxal edilən və ölkədə qablaşdırılan məhsullarda da qiymət artımı davam etməkdədir.
 
Manatın devalvasiyasından əvvəl BMT-nin hesablamalarında deyilirdi ki, Azərbaycan  əhalisi orta aylıq qazancının az qala yarısını ərzağa xərcləyir. İndi manatın dəyərdən düşdüyü, ərzağın bahalaşdığı və əhalinin gəlirlərinin ölkədə müşahidə edilən iqtisadi çətinliklər ucbatından artmaması bu nisbəti daha da artırıb. Təxmini hesablamara görə ölkədə orta aylıq qazancın 65 faizə qədəri ərzağa xərclənir.