“Bizi seçkilərə 10 manata əl çalmağa aparırdılar” – Əməkdaşımız “Qul bazarı”ndan yazır

 
 
“Evə gedəndə balalarım əlimə baxır, mən də yazıq-yazıq onların üzlərinə baxıram. Çarəsizəm...”
Ölkədə və dünyada baş verən böhran tikinti sektoruna təsir etdi. Bakıda tikinti sektorunda gedən qızğın işlər dayandı. Maddi durumu aşağı olan fəhlələr günəmuzd işləmək üçün hər zamankı kimi “Qul bazarı”na üz tutsa da, bir tikə çörək qazanmaq ümidləri boş çıxır.
 
Paytaxtda fəhlələrin ən çox toplandığı yerlər hər kəs tərəfindən onların məkanı kimi bilinən körpülər və bazarlardır. Qazanc dalınca düşənlər gündəlik dolanışıqları üçün soyuqda da, istidə də gəlib burada dayanmağa, iş axtarmağa məhkumdurlar.
 
“Yeni Müsavat” qəzetinin müxbiri metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən və “Qul bazarı” kimi tanınan ərazidə olub, fəhlələrlə söhbətləşib.
 
“Xalqlar körpüsü” kimi tanınan yerdə 100-ə yaxın fəhlə iş arzusu ilə gözləməkdədir. Artıq günorta saatları olsa da, səhər tezdən gələn fəhlələr hələ də ümidlə gözləyir, gözləri yol çəkir. Onları əsasən əl-ayaq işləri, həyətlərin təmizlənməsi, bağbanlıq, tikinti və sair işlərə aparırlar. Səhər saatlarından buraya gələrək gündəlik işlərə gedib, zəhmətlə ailələrinə çörəkpulu aparırlar. 5- 10, bəzən 15 manata işləyən fəhlələr, dediklərinə görə, çox zaman günlərlə çörəkpulunu belə çıxara bilmirlər...
 
Tikinti sektorunda işlərin dayanması fəhlə və usta sinfini işsiz qoyub. Bu səbəbdən də buraya gələnlərin sayı artmaqdadır. İşçilər çox olduğundan hamıya iş düşmür. Bir çox hallarda iş üstündə günəmuzd işləməyə gələnlər arasında mübahisələr də yaşanır. Ərazidə olduğumuz zaman işçi aparmağa gələn avtomobilin ətrafına onlarla fəhlə toplandığını görürük. İşləmək istəyən fəhlələr özlərini avtomobil şüşəsindən içəri salmağa cəhd edirlər. İş tutmaq, pul qazanmaq üçün bəzən dalaşırlar. 
 
Günəmuzd iş axtaran Əfqan adlı fəhlə deyir ki, işçi çox olduğundan işin qiyməti də ucuzlaşıb: “Səhər saatlarında iş üçün gələnlər daha çox olur. Günortaya doğru nisbətən azalır. Bu gün tezdən buradayam, 6-7 maşın gəlib, o da ki, yüngül işlərə. Cəmi 20-yə yaxın fəhlə işləməyə gedib. Gələn adamlarda da insaf yoxdur. Görür hamı boş əyləşib, işsizdir, qiymət ”öldürür". 20 manatlıq işi 10-12 manata danışırlar. Məcbur qalıb, gedirik, əlacımız yoxdur. Altında 100 minlik maşın sürür, qəpik-quruş söhbəti eləyir. Üstəlik də adamla “ayə” ilə danışırlar. İnsanları belə alçaldırlar. Fəhlə olduğumuz üçün bizə xor baxırlar".
 
Adının çəkilməsini istəməyən başqa bir fəhlə isə bildirdi ki, artıq günorta saatlarına baxmayaraq heç bir işə getməyib, yəni pul da qazana bilməyib: “12 gündür ki, səhər saat  6-da buraya gəlirəm. Ancaq heç bir iş tutmamışam. Tikinti də yoxdur ki, işləyək. Hara gedirəm, ”iş yoxdur" deyirlər. Tikinti sahəsi də çöküb. Rayondan gəlmişəm, fəhləlik edib, ailə saxlayıram. Şəhərdə yenə arada iş olur, rayonda isə ümumiyyətlə, həyat dayanıb. Azyaşlı uşaqlarım, xəstə anam var. Aldığı məvacib heç dərman pulunu eləmir. Bakıda axtarmadığım iş yeri qalmayıb. Evə gedəndə balalarım əlimə baxır, mən də yazıq-yazıq onların üzlərinə baxıram. Çarəsizəm..."
 
Həmsöhbət olduğum fəhlələrdən biri məqam da toxundu. Bildirdi ki, parlament seçkilərində namizədlər üçün günəmuzd olaraq əl də çalmağa gedirlər: “Deputat seçkilərində gəlib maraqlı bir fəhlələri yığırlar. Bir-iki saat iştirak etməyimiz üçün 10 manatdan pul  paylayırdılar. Şərtləri isə belə idi: oraya gedib əl çalmalı, fitləməliyik. Adı yadımdan çıxıb, hansısa deputat seçkilərə namizədliyini vermişdi. Bir nəfər bir ”paçka" pul gətirib elə körpünün altındaca paylayıb, bizi avtobusa yığıb apardı. Biz də getdik, elə deyilən kimi də elədik. Əl çaldıq, dedik, güldük, 10 manatımızı da alıb, qayıtdıq. Həmin vaxtlar işimiz də yox idi. Göydən düşmə oldu. Belə işlər olanda xəbər eləsinlər, biz hər zaman hazırıq. Fəhlə təşkilatı da yarada bilərik"(gülür).
 
Müsahibim deyir ki, “Qul bazarı”na  naməlum şəxslər gələrək onlara oğurluq  kimi cinayət əməlləri də təklif edirlər: “Bir də görürsən ki, ”Qul bazarı"na tanımadığımız şəxslər gəlir. Onlar iş axtaranlara oğurluq kimi pis təkliflər edirlər. Oğurlanacaq malların və ya əşyaların koordinatını verirlər. Biz sözlə, əlacsız qalan fəhlələrdən istifadə etmək istəyirlər. Biz fəhlələri onlardan uzaq olmaları barədə xəbərdar edirik".