"Bizdə yaradıcı adama sovet dövründəki kimi dəyər verilmir"

“Yazı düşüncədə gerçəkləşir, əsas proses beyində və qəlbdə gedir, bircə qalır onu kağıza köçürmək”
 
 Moderator.az Nigar İsmayılqızının yazıçı Elçin Hüseynbəyli ilə olan söhbətini təqdim edir:
 
...Qəribə gün.
 
Uzun illərdi onu tanıyıram. Müxtəlif zamanlarda  müsahibələr almışam. Və... Bir payız günü Sumqayıt Tarix Muzeyində qarşılaşdıq. Tarix 15 oktyabrın eyforiyasında idi. Elçin Hüseynbəyli, vəfalı ömür-gün yoldaşı məlahətli xanım Dürdanə İbrahimova da “Ölsəm... Yaşat”adlı sənədli filmin təqdimatına dəvət olunmuşdular. Onu deyim ki, sənədli film 4 aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundova həsr olunub. Film bitəndən sonra nasir, yazıçı-dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elçin Hüseynbəyliyə söz verildi. Səhnədə  var olan Elçin efendi sükuta qərq oldu! Bir gəncin taleyində baş verən ağrılar, sızıltılar, çətin günlər boylu-buxunlu, güclü insanı səssiz gəmi ilə çox uzaqlara apardı. Həmin gün         ! İlk dəfə Elçin müəllimin kədərli, qara notlara asta-asta  lay-lay dediyinin canlı şahidi oldum. O danışa bilmədi. Ağır-ağır səhnəni tərk etdi... Bu mənzərəni, saniyələri tablolarda əks etdirmək üçün kaşki rəssam olaydım! Belə...
 
 
 
- Mənə elə gəlir ki, ədəbiyyat həyatın özüdür. Həyatın hər bir anını zövqlə, həvəslə yaşamaq ədəbiyyata gedən bir yoldur. Bəs, sizin üçün ədəbiyyat nədir? Balaca Elçin ədəbiyyat aləminə neçə yaşında səyahət edib?
 
- Ədəbiyyatın nə olmağını  sona qədər dərk edə bilməmişəm. Çünki  nə qədər ağıllı mütəxəssis olsan da, okeanı sona qədər tədqiq edə bilməzsən. Amma mənə görə, ədəbiyyat yaddaş faktıdır, yaşantıdır. Əsəri yazanda zövq almırsansa, əziyyət çəkirsənsə, gərək əlinə qələm almayasan. Bəziləri deyirlər ki, mən yazmıram, sözü doğuram. Mən də zarafatla deyirəm ki, onda gərək sən qəhrəman söz anası olasan. Rəhmətlik yazıçımız Eyvaz Əlləzoğlu mənə deyirdi ki, sənin xoşbəxtliyin sözə yuxarıdan aşağı baxmağındadır. Sözü necə istəyirsən, elə də fırladırsan, ancaq mən sözə aşağıdan yuxarı, qorxa-qorxa baxıram, ona görə də məni sözün xofu basır... Onu deyə bilərəm ki, ədəbiyyatı uşaqlıqdan sevirəm. Və əksəriyyətdən fərqli olaraq, mən ədəbiyyata şeirlə yox, nəsrlə gəlmişəm. Üçüncü sinifdə oxuyanda balaca bir detektiv “hekayə” yazmışdım. Cəmşid Əmirovun “Qara volqa” əsərinin təsiriylə...
 
- Qış ayında dünyaya göz açan yazarın uşaqlıq illərindən danışaq. Bakıdan uzaqda qalan Cəbrayıl rayonunda nə baş verirdi?
 
- Bir fikrə tam şərikəm: - “Uşaqlıq mənim vətənimdir”. Cəbrayıl da mənim ana vətənimdir. Doğma yurdumdur. Hər yazımda, hər sözümdə Cəbrayıl var, Mahmudlu kəndi, “Yaloba”, “Tək tut” var. Onları xəyalımda yaşadıram. Təsəvvürlərim onlarla bağlıdır. Halbuki zamanın dəyişdiyini və hər şeyi də dəyişdirdiyini gözəl bilirəm. Hətta “Qaçaq qocalar” pyesimdə insanların təsəvvürləri ilə gerçəkliyin tam fərqli olduğunu göstərmişəm. Cəbrayıl mənimçün hər şeydir. Qışda doğulduğuma görə qarı və soyuğu çox sevirəm.
 
- Bir söhbətdə deyirsiniz ki, mən zığıldayan insan deyiləm. Bu fikir diqqətimi çəkdi. O zaman Elçin əfəndi zığıldayan insan görəndə nə hiss keçirir? Gözləri önündə hansı xarakter canlanır?
 
- Bəli, mən zığıldayan insan deyiləm və o cür insanları xoşlamıram. İnsan problemlər içində olanda da gərək şükranlığını itirməsin, naşükür olmasın. Çalışsın ki, ətrafa müsbət emosiya versin. Elə adamlar var ki, mən onları aralıdan görəndə belə, başım ağrıyır. Çünki onların kefini xəbər alanda zığıldayırlar,  ağlayıb - sıtqayırlar, “Kefin necədir?” sualına əsəbi reaksiya verirlər: “Pis! Arvad-uşaq acından ölür!” Yaxşı xasiyyət deyil.
 
- Demək olar ki, dünyada sənətkara dəyərvermə daha yüksəkdir. Bizdə necə romana, publisistikaya, nəsrə, dramaturgiyaya can atan insana dəyər varmı?
 
- Çətin sualdı. Amma cavabı da hazırdı. Bizdə yaradıcı adama sovet dövründəki kimi dəyər verilmir. Düzdü, o zaman senzura vardı, yaradıcı adamlar öz ideya və düşüncələrini, yaşantılarını indiki kimi sərbəst ifadə edə bilmirdilər. Amma onları senzura sıxanda,  “KQB” izləyəndə dəyərli insan olduqlarını anlayır, hətta daxili qürur hissi də keçirirdilər. O zaman - repressiya dövründə elə ziyalılarımız olub ki, dostlarını satmayıblar, əksinə müdafiə ediblər. Onlardan biri də böyük söz adamı, yazıçı Yusif Vəzir Çəmənzəminlidir. Elə ona görə də son romanım - “Yenə iki od arasında” onun xatirəsinə həsr olunub...
 
- “Bengü” nəşriyyatı ilə əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq nəticəsində hansı kitablarınız türk dilində çap olunub?
 
- “Bengü”də mənim “Sılaya dönüş” (“Kəndə qayıdış”) hekayələr kitabım işıq üzü görüb. Onu Türkiyə türkcəsinə yazar dostum İmdat Avşar uğurla tərcümə edib. “İleri” yayınları isə “Şah Abbas” və “Azərbaycanlı Don Juan” romanlarımı çap edib və yayımlayıb.
 
- Türkiyədə tanıdığınız ən yaxşı nəşriyyatlar haqqında fikirlərinizi dinləmək maraqlı olardı. Və bu məşhur nəşriyyatlar Azərbaycan yazarlarının kitablarını çap edirmi? Çap edirsə, bu yaxşı hadisədir. Çap etmirsə buna səbəb nədir?
 
- Mən bilən Türkiyədə “Can” yayınlar evi məşhurdur və bu nəşriyyat azərbaycanlı yazarları çap etməkdən boyun qaçırır. Səbəb kimi onu göstərirlər ki, azərbaycanlı yazarların Türkiyədə bazarı yoxdur. Çünki nəşriyyatlar indiyə kimi daha çox öz kommersiya maraqlarına uyğun kitablar nəşr ediblər. Onlar isə piştaxtalarda qalıb. Yəni kimin pulu varsa, nəşriyyata verib çap elətdirib. Acınacaqlı vəziyyətdir, amma belədir. “Can” nəşrlər evi geniş şəbəkəyə malikdir və xarici nəşriyyatlarla sıx əlaqədədir...
 
 
 
- Bildiyimiz kimi “Şah Abbas” romanı sizə uğur gətirib.  Sirr deyilsə, bu kitab sizə nə qədər gəlir gətirib?
 
- Başqa kitablarımdan fərqli olaraq “Şah Abbas”ın satışı uğurlu oldu. Çünki dostlarıma dedim ki, “qonaq gedəndə piştaxtalarda xarab olmuş konfet aparmaqdansa, “Şah Abbas”ı aparın, qoy, millət öz sərkərdəsini tanısın”. Digər tərəfdən isə mənə daha çox gəliri “Bölgələrdə imza kampaniyası” gətirdi. Təvazökarlıqdan  uzaq olsa da, deyim ki, həm Bakıda, həm də əyalətlərdə ilk imza günlərini mən keçirmişəm. Tarixi də dəqiq deyə bilərəm: 2009-cu il, aprelin 3-ü, “Bayatı” kitab mağazası.
 
- Əslində romanlar doğulmadan öncə maraqlı həyat yaşayırlar. Nədənsə sizin “Şah Abbas” romanınız işıq üzü görəndən sonra da maraqlı həyat yaşayıb. Necə oldu dostlar qonaq gedəndə bu kitabı aparmağı düşündülər? Bu ideya necə yarandı?
 
- “Şah Abbas” romanından sonra mənim həyatımda, maddi baxımdan, ciddi irəliləyişlər oldu. Eyni sözü “Don Juan” romanı haqqında da demək olar. Görünür, ruh deyilən bir nəsnə var və haqqında yazdığım babalarımın ruhu mənə həyan olublar. Deməli, keçmişə sayğı nəticəsiz qalmır.
 
- Elçin müəllim dünyanın bir çox ölkələrində naşirlər var. Hətta deyərdim ki, naşirlik deyilən ayrıca bir mədəniyyət var. Bizdə necə naşirlik varmı?  Nə baş verir bu aləmdə?
 
- Bir neçə il əvvəl Tiflisdə poliqrafistlərlə bağlı beynəlxalq tədbirə qatılmışdım. Orda yaxşı bir söz eşitdim: bir var çapçılar - yəni müəllifin öz hesabına kitab çap edənlər; bir də var naşirlər - yəni öz hesabına müəllifləri çap edənlər, onlara qonorar ödəyənlər. Təəssüf ki, bizdə naşirlik mədəniyyəti çox aşağıdır. Əsasən çapçılar şəbəkəsi var. O ki qaldı mənə, artıq uzun müddətdir ki, mənim əsərlərimi “Qələm” nəşriyyatı çap edir, piyarımı aparır, təbliğ edir, az da olsa qonorar ödəyir. Maləsəf, son dövrlər iqtisadi böhran kitab alışına da mənfi təsir göstərib, ona görə də kitablarımın çox satılmasıyla öyünə bilmərəm.
 
- Hocam, niyə Azərbaycan xalqı kitaba bu qədər ögeydir? Hətta nəqliyyatda kitab oxuyan görəndə gülürlər...
 
- Dünyada bir oxu mədəniyyəti var. Bizdə də var, amma ürəkaçan deyil. Lakin nəzərə almalıyıq ki, biz oxu mədəniyyəti baxımından Avropadan təxminən 400 il geri qalırıq. Çünki 400 il əvvəl Avropada məktəblər, universitetlər açılanda, jurnal və qəzetlər fəaliyyətə başlayanda bizdə hələ də basma üsuluyla, hüsnxətlə kitablar çıxırdı. Onların da sayı az, yayım arealı çox dar idi. Yazarlar, əsasən sarayda yetişirdilər və qonorarı oxuculardan yox, hökmdarlardan alırdılar. Ona görə bizdə alıcı da həmişə az olub. Yalnız sovet dövrünü çıxmaq şərtiylə. Çünki sovetlər dönəmində ədəbiyyata, sənətə ideoloji alət kimi baxırdılar. Möhtəkirliklə mübarizə aparılırdı. İnsanlar əsasən məvaciblə dolanırdılar. Ona görə də bir kitab kultu vardı. Hətta çobanın da evində kitabxana vardı. Elə ki, sovetlər dağıldı və bizə azadlıq verdilər, bu üzdən də tacir damarımız yenidən qayıtdı və kitab alıcıları, oxucuları azaldı.
 
- Ruhumuza qida vermək bizim üçün ikinci plandadır. Və! Bununla da ruhumuzu hər an, hər saniyə zəhərləyirik. Əslində bu bir zövqsüzlükdür. Bizim xalq bu zövqsüzlükdən niyə bu qədər zövq alır?
 
- Mənim bu suala hazır cavabım yoxdur. Əgər kənardan belə görünürsə, yalnız təəssüflənə bilərəm.
 
- Elçin müəllim deyirsiniz biz ticarəti sevən xalqıq. Bu tacirliyin toxumu hansı illərə gedib çıxır?
 
- Küfr eləmək istəmirəm, amma peyğəmbərimiz də tacir olub. Bununla belə, daim elmə üstünlük verib. Gor evinə qədər elmə sahib olmağı məsləhət bilib. Görünür, biz yaxşı tərəfi qoyub, ziyanlı tərəfə sahib çıxmışıq. Həm də bizdə bir şərqli damarı var. Nağıllarımızda da, dastanlarımızda da daha çox tacirlər və ticarət təbliğ olunur.
 
- Mənə elə gəlir, ədəbiyyat öz dünyasına qapanıb yazmaqdır. Bir neçə ildir Azərbaycan gəncliyi Yazarlar Birliyi ilə mübarizə aparır. Və bu mübarizə Azərbaycan ədəbiyyatına nə verir?
 
- Həmişə demişəm ki, yazı düşüncədə gerçəkləşir, yəni əsas proses beyində və qəlbdə gedir, bircə qalır onu kağıza (indiki halda isə kompüterin yaddaşına) köçürmək. Şəxsən mən yazanda kənar səsləri eşitmirəm. Onsuz da sakitlik mənə yuxu gətirir. Gərək ətrafımda səs-küy olsun. O ki qaldı gənclərin AYB ilə mübarizəsinə, onların bir çoxu elə hesab edir ki, onların istedadı dərhal qiymətləndirilməlidir. Bu, sovetlər dövründə belə idi. İndi zaman dəyişib, öz haqqını almaq üçün gərək çox çalışasan. Həmin gənclər yenilikdən dəm vursalar da, köhnə təfəkkürlüdürlər, sovet adamı kimi düşünürlər. Bu mübarizənin ədəbiyyata nə verib-verməyəcəyi isə prosesdən asılıdır. Yəqin ki, yaradıcı sferada müəyyən stimullar yaradır.
 
- Elçin müəllim, sizcə bizim gənclik sözün əsl mənasında ədəbiyyat arxasınca gedir, yoxsa ucuz populyarlıq arxasınca? İstisnalar da var təbii ki.  Azərbaycan ədəbiyyatında istedadlı gənclərimiz də var.
 
- İstedadlı gənclərimiz var, amma onların çoxu, bayaq dediyim kimi, tələsir. Əksəriyyət isə populyarlıq arxasınca gedir. Feysbukda bir status yazan, sonralar ətrafındakı adamların küyü sayəsində özünü ədəbiyyat adamı sanır. Təəssüf ki, indi bizdə sosial şəbəkə ədəbiyyatı aktualdır. Bu isə cavanları çaşdırır. Ona görə də ciddi ədəbi əsərlər yarada bilmirlər. Bir dəfə demişdim ki, feysbuk statusları dəli adamın nitqlərinə daha çox bənzəyir.
 
 
 
 - İstedad, qabiliyyət.  Bunlar varsa ədəbiyyata gəlmək olar?
 
- Məşhur deyim var: “Bir faiz istedad, doxsan doqquz faiz zəhmət”. Əgər bunlar varsa, uğurlu ədəbiyyatçı olmaq mümkündür.
 
- Ən sevdiyim əsərlərdən biri Herman Hessenin “Yalquzaq” romanıdır. Elçin müəllim ədəbi camidə yazar nə qədər yalquzaq olmalıdır? Və bu yalquzaqlıq insana nə verə bilər?
 
- Çalışmaq lazımdır ki, oturub-durduğun adamlar yazar olmasınlar. Çünki yazarlar ən pis halda daim özlərindən, ən yaxşı halda isə hansısa əsərdən danışırlar. Kənar adam isə yazıçıya maraqlı əhvalatlar nəql edir, heç bir ədəbiyyat iddiası da yoxdu və sən həmin əhvalatları hekayəyə, romana çevirə bilərsən, ən azı ondan yaradıcı şəkildə yararlanmaq imkanın var. Yazanda isə hamı yalquzağa çevrilir, biri az, biri çox.
 
- Yaxşı xatırlayıram. Bir neçə il öncə mən Odlar Yurdu Universitetində müəllimə işləyirdim. Kafedramızda  “525-ci qəzet”i gördüm. Və... O qəzetdə səhv etmirəmsə “Şəkillər bizə nə deyir” adlı yazınızı gördüm. Oxudum. Yaddaşıma maraqlı fikirlər həkk olundu.  Şəkillər sizə nə deyir?
 
- Şəkil zamanın donmuş halıdır. Onlara baxarkən həmin zamanı xatırlayırsan: bəzən sevinc, bəzən də təəssüf hissi ilə...
 
- Təşəkkürlər!
 
- Siz də sağ olun.