​“Bizə verilən işgəncələrin bir faizi ona verilsəydi, İlham Əliyevin üzünə durardı” VİDEO

 
 
Şahid Fuad Qəhrəmanlı əleyhinə ifadəyə ailəsilə təhdid olunaraq qol çəkdiyini dedi
 
Noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə həbs edilən Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Prosesdə təqsirləndirilən şəxslər onlara işgəncə verilməsi barədə şikayətlərə hökumət təmsilçilərinin münasibətinə etiraz ediblər. Xüsusən də deputat Zahid Orucun bu barədə mediaya açıqlaması hiddətlə qarşılanıb.
 
 
Təqsirləndirilən şəxslərdən Abbas Hüseyn deyib ki, “bandotdel”də onlara verilən işgəncələrin bircə faizi Zahid Oruca verilsəydi, İlham Əliyevin də üzünə durardı:
 
“İstəyirəm səsimi Prezident Aparatında, Milli Məclisdə eşitsinlər. Bizə istintaq zamanı şərəf və ləyaqəti alçaldan işgəncələr verilib. Zahid Oruc kimilərsə bu məsələ barədə özlərinə sərfəli şəkildə danışırlar. Bizə verilən işgəncələrin bir faizi ona verilsəydi, İlham Əliyevin üzünə durardı. Ramil Usubov əleyhimizə ifadə almaq üçün dostlarımıza işgəncə verdirmək əvəzinə, Zahid Oruc kimilərdən istifadə edə bilərdi. O, gəlib rahat üzümüzə durardı”.
 
 
 
Həm özlərinin, həm də onların əleyhinə ifadə verənlərin ailə üzvləri ilə təhdid olunduğunu vurğulayan Abbas Hüseyn tələb edib ki, bu qanunsuzluqlara yol verənlər cəzalandırılsın.
 
Vəkil Yalçın İmanov da şahidlərə təzyiqlərin hələ davam etdiyini bildirərək, son məhkəmə iclasında şahid Mötəbər Babayevin söylədiklərini xatırladıb. Şahid bildirmişdi ki, “bandotdel”də Nardaran əməliyyatı üzrə qrupun rəhbəri Kərim Əlimərdanov və idarənin əməkdaşı İslam Ağabəyov məhkəmədə dindirilməzdən öncə onu hədələyiblər. “Bu adamlar barəsində tədbir görmək beləmi çətindir? Şahidlərə təzyiq məhkəməyə birbaşa müdaxilədir”, – deyə vəkil bildirib.
 
Sonra prosesdə şahidlər ifadə verib. Şahid Balababa Allahnəzərov deyib ki, istintaqın gedişində təzyiqə məruz qalıb. O bildirib ki, ailə üzvlərilə hədələnərək, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının əleyhinə ifadəni imzalamağa məcbur edilib.
 
Dindirmə zamanı məlum olub ki, bu şahid Fuad Qəhrəmanlının “Facebook” statusuna şərh yazdığına görə istintaqa çağrılıb. “Elə bil “Yuxu” kinosudur. Bir statusa şərh yazmağa görə “bandotdel”ə çağırdılar. Hamı bilir ki, ölkədə problemlər var. Bu barədə statusa şərh yazmaq cinayət deyil”, – deyə şahid bildirib.
 
Fuad Qəhrəmanlının statuslarını bəyənib, şərh yazdığı üçün istintaqa cəlb olunan daha bir nəfər Elxan Məmmədovdur. O, məhkəməyə ifadəsində deyib ki, “bandotdel”də dindiriləndən sonra səhvini başa düşüb: “Burun girməyən yerə baş soxmaq olmaz. Bundan sonra çalışıram ki, heç kimə şərh yazmayım. Bildim ki, dediyin sözün arxasında durmaq lazımdır”.
 
Prosesdə Elxan Məmmədovun istintaqa ifadəsi elan olunub. Bəlli olub ki, həmin ifadədə Fuad Qəhrəmanlının “Facebook” statuslarında adamları iğtişaşa çağırması barədə fikirlər də var. Şahid ifadənin o hissələrindən imtina edib.
 
Başqa bir şahid Zahid Mehdiyev də Fuad Qəhrəmanlının seçki saxtakarlığı barədə statusuna şərh yazdığına görə “bandotdel”də dindirilib. O, məhkəməyə ifadəsində yazdığı şərhə görə peşman olduğunu deyib.
 
Daha sonra vəkil Yalçın İmanov “Tale Bağırzadənin müraciəti” adlı kitabça ilə bağlı vəsatət verib. Vəkil bildirib ki, cinayət işinin materiallarında təqsirləndirilən şəxslərdən, bəzi şahidlərdən belə bir kitabçanın çıxdığı iddia olunur. Amma həmin kitabça özü iş materiallarında yoxdur. “Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Biz o kitabça ilə tanış olmaq istəyirik”, – deyə vəkil əlavə edib.
 
Prosesə sədrlik edən hakim Əlövsət Abbasov bu məsələ ilə əlaqədar BMCMİ-yə müraciət olunacağını deyib.
 
Tale Bağırzadə isə bildirib ki, kimlərinsə cibindən belə bir kitabça tapılması barədə yazılanlar yalandır. Çünki ümumiyyətlə, belə bir kitabça olmayıb və onu Nardaran əməliyyatından sonra hazırlayıb, ittihama daxil ediblər.
 
Prosesdə Bakı Şəhər Prokurorluğunun məhkəməyə cavabı da bəlli olub. Məhkəmə vəkillərin vəsatəti əsasında şahidlərə təzyiq məsələsinin araşdırılması üçün Bakı Prokurorluğuna müraciət etmişdi. Prokurorluğun noyabrın 11-də məhkəməyə göndərdiyi cavabda şahidlərə təzyiq barədə deyilənlərin araşdırıldığı, amma təsdiqini tapmadığı yazılıb.
 
Prokurorluğun cavabına münasibət bildirən vəkil Yalçın İmanov deyib ki, belə cavabın veriləcəyi gözlənilən idi. Vəkil yada salıb ki, ötən məhkəmə iclasında şahidlərdən biri Əli Nurməmmədov məhkəməyə polis nəzarətindəki xüsusi avtobusla gətirildiklərini, məhkəmədən sonra da Sabunçu Rayon Polis İdarəsinə aparılıb, bir müddət orada saxlanıldıqlarını açıqca demişdi…
 
Məhkəmə prosesi noyabrın 14-də davam edəcək.