“Biz qayıdacağıq” filminin baş qəhrəmanı haqda maraqlı fakt

Filmdə “Zakir” rolunu oynayan Pərviz İbrahimli: “Rejissor Elxan Qasımov işarə edib ki, doğurdan döyün, təbii alınsın”
2007-ci ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş “Biz qayıdacağıq” Azərbaycan kino sənətinin incilərindəndir. Bu filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt “yoruldum” demir.
Film bu günümüz üçün aktual olan bir mövzuya həsr edilib. Filmdə Qarabağ müharibəsi bir uşağın dili ilə canlandırılır. Müharibənin bütün dəhşətləri bu balaca oğlanın gözü qarşısında baş verib. Onu öz torpağına qayıtmaq arzusundan heç bir güc döndərə bilməz. Filmin baş rolunda gənc xanəndə Pərvaz İbrahimli çəkilib. Pərvaz İbrahimlinin filmdə baş qəhrəman Zakir  roluna çəkilməsinin maraqlı tarixçəsi olub: “Məndən əvvəl artıq bir neçə uşağı sınaqdan keçirmişdilər. Amma mən bu filmə çəkilmək üçün daha həvəsli idim. Ona görə də bir az biclik işlətdim. Belə ki, həyətdə maşının silinməsi səhnəsini məşq edərkən tez-tez yuxarı baxdım. Rejissor Elxan Qasımov bunu tutdu və mənə dedi ki, niyə yuxarı baxırsan? Dedim, guya işıqfora baxıram ki, birdən yaşıl işıq yanar, maşın gedər, sürücü pulumu verməz. Elxan Qasımov bunu bəyəndi və ondan sonra filmə məni çəkdi .
Filmə çəkiləndə 11 yaşım olardı. Elə bilirdim ki, birsaatlıq filmi elə bir saata çəkib qurtarırlar. Nə bilim ki, bir saatlıq film 4 aya çəkiləcək. Çəkilişin bu qədər uzanması məni çox yormuşdu. Hətta film çəkilişləri zamanı əməlli-başlı xəstələndim də. Eyni zamanda, “Biz qayıdacağıq”ın bir səhnəsində uşaqlar məni döyməli idi. Sən demə, Elxan Qasımov işarə edib ki, doğurdan döyün, təbii alınsın. Həm də məni döyənlərdən biri də dostum idi. Çəkilişi saxlatdırıb şikayət edirdim ki, Elxan müəllim, doğurdan döyürlər e, məni.”
Qeyd edək ki, Pərvaz "Muğam-2005" telemüsabiqəsinin ilk qaliblərindən biridir. 14 yaşından prezident təqaüdünə layiq görülmüşdür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın işgüzar səfərləri ilə bağlı ABŞ-da, Almaniyada, Rusiyada, Fransada, İtaliyada və s. ölkələrdə konsert proqramları ilə çıxış edib. Mərakeşdə “Ümumdünya Musiqi Festivalı”-nda Azərbaycan təmsilçisi kimi qalib.
Turaninfo.az