Biz kimik - ''qara camaat'', yoxsa cəmiyyət?..

 
Sən demə, oktyabrın 7-si bizim əziz Rusiyamızın çox əziz-xələf prezidentinin doğum günü imiş. Rusiya saytlarını nəzərdən keçirirdim ki, gözüm dərhal bu xəbərə sataşdı...
 
Təbii, burada qeyri-adi və xüsusi bir diqqətə layiq heç nə yoxdur. İlin 365 günündən hansısa biri əzizimiz Vladimir Vladimiroviçin doğum günü olmalı idi, ya yox?...
 
Üstəlik, səbəbkarın bioqrafiyasından ilginc və xüsusi məlumatlara da malik deyiləm ki, sizi onlarla məşğul edim. Siz nə bilirsinizsə, mən də elə onu bilirəm...
 
Əslində burada məni tamam başqa suallar və qayğılar ilgiləndirməli idi. Birincisi, Rusiya ilə ABŞ-ın Suriya müstəviisində danışıqları baş tutmadı. Və mən də bir sual verməli idim: niyə?.. Sonra da onun cavabını çözməli idim...
 
İkincisi, cəmi üç ay bundan əvvəl “Putin planı” deyilən və Qarabağ probleminin həlli üçün nəzərdə tutulan ssenaridən indi heç bir xəbər-ətər yoxdur.
 
Biz prezidentlərin növbəti görüşünü gözləyərkən V.Putin cənabları Yerevanın küçələrinə “İskander” raketlərini çıxardı və bəlkə də bununla bizə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) olmağın üstünlüklərini göstərdi, çünki təxminən bircə ay bundan əvvəl S.Şoyqu  KTMT-nın Yerevanda keçirilən toplantısı ərəfəsində Bakıya səfər etmişdi və güman ki, Azərbaycanın nə vaxt “cürətlənib” şanlı “rus NATO-su”na quşulacağını soruşmuşdu...
 
Hər halda, məhz həmin vaxt olmasa da, Rusiya imkan düşdükcə, yeri gəldikcə, rəsmi Bakının, necə deyər, fikrini öyrənir, onu israrla KTMT-na və yaxud da ki, Avrasiya İttifaqına qoşulmağa səsləyir...
 
Nəhayət, ABŞ-da növbəti  prezident seçkilərinə cəmi bircə ay qaldı. Elə burada da bəzi məqamları araşdırarkən izlər yenə bircə nəfərə - Putinə aparıb çıxarır...
Əcəba, rusların Rusiyanın 2-ci və 4-cü prezidenti adlandırdığı bu adamın izləri haralarda yoxdur?..
 
Yox, ondan bədheybət varlıq düzəltmək istəmirəm. O, mənim üçün daha çox ümumiləşmiş bir siyasi obrazdır və keşmiş SSRİ məkanındakı bəzi avtoritar rejimlərin dayağıdır...
Əslində bu adam səbəb deyil, nəticədir... Səbəbsə tamam başqadır. Arabir Rusiya kanallarına da baxıram. Orada deyilənləri, daha doğrusu, qışqırılanları dinləyəndə ağlıma gələn ilk söz “psixoz” olur... Adama elə gəlir ki, bu ölkədə kütləvi psixoz hökm sürür və insanlar getdikcə sakit və aramla fikir yürütmək vərdişlərini itirirlər – bu, onun üstünə qışıqırır, o, da bunun!.. Bütün bunlar da müzakirə, dinc fikir mübadiləsi adlanır...
Rusiyanın tarixi ilə də çox maraqlanmışam. Bəzi şeyləri oxumuşam və məndə belə bir yəqinlik hasil olub ki, bu ölkənin adamları heç bir vaxt və heç bir halda azadlıq nə olduğunu bilməyiblər...
 
Ruslar özləri təhkimçilik hüququnu ABŞ-dakı quldarlıqla müqayisə edirlər. Deməli, bu hesaba və məntiqə görə Rusiya düz 1861-ci ilə qədər quldarlıq quruluşunda yaşayıb...
Elə bu günlərin söhbətidir. Bir amerikalının Romanovlar sülaləsi haqqında hazırladığı sənədli filmə baxırdım. Təsəvvür edin, çar 2-ci Aleksandr (Xilaskar ləqəbli) çox böyük islahatlar aparır, təhkimçiliyi ləgv edir və hətta senzuranı götürür...
 
Amma bu adama nə edirlər? Onu öldürürlər və Rusiya yenidən zülmətə qərq olur...
Bəli, çox tanış sindromdur. İnsanlara azadlıq verilir, amma onlar bununla nə etmək lazım gəldiyini bilmir, hətta azadlığın yaratdığı böyük bir boşluq onu qorxudur. O yenə də daha rahat olduğu çağların xiffətini çəkir və həmin vaxtlara qayıtmaq istəyir...
 
Buna kütlə psixologiyasında “azadlıqdan qaçış” da deyirlər ki, əvvəllər bizim ölkəmizdə də bundan danışmaq-yazmaq çox böyük dəb idi...
 
Məni terminlərin zahiri bər-bəzəyi az maraqlandırır. Sadəcə, məsələ ondadır ki, insan bir çox hallarda öz azadlığı ilə nə etmək lazım gəldiyini bilmir...
 
Təbii ki, bunun əsasında siyasi spekulyasiyalar qurmaq lazım deyil. Amma qururlar və “İnsanlara azadlıq deyil, iş və çörək, qayda və qanun, möhkəm əl lazımdır!” - deyirlər...
Əslində bu, təkcə Rusiyaya aid deyildir. Bizim də şanlı xalqımız eyni gündədir, hamı “Mən siyasət adamı deyiləm. Özləri bilərlər, nə edərlər! Mənə isə iş və çörək lazımdır!..” - deyir...
Amma Rusiyada da, elə burada da insanlar bir şeyi unudurlar. İstənilən hakimiyyətin bir rəhmi olur, bir də ki, borcu...
 
Əgər hakimiyyət çox böyükdürsə və onun səlahiyyətləri həddindən artıq çoxdursa, o daha özünü cəmiyyət və insanlar qarşısında borclu və məsul bilmir, ən yaxşı halda onlara yalnız rəhmi gəlir...
 
Bəzən mənə elə gəlir ki, V.Putinin də ruslara sadəcə, rəhmi gəlir. O daha pis prezident ola bilərdi, daha qəddar siyasət yürüdə bilərdi, amma böyük və sərhədsiz hakimiyyətin rəhmi onu bir qədər mülayim olmağa, bir azacıq “qara camaatı” da düşünməyə vadar edir...
Deyim ki, bütün despotik rejimlərin dayağı da məhz bu “qara camaat” olur. Elə ki, bu camaat “ağarmağa” başlayır, onda despotizm də laxlayır və bir gün də uçur...
 
Amma bu, çox çəkir, bəzən on illərlə gözləmək lazım gəlir ki, insanların şüuru dəyişsin. Nahaq yerə Musa peygəmbər yəhudiləri səhrada düz 40 il dolandırmamışdı ki...
Fəqət, Musa peygəmbərlə despotlar arasında çox böyük fərq var. Despotların öz cəmiyyətlərini harasa aparmaq fikri yoxdur, cəmiyyət öz yerində nə qədər çox sayarsa, onlar üçün bir o qədər yaxşıdır. Ən yaxşı halda onlar, lap bir lətifədə deyildiyi kimi, vaqonun pəncərələrini bağlayaraq onu slikələyirlər ki, insanlar harasa getdikərini düşünsünlər...
 
Hazırda Putin Rusiyada elə beləcə də edir: pəncərələrin pərdələri salınıb, “vaqon” silkələnir və insanlar da düşünürlər ki, ölkə guya harasa gedir...
 
Həm də burada da fürsət fövtə verildi, “qara camaat” müasir cəmiyyətə çevrilmədi.
Əgər çevrilsəydi, məsələn, SSRİ üçün bu qədər nostalji keçirməz və ən azı özlərinə bir sual verərdilər: “Axı SSRİ mənə nə vermişdi?”...
 
Doğrudan da o quruluş orta statistik rusa, “qara camaat”ın orta statistik fərdinə nə vermişdi? Bir şüşə ucuz çaxır və bir də “qayğısızlıq”...
 
Bəzən düşünürəm ki, insanlar məhz bu “qayğısızlığ”ın həsrətindədirlər. Bəli, bir şüşə çaxır, ayda 150 rubl və bir də iki otaqlı hökumət mənzili... İnsan istəsə, çalışsa, bundan on dəfələrlə artığına da nail ola bilər. Amma istəmir, çünki bunun üçün hər bir fərdə boynuna bir qədər artıq yük götürmək lazım gəlir...
 
Onlarsa bunu istəmirlər. Ona görə də V.Putin peyda olur, ona görə də A.Lukoşenkaya ehtiyac duyulur və ona görə də despotizm bərqərar olur, çünki bir nəfərin hamının əvəzinə düşünməsinə ehtiyac yaranır. Nəticəsi nə olur? O, olur ki, həmin bir nəfər hamının əvəzinə “düşünüdüyü” üçün həm də hamının əvəzinə yaşamalı da olur, necə deyər, kef çəkir!..
Ona görə ki, o, heç kimə borclu deyil. Uzağı kiməsə yazığı gələ bilər. Əgər onu da istəsə...