Biz İrandan nə umuruq?

Düşünmək olardı ki, İran üzərindən əsas sanksiyalar götürüləndən sonra bu ölkənin siyasətçilərinin ritorikasında ciddi dəyişiklik olacaq.
Amma yox, diqqət edəndə görürsən ki, iranlı siyasətçilər, məsələn, ABŞ haqqında sanksiyalar dövründə necə danışırdılarsa, elə indi də həmin tonda və həmin vurğu ilə danışmaqda davam edirlər.
Nə olub? Nə baş verib? İranlı siyasətçilər və liderlər niyə belə edirlər? Düzdür, ABŞ da hələ İran haqqında son sözü ehtiyatda saxlayır, bu ölkədəki azadlıqların və demokratiyanın vəziyyətilə bağlı narahatlığını bilidirir. Bəlli olur ki, nüvə razılaşması bir şeydir, amma siyasi rejim məsələsi tamam başqa.
Elə bu səbəbdən iranlı liderlərin ritorikasını bununla yozmaq olardı. Amma əminik ki, bu, məsələnin səthi tərəfidir.
İranda anti-Qərb ritorikasının qalmasının bir neçə səbəbi var. Birincisi, son seçkilərdə mühafizəkarlar ciddi şəkildə məğlub olsalar da əsas dövlət sükanını əllərində saxlamaqda davam edirlər. İkincisi, sanksiyalar götürüləndən, ölkə Qərblə əməkdaşlıq etməyə başlayandan sonra insanlarda belə bir sual yarana bilər: “Bəlkə ciddi siyasi islahatların da vaxtı yetişib?”.
Əminik, İran mühafizəkarlarını ən çox qorxudan sual budur. Artıq on illərdir ki, dünya ölkələri İranda islahatların başlayacağını gözləyirlər. Prezidentlər və hökumətlər dəyişir, az qala hamısı islahat vədilə və islahatçı adı ilə hakimiyyətə gəlir, di gəl ki, real olaraq heç nə baş vermir...
İndi də sanksiyaların götürülməsindən daha çox İran rejimi qazandı. Onlara elə gəlir ki, rejimi beynəlxalq miqyasda legitimləşdirə bildilər. Məhz belə bir təsəvvür yaranmasın deyə, ABŞ rejimlə bağlı son sözünü hələ saxlayır. Bu da İrandakı mühafizəkarları özündən çıxarır.
Rejim hələ də Qərbə qarşı ideoloji opponentliyini davam etdirir. Ona görə də ölkə üçün həqiqi islahatların nə vaxt start götürəcəyi dumanlı olaraq qalır.
Güman edirik ki, nə qədər ki, İrandakı seçki sistemi qalacaq, nə qədər ki, ölkə prezidentləri ruhani elitası tərəfindən və hətta onların sırasından seçiləcək heç  bir azadlıq dalğası olmayacaq...
Elə bu səbəbdən də nüvə ilə bağlı razılaşma əldə olunsa da İran - Qərb qarşıdurmasının hələ də qaldığını demək mümkündür. Dünya dəyişir. Budur, ABŞ prezidenti də Kubaya səfər edir. Arxaik siyasi modellər tarixin arxivinə göndərilir. Nə vaxtsa İranla bağlı da belə olacağını təxmin etmək mümkündür. Amma nə vaxt? Təəssüf ki, bu sualın cavabını heç kim bilmir və hətta ölkənin içində olan insanlar onun üstündən sükutla keçirlər.
Bəs belə bir vəziyyət Azərbaycana nə vəd edir? İqtisadi layihələrin yolu açılıb və bu gün İranla müştərək iş görmək elə də problem deyil.
Təsadüfi deyil ki, rəsmi Bakı dərhal bu imkandan yararlanmağa çalışdı və düz də etdi. Amma bu, son deyil...
İran hələ də dini və ideoloji dövlət olaraq qalır. Hələ uzun müddət o, özünün dostlarını və düşmənlərini Azərbaycana da sırımağa cəhd edəcək. O səbəbdən də əlaqələrdəki gərginlik tamam götürülməyəcək.
Bəs İranla daha nə etmək olardı? Azərbaycan axıra qədər Qərbin İrana yönəlik təcridçilik siyasətini dəstəkləmədi. İndi İranın əvəz qaytarmaq vaxtıdır. Təəssüf ki, Azərbaycan rəsmiləri İranın müstəqil dövlət kimi öz partnyorlarını seçmək hüququ olduğunu deyirlər. Tamamilə düzdür. Amma hesab edirik ki, İran hansısa formada Ermənistanla münasibətlərinə yenidən baxmalıdır. Bu nəyəsə təhrik etmək demək deyil. Sadəcə, İran bölgənin güclü dövlətlərindən biridir. Bölgədəki siyasi arxitektura da onun üçün tamamilə əhəmiyyətsiz deyil. Düzdür, İranın mövqeyi bir neçə dəfə siyasi sənədlərdə və ya bəyanatlarda əks olunub, bu ölkə də Ermənistanı təcavüzkar dövlət kimi tanıyıb. Amma bundan o tərəfə addım atmağa, Ermənistanın siyasətinə təsir etməyə çalışmayıb.
Bunu isə düzgün saymaq çətindir. Əvvəllər deyirdilər ki, sanksiyalar bizə partnyorları sərbəst şəkildə seçməyə mane olur. Amma indi onların əsas hissəsi götürülüb və İran xeyli ölkədən sərfəli təkliflər alıb. Bəs onda İrana nə mane olur? Niyə görə o, Türkiyə kimi Qarabağ problemində daha dəqiq mövqe tutmur? Üstəlik, niyə Bakı rəsmiləri Türkiyədən umduqlarını İrandan ummurlar?
Bunu bir–iki cümlə ilə də çözmək olardı, amma əsl səbəbi biz deməsək də, hamı bilir və səbəb odur ki, rəsmilərimiz Azərbaycanın dostlarından daha çox öz dostlarını axtarmaqla məşğuldurlar... (musavat.com)
Yazar : Hüseynbala Səlimov